A

AZƏRTAC 

Tam olmayan iki il milli iqtisadiyyatın formalaşdırılması, köklü iqtisadi islahatlar aparılması üçün yetərli olmayan bir müddətdir. Bununla belə, Azərbaycan Xalq Cümhuriyyəti çox qısa müddətdə bu istiqamətdə mühüm addımlar ata bildi. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) beynəlxalq iqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadənin AZƏRTAC-a təqdim etdiyi məqalədə Cümhuriyyət dövründə yürüdülən iqtisadi siyasətdən və onun nəticələrindən bəhs olunur.

Tarixə nəzər salsaq görərik ki, Qafqaz Azərbaycanı XIX əsrin 30-cu illərindən etibarən tam şəkildə çar Rusiyasının müstəmləkəsinə çevrilmişdi və Azərbaycan Xalq Cümhuriyyəti qurulana qədər olan təxminən yüz illik dövr ərzində məmləkətimizdə müstəmləkə iqtisadiyyatı hökm sürürdü. Resursları və təbii sərvətləri istismar edilən Azərbaycan imperiyanın başlıca xammal təchizatçılarından biri kimi çıxış edən müstəmləkə ölkəsi idi. Azərbaycan Xalq Cümhuriyyətinə məhz belə bir iqtisadiyyat miras qalmışdı. Şübhəsiz ki, müstəqil gənc cümhuriyyətin iqtisadi siyasətinin başlıca hədəfi bu mirasın üzərində milli iqtisadiyyatı formalaşdırmaq olmalı idi və o dövrdə Cümhuriyyətin ideoloqları da, onu idarə edənlər də məhz bu yolu seçmişdilər.

Azərbaycan Xalq Cümhuriyyəti çox ağır hərbi-siyasi və qeyri-müəyyən beynəlxalq münasibətlər şəraitində 23 aylıq qısa zaman kəsiyinə milli iqtisadiyyatın formalaşdırılması istiqamətində çox böyük işlər görə bildi. “Fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlaldadır” fəlsəfəsinə əsaslanan Cümhuriyyətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri, ilk növbədə, ölkədə kapitalist münasibətlər sisteminin inkişaf etdirilməsi oldu. Bunun üçün o dövrdə regionumuzda geniş yayılmış bolşevik ideyalarının əksinə olaraq, mülkiyyətin çoxnövlülüyü qanunla təsbit edildi və müstəqil Azərbaycan iqtisadiyyatında iqtisadi subyektlərin başlıca stimul mənbəyi olacaq xüsusi mülkiyyətin üzərində dayanıldı. Bundan başqa, daşnak Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Soveti tərəfindən neft sənayesinin və ticarət donanmasının milliləşdirilməsi ilə bağlı verilən qərarlar ləğv edildi, neft mədənləri, zavodlar, ticarət gəmiləri və onların idarəçiliyi əvvəlki sahiblərinə qaytarıldı. Milliləşdirilən şirkətlərdən biri də məşhur “Nobel qardaşları” şirkəti idi və o da sahibinə geri verildi.

O dövrün iqtisadi siyasətinin digər bir istiqaməti maliyyə sisteminin yenidən qurulması və yeni əsaslarla tənzimlənməsi idi. Qısa müddət ərzində Azərbaycan Dövlət Bankı adlanan Mərkəzi Bank quruldu və bu bankın sədrliyinə Azərbaycanın ilk iqtisadçılarından olan Məhəmmədhəsən bəy Baharlı gətirildi. Mərkəzi Bank pul kütləsinin və bank fəaliyyətinin tənzimlənməsinə və inflyasiyanın nəzarət altına alınması işinə başladı. Bu arada Azərbaycan “Bakı bondları” adlanan milli valyuta dövriyyəyə buraxıldı. Dövlət büdcəsinin dayanıqlılığını təmin etmək məqsədilə birbaşa və dolayı vergilər, eləcə də gömrük rüsumları tətbiq edildi. Maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addım isə Bakı bələdiyyə idarəsinin istiqrazlar buraxmağa başlaması oldu. Bütövlükdə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti fəaliyyət göstərdiyi müddət ərzində maliyyə, vergi, bank sahələrini əhatə edən 82-dən çox qanun layihəsi hazırladı və onların böyük əksəriyyətini qəbul etdi.

Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə acınacaqlı vəziyyətə düşmüş neft sənayesini və nəqliyyat sistemini də yenidən canlandırdı. İlk növbədə, dağıdılmış Bakı-Batumi neft kəməri bərpa edildi, Bakı-Culfa dəmir yolu inşa olundu, Kür çayı üzərindən körpü salındı və Xəzər Dəniz Gəmiçiliyinin işi yenidən qurulmağa başlandı. Bütün bunlar Azərbaycanın xarici iqtisadi əlaqələrinin bərpası və inkişaf etdirilməsi baxımından fövqəladə əhəmiyyət daşıyırdı.

Yüz il əvvəl məmləkətimizin ən böyük sıxıntılarından biri təhsilli insanların azlığı idi. Demək olar ki, ölkə həyatının bütün sahələri üzrə ali təhsilli insanların sayı barmaqla sayılacaq qədər idi. Azərbaycan Xalq Cümhuriyyəti bu problemi aradan qaldırmaq məqsədilə ilk növbədə bir çox ibtidai məktəblər açdı, Azərbaycanın ilk universiteti sayılan Bakı Universitetini təsis etdi, bundan sonra isə Kənd Təsərrüfatı İnstitutunu təsis etmək üçün fəaliyyətə başladı. Bu istiqamətdə görülən mühüm işlərdən biri də heç şübhəsiz ki, 100 Azərbaycan övladının parlamentin qərarı ilə dünyanın qabaqcıl universitetlərində dövlət hesabına təhsil almağa göndərilməsi oldu. Bu gənclərdən 49-u Almaniyaya, 27-si Fransaya, 4-ü İtaliyaya, 1-i İngiltərəyə və 6-sı Türkiyəyə göndərildi. 13 gənc isə Rusiyada davam edən vətəndaş müharibəsi səbəbindən həmin ölkəyə gedə bilmədi. Xaricə təhsil almağa göndərilən bu gənclərin əsas hissəsi məhz iqtisad, maliyyə və ticarət ixtisaslarına yiyələnməli idi.

Cümhuriyyət hökuməti ölkə iqtisadiyyatının inkişafı baxımından xarici investisiyaların əhəmiyyətini dərk edir və əcnəbi sahibkarlar üçün əlverişli şərait yaratmağa çalışırdı. Bu yanaşmanın bariz nümunəsi kimi, Böyükşor gölünün bir hissəsinin “Nobel qardaşları” şirkətinə icarəyə verilməsi haqqında müddəti başa çatmış müqavilənin vaxtının uzadılması haqqında qərarı göstərmək olar. Belə ki, müqavilə bəzi dəyişikliklərlə yenidən bağlandı və şirkətin öz fəaliyyətini davam etdirməsinə şərait yaradıldı.

Xarici investisiyalarla yanaşı, xarici ticarət də Azərbaycan Xalq Cümhuriyyətinin diqqət mərkəzində olan sahə idi. Bu istiqamətdə milli iqtisadiyyatın tələblərinə uyğun olaraq, ixracın stimullaşdırılması, idxalın isə milli iqtisadi mənafelərə uyğun şəkildə məhdudlaşdırılması istiqamətində qanunlar qəbul edildi. İxracı qadağan olunan bir sıra məhsulların ixracına sərbəstlik verildi, ölkə üçün zəruri olan 200-dən çox məhsulun idxalı gömrük rüsumlarından azad edildi və gömrük qaçaqmalçılığı ilə ciddi mübarizəyə başlanıldı. Bununla yanaşı, xarici ticarəti maliyyələşdirmək məqsədilə qısa müddət ərzində 20 milyon manatlıq fond yaradıldı və bu fonddan xarici ticarət əməliyyatlarının kreditləşdirilməsində istifadə edilməyə başlandı.

Azərbaycan Xalq Cümhuriyyəti xarici iqtisadi siyasətində bütövlükdə əvvəllər qurulmuş iqtisadi əlaqələrin qorunub saxlanılmasına və yeni ölkələrlə səmərəli əlaqələrin yaradılmasına çalışırdı. Bunun üçün ilk növbədə diqqət Azərbaycanın inkişaf etmiş dünyaya tranzit çıxışını təmin edən Gürcüstanla iqtisadi əlaqələrin bərpasına yönəldildi. Belə ki, Gürcüstanla birillik müddətinə ticarət və nəqliyyat üzrə müqavilə imzalandı və bu müqaviləyə əsasən iki ölkə arasında xarici ticarət kifayət qədər liberallaşdırıldı və Bakı neftinin Batumi üzərindən dünyaya ixracı təmin edildi. O dövrdə Azərbaycan Gürcüstana da neft ixrac etməyə başladı. Neftin bir hissəsi tranzit istifadəyə görə Gürcüstana pulsuz verilir, bir hissəsinin əvəzinə isə ağac kömürü, lobya, kələm, şəkər, avtomobil şini kimi məhsullar alınırdı. Gürcüstan yolunun açılması Azərbaycanın digər ölkələrlə də ticarət əlaqələri üçün imkanlar yaratdı. Belə ki, o dövrdə Azərbaycan əsasən Gürcüstan yolu ilə Ukraynadan taxıl idxal edir, Türkiyə və digər Qərb ölkələrinə isə neft və neft məhsulları göndərirdi. Məsələn, İtaliyaya ixrac edilən ağ neft və mazutun əvəzinə bu ölkədən sənaye malları, eləcə də ayaqqabı idxal olunurdu. Habelə ABŞ, Fransa, İngiltərə, Almaniya kimi ölkələrlə də neft ixracı, əvəzində isə sənaye məhsullarının idxalı üzrə müvafiq razılaşmalar əldə edilmişdi.

Təbii ki, xarici iqtisadi əlaqələrdə Azərbaycan Xalq Cümhuriyyəti üstünlüyü qonşu ölkələrə verirdi. Qısa müddət ərzində İran, Dağıstan və Orta Asya ölkələri ilə iqtisadi əlaqələr qurulmuşdu. Hətta özünün ağır maliyyə vəziyyətinə baxmayaraq, o dövrdə Dağıstana 50 milyon manat məbləğində yardım əlini də uzatmışdı və bu məbləğ Cümhuriyyətin dövlət büdcəsinin təxminən 12 faizindən çoxunu təşkil edirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi platforması bütövlükdə sosialyönümlü platforma idi. Əhalinin rifah halının, əmək şəraitinin yaxşılaşdırılmasına xüsusi önəm verilirdi. Qısa müddət ərzində dövlət bölməsində çalışanların əməkhaqları artırıldı, ailəli vətəndaşlara ayda 360 manat, digərlərinə isə 120 manat məbləğində əlavə pul vəsaitinin verilməsi haqqında qərar qəbul edildi, əmək şəraitinin və iş saatlarının tənzimlənməsi ilə bağlı qaydalar tətbiq olunmağa başlandı.

Bu gün olduğu kimi, o dövrdə də məmləkətimiz qaçqın və məcburi köçkün problemi ilə üzləşmişdi. Təkcə İrəvan quberniyasından 150 min soydaşımız Azərbaycana pənah gətirmişdi və Cümhuriyyət bu insanların da sosial-iqtisadi problemlərini həll etməklə məşğul olur, digər tərəfdən, Gürcüstan, Ermənistan və digər ölkələrdə yaşayan soydaşlarımıza müvafiq yardımlar göstərirdi.

Kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə mikrokreditlərin verilməsinə başlanıldı, torpaq islahatı haqqında qanun işlənib hazırlandı. Qısa müddətdə hazırlanan bu qanun torpaqsız və aztorpaqlı kəndliləri yetərincə torpaqla təmin etmək məqsədi daşıyırdı. Qanunun hazırlanmasında “torpağın onu becərənə verilməsi” prinsipi əsas götürülmüşdü.

Sahibkarlığın, xüsusən milli sahibkarlığın inkişafı daim diqqət mərkəzində idi. Sahibkarların parlamentin və hökumətin işində aktiv iştirak etməsinə şərait yaradılırdı. Böyük ədibimiz Yusif Vəzir Çəmənzəminli özünün “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” əsərində o dövrdə milli sahibkarlığın inkişafı haqqında belə yazırdı: “Bu təşəbbüskar və zəkalı millət milli istiqlalı sayəsində əcnəbi sərmayədarlar ilə rəqabət edəcək səviyyədə bir qüvvəyə çevrildi: bir çox milli fabriklər açıldı, şirkətlər meydana gəldi”.

Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının milli hakimiyyəti idi, iqtisadi siyasəti də milli iqtisadiyyatın formalaşdırılmasına yönəlmişdi. Onu da unutmamalıyıq ki, bu hakimiyyətin xüsusilə də iqtisadi sahədə atdığı addımları biz 70 il sonra yenidən davam etdirməyə başladıq...

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay