UNEC-in Qiyabi və Əlavə Təhsil Mərkəzinin (QƏTM) tələbəsi olmuş, Vətən müharibəsinin şəhidi Əsədli Əsədin anadan olmasının 30 illiyi münasibətilə anım tədbiri keçirilib.
Xatirə gecəsində şəhidin ailə üzvləri, UNEC QƏTM-nin tələbələri, Nizami Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digər qonaqlar iştirak ediblər.
Tədbir şəhid Əsədin həyat yolu, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və əzmkarlıqla bağlı duyğulu fikirlər və xatirələrlə davam edib. Onun vətənə olan sonsuz sevgisi, fədakarlığı və mübariz ruhu tədbir iştirakçıları tərəfindən böyük ehtiramla yad olunub.
Xatirə gecəsində UNEC Yaradıcılıq Mərkəzinin tələbələri tərəfindən ifa olunan vətənpərvərlik mahnıları və şeirlər tədbirə xüsusi mənəvi zənginlik qatıb. Eyni zamanda, şəhidin həyatına və Vətən müharibəsindəki şücaətinə həsr olunmuş xüsusi videoçarx nümayiş etdirilib.
Çıxış edən şəhidin atası Mahir müəllim, anası Səidə xanım, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül xanım və digər qonaqlar Əsədli Əsədin və bütün şəhidlərimizin müqəddəs xatirəsinin daim uca tutulmasının vacibliyini vurğulayıblar. Onlar bu kimi maarifləndirici və vətənpərvərlik ruhunu gücləndirən tədbirlərin gənc nəsil üçün əhəmiyyətindən söz açaraq, UNEC-in bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndiriblər.