A

UNEC-in rektoru professor Ədalət Muradov fəaliyyət müddəti bitmiş tələbə rektor və tələbə təşkilatlarının sədrləri ilə görüşüb.

Görüş zamanı rektor Ədalət Muradov tələbələrin universitet idarəetməsindəki önəmli roluna toxunaraq, UNEC-də tələbə təşkilatlarının fəaliyyətinin genişləndirilməsinin, eləcə də təşkilatların sayının artırılmasının əsas prioritetlərdən biri olduğunu bildirib. O, tələbə təşkilatlarının gənclərdə idarəetmə, komanda işi, təşkilatlanma və liderlik kimi bacarıqların formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

“Tələbə təşkilatlarının əsas missiyalarından biri də universitetdə həyata keçirilən islahatların tələbə cəmiyyətinə ötürülməsi funksiyasını yerinə yetirməkdir. Bu, tələbələrin aparılan dəyişikliklər barədə məlumatlı olmasına, eyni zamanda onların bu dəyişikliklərə verdiyi reaksiyanın, ümumilikdə isə təhsilin vəziyyəti ilə bağlı fikirlərinin düzgün şəkildə universitet rəhbərliyinə çatdırılmasına şərait yaradır”-deyə rektor qeyd edib.

Professor Ədalət Muradov görüşdə UNEC-in tələbə rektoru Nihad İsgəndərovun fəaliyyətinə xüsusi toxunaraq onun fəallığı ilə seçildiyini, tələbə rektor kimi adını UNEC tarixinə uğurlu gənclərdən biri kimi yazdığını deyib.

Rektor həmçinin İnnovativ Gənclər Təşkilatının fəaliyyətindən söz açaraq təşkilatın sədri Samir İsmayılzadənin rəhbərliyi ilə həyata keçirilən innovativ və maraqlı layihələri yüksək qiymətləndirib. O, bu təşkilatın gənclər arasında innovativ düşüncə tərzinin təşviqində xüsusi rol oynadığını vurğulayıb.

UNEC Könüllüləri Təşkilatını universitetin ən böyük layihələrindən adlandıran rektor, təşkilatın üzvlərinin yalnız universitet daxilində deyil, eləcə də ölkədə keçirilən tədbirlərdə daim fəallığı ilə seçildiklərini deyib. O, ölkədə keçirilən beynəlxalq miqyaslı tədbirlərdə ən çox könüllünün də məhz UNEC-dən olduğunu qeyd edib.

Rektor "İqtisadçı Vətənpərvərlər Təşkilatı"nın fəaliyyətinə də toxunub. Bu təşkilatın fəaliyyəti dövründə vətənpərvərlik ruhunda layihələr reallaşdırdığını, hərbi hissələrdə əsgərlərlə görüşlər keçirdiyini bildirib, həmin layihələrin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Tələbələrin elmi fəaliyyətə cəlb olunmasının önəmindən söz açan prof. Ədalət Muradov UNEC Tələbə Elmi Cəmiyyətinin təsisçiliyi ilə ilk dəfə olaraq, tələbə elmi jurnalını təsis etdiyini bildirib, Rektor bu təşəbbüsün gənclərin elmi potensialının inkişafı üçün əhəmiyyətli platforma olacağından əminliyini ifadə edib.

Sonda UNEC-in ictimai-sosial həyatında fəallığı ilə seçilən tələbə təşkilatları mükafatlandırılıblar.

Tələbə rektor, "Tələbə Elmi Cəmiyyəti", "İnnovativ Gənclər Təşkilatı" Fəxri fərmanla, "Rəqəmsal Könüllülər Təşkilatı", "İqtisadçı Vətənpərvərlər Təşkilatı", "UNEC Könüllüləri Təşkilatı”, "UNEC Future Club", "Cross Cultural Club" “Təşəkkürnamə”lə  təltif olunublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay