A

"Xalq qəzeti"

“Azad cəmiyyət, hüquqi dövlət, qanunun aliliyi, güclü iqtisadiyyat, güclü ordu, çevik xarici siyasət və Azərbaycanın maraqlarının tam şəkildə qorunması və möhkəmlənməsi – bu, bizim qarşımızda duran əsas qlobal istiqamətdir.”
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidentı

Məlumdur ki, ölkə iqtisadiyyatının inkişafı onun struktur elementlərinin fəaliyyətindən, onların əldə etdiyi nəticələrdən asılı olur. Maliyyə, büdcə, vergi, bank, sığorta, gömrük və digər fiskal və qeyri-fiskal sistemlərin qarşılıqlı vəhdəti və onların üzvi şəkildə fəaliyyət göstərərək bir-biri ilə çulğalaşması ölkə iqtisdadiyyatının inkişafını şərtləndirir. Ümumiyyətlə, nəzəri və praktiki müstəvidə Azərbaycan iqtisadiyyatının modernləşməsi 3 bazis elementini birləşdirməlidir: a) siyasət, b) institutlar, c) real iqtisadi sektor.

Ölkə rəhbərliyinin, şəxsən dövlət başçısının iqtisadiyyatın inkişaf etdirilməsinin perspektivlərinə dair siyasi iradəsi birmənalıdır: dünya iqtisadiyyatına səmərəli inteqrasiya olunmuş, şaxələndirilmiş, sosial-rifaha köklənmiş iqtisadiyyat formalaşdırılması. Bu siyasi iradə bir sıra dövlət sənədlərində, Strateji Yol Xəritələrində öz real təsdiqini tapmışdır. Belə siyasətin reallaşdırılması müvafiq institusional əsaslar olmadan mümkün olmazdı. Bu baxımdan maliyyə tənzimlənməsinin vergi, bank, sığorta, büdcə institutları müvəffəqiyyətlə fəaliyyət göstərməlidir. Nəhayət, real iqtisadi sektorun şaxələndirilməsi, investisiyalaşdırılması, dövlət sifarişləri, təminatları və subsidiyaları dayanıqlı iqtisadi inkişafa aparan prioritetlər olmalıdır.

Eyni zamanda, tam qətiyyətlə demək olar ki, optimal modernləşmiş iqtisadiyyatın qurulması üçün ölkəmizdə son 15 il ərzində möhkəm təməl, fundamental prinsiplərə köklənmiş bazis elementləri də yaradılmışdır. Klassik alman fəlsəfəsində deyildiyi kimi, “hər bir hadisədə keçmişin qalığı, bu günün əsası, gələcəyin rüşeymi vardır” aforizmindən çıxış etmiş olsaq, müasir Azərbaycan iqtisadiyyatı son 10-15 ildə həyata keçirilmiş tədbirlərin, fədakar zəhmətin nəticəsi kimi qiymətləndirilməli və 2025-ci ilədək modernləşmiş iqtisadiyyatın fundamental əsası kimi qeyd olunmalıdır.

Azərbaycan iqtisadiyyatını, onun maliyyə zirvəsindən təhlil edən bir şəxs kimi tam məsuliyyətimlə vurğulaya bilərəm ki, qısa bir zamanda, bu cür mürəkkəb geosiyasi qlobal məkan daxilində, bəlli ərazi, təbii və insan resursları civarında yüksək iqtisadi göstəricilər əldə edilməsi ancaq polad kimi möhkəm siyasi, iqtisadi, hüquqi və təşkilatı iradə sayəsində mümkün ola bilərdi.

İnnovativ, şaxələndirilmiş, səmərəli, dayanıqlı inkişaf modelinə köklənmiş ölkə iqtisadiyyatında maliyyə mexanizmindən düzgün istifadə edilməsi çox mühüm əhəmiyyət kəsb etməkdədir. Real iqtisadi sektorla maliyyə sektoru arasında üzvi optimallığa nail olunması, onların səmərəli qarşılıqlı əlaqəsinin təmin edilməsi zəruri məsələdir.

Neft hasilatının sürətlə artırılması hesabına lazım olan maliyyə resurslarının əldə edilməsi və ondan istifadə etməklə iqtisadiyyatın digər sferalarının, bütövlükdə, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi bu prosesin əsas motivasiyası olmuşdur.

Nəticədə, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi üçün daxili mənbələrin getdikcə artırılması imkanı reallığa çevrilmişdir. Əgər 2011-ci ildə bütün mənbələr üzrə investisiya qoyuluşlarının cəmi 17 milyard 048,8 milyon manat olmuşdursa, onun 10 milyard 199 milyon manatı daxili mənbələr hesabına həyata keçirilmişdir. Sonrakı illərdə daxili mənbələrin məbləği və ümumi investisiyaların tərkibində payı sürətlə artmış, 2013-cü ildə 13178,9 milyon manata çatmışdır. 2015-ci ildə bütün mənbələr üzrə investisiyalar 20057,4 milyon manat, 2016-cı ildə isə 22868,5 milyon manatadək yüksəlmişdir.

Nəhayət, 2018-ci ilin yanvar-iyul ayları üzrə əsas kapitala yönəldilmiş vəsaitlər 7457,3 milyon manat olmuşdur ki, bunun da 4130,9 milyon manatı qeyri-neft sektorunun payına düşmüşdür, bu isə 2017-ci ilin müvafiq dövrünə nisbətən 119 faiz təşkil edir.

Daxili investisiya mənbələri içərisində dövlət investisiyaları xüsusi yer tutmuş və dövlət tərəfindən iqtisadiyyata bilavasitə investesiyaların qoyulması ümumi iqtisadi artımı stimullaşdırmışdır. Belə ki, dövlət infrastrukturun inkişaf etdirilməsinə, ayrı-ayrı sahələrə investisiya yatırmaqla qeyri-neft sektorunun və regionların iqtisadiyyatının inkişafına təkan vermişdir. Təkcə bu faktı demək kifayətdir ki, 2018-ci ilin ilk 7 ayında yaradılmış 43,5 milyard manatlıq ümumi daxili məhsulun 24,3 milyard manatı və ya 55,9 faizi qeyri-neft sektorunun payına düşmüşdür.

Görülən tədbirlər qeyri-neft sektorunda da artım meylinin möhkəmlənməsinə səbəb olmuşdur. Bu ilin 7 ayında bu sektorda ötən ilin müvafiq dövründəkindən 0,3 milyard manat çox ümumi daxili məhsul yaradılmışdır.

Qeyri-neft sektorunun inkişafı nəticəsində bu sektordan dövlət büdcəsinə daxilolmaların həcmi ildən-ilə artmışdır. Belə ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində ölkəmizin dövlət büdcəsinin gəlirləri 12078,1 milyon manat təşkil etmişdir ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 28,4 faiz, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə isə 134,3 faiz artım deməkdir. Dövlət büdcəsinin xərclərinin 360 dərəcəli diaqnostikası isə göstərir ki, 2018-ci ilin ilk 7 ayı ərzində dövlət büdcəsinin xərcləri 11649,3 milyon manat təşkil etmişdir ki, bu da 2016-cı və 2017-ci illərin müvafiq dövrünün göstəricilərindən uyğun olaraq – 19,2 faiz və 19,3 faiz çox olmuşdur.

Maliyyə sisteminin yenidənbölgü mexanizmi vasitəsilə resursların real sektora transformasiyası prosesı sürətlənmiş və onun büdcə, bank, sığorta sistemi və fond bazarı seqmentləri vasitəsilə multiplikativ effekti daha güclü hiss edilmişdir. Nəticə etibarilə, ölkəmizdə kredit qoyuluşlarını 2018-ci ilin 01 iyul vəziyyətinə məbləgi 12105,6 milyon manat təşkil etmişdir. Həmin dövrdə əhalinin banklardakı əmanətləri isə 8109,3 milyon manata çatmış və 2017-ci ilin müvafiq dövrünə nisbətən 117,4 faiz təşkil etmişdir.

Azərbaycan iqtisadiyyatında maliyyə resurslarının yeni dəyər yaratma prosesinin sürətləndirilməsi nəticəsində ÜDM-nin faktiki həcmi artmış, bu isə öz praktiki təcəssümünü ilk növbədə sənaye və kənd təsərrüfatı məhsullarının həcminin artım dinamikasında ifadə etmişdir. Belə ki, 2018-ci ilin yanvar-iyul ayları ərzində ölkəmizdə sənaye məhsulu istehsalı 27506,2 milyon manat, kənd təsərrüfatı məhsulu istehsalı isə 4100,2 milyon manat təşkil etmişdir. Bu göstəricilər 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə uyğun olaraq 100,7 faiz və 106,5 faiz təşkil etmişdir.

Təhlilin tam və əhatəli olması üçün göstərək ki, bu dövr ərzində iqtisadiyyatın digər bölmələrində də, əsasən, irəliləyişə nail olunmuşdur. Belə ki, nəqliyyat sektorunda yük daşıması 127,6 milyon ton, sərnişin daşıması 1100,8 milyon sərnişin, informasiya və rabitə xidmətləri 1023,6 milyon manat, pərakəndə ticarət dövriyyəsi 20082,3 milyon manat, əhaliyə göstərilən ödənişli xidmətlər 4665,6 milyon manat, əhalinin nominal gəlirləri 30331 milyon manat, orta aylıq nominal əməkhaqqı isə 541,1 manat təşkil etmişdir.

Beləliklə, yuxarıda təsvir etdiyimiz iqtisadi dinamizmə nail olunması, hər şeydən öncə düşünülmüş, konkret səmərəyə köklənmiş maliyyə tənzimlənməsi nəticəsində əldə edilmişdir. Dayanıqlı, sabit dinamizmə vektorial olaraq köklənmiş bu cür maliyyə siyasətinin nəticəsi son 3-4 il ərzində formalaşmış makroiqtisadi strukturlaşmada daha qabarıq və aydın şəkildə görünür. 2015-2018-cı illər ərzində ölkə üzrə ÜDM-nin strukturu dediklərimizə əyani sübutdur.

2015-2018-ci illərin ilk 10 ayı üzrə ÜDM-nin strukturu (milyon manatla)

Göstəricilər

2015

2016

2017

2018

ÜDM

44931,4

48512,5

56481,5

43478,6

o cümlədən:

Neft sektoru

 

13965,2

 

16881,5

 

21090,6

 

24326,0

Qeyri-neft sektoru

30966,2

31631,0

35390,9

19152,6

* 2018-ci ilin yanvar-iyul ayları ərzində 

– Strateji Yol Xəritəsindəki parametrlərə 2025-ci ilədək nail olunması ölkə iqtisadiyyatının şaxələndirilməsi, innovativ əsaslı səmərəli iqtisadiyyat modelinin qurulması ilə yekunlaşacaqdır.

Ölkədə dinamik iqtisadi artımın təmin edilməsi yeni tipli büdcə-vergi siyasətinin həyata keçirilməsinə, büdcə sisteminin təkmilləşdirilməsinə də tələb yaradır. Büdcə sisteminin optimallaşdırılmasının əsas məqsədini dövlət siyasətində bazar iqtisadiyyatının həyata keçirilməsinə fəal təsir göstərmək imkanının əldə edilməsi və inflyasiya səviyyəsinin yüksəlməsinin qarşısının alınması təşkil edir. Sirr deyil ki, istənilən dövlətin iqtisadi inkişaf artım templərinin dayanıqlılığını, eləcə də həyata keçirilən islahatların yüksək səmərəliliyini şərtləndirən iqtisadi siyastətin əsas faktorlarından biri düzgün büdcə-vergi siyasətinin müəyyənləşdirilməsidir.

Son dövrlərdə respublikamızda həyata keçirilən islahatlar iqtisadiyyatın büdcə sektorunun yenidən qurulması, büdcə sisteminin bütün səviyyələrində maliyyə resurslarının formalaşdırılması və xərclənməsi metodlarının pirnsipial şəkildə dəyişdirilməsinə imkan yaratmışdır. Belə ki, inzibati-ərazi qurumlarının maliyyə müstəqilliyinin inkişafı bir tərəfdən büdcə mərkəzləşdirilməsinin kafi səviyyəsinin saxlanılmasına, digər tərəfdən ərazi inkişafının büdcə tənzimlənməsi sahəsində qarşıya çıxan yeni vəzifələrin yerinə yetirilməsinə xidmət göstərmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasət ötən müddətdə hədəflənən nəticələrə nail olunduğunu göstərir.

Regional inkişaf proqramları çərçivəsində həyata keçirilən siyasətin məntiqi davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına və əhalinin həyat səviyyəsiinn daha da yaxşılaşdırılmasına nail olunub. Dövlət proqramlarında müəyyənləşdirilmiş məqsədlərə nail olmaq üçün ölkənin təbii və əmək potensialından səmərəli istifadə, infrastruktur təminatının yaxşılaşdırılması istqamətində tədbirlər davam etdirilmişdir. Sahibkarlıq mühiti yaxşılaşdırılmış, iqtisadiyyatın inkişafına investisiyalar təşviq edilmiş, ixracyönümlü məhsul istehsalı stimullaşdırılmışdır. Müasir tipli infrastruktur obyektlərinin yaradılması, yolların bərpası və digər tədbirlər qeyri-neft sektorunun dinamik artımına zəmin yaratmışdır.

Ümumiyyətlə, iqtisadiyyatın dinamik tərəqqisinin təmin edilməsində mərkəzləşdirilmiş maliyyənin müstəsna xidmətləri xüsusi olaraq vurğulanmalıdır. Bu baxımdan ölkəmizdə dövlət büdcə resurslarının formalaşma mexanizmi və onun səmərəli təşkili də aktiv rol oynamışdır. 

Azərbaycan Respublikasında 2010-2018-ci illərdə dövlət büdcə gəlirlərinin dinamikası

İllər

2010

2011

2012

2013

2014

2015

2016

2017

2018

cəmi resurslar mln.manat

 

11403,0

 

15700,7

 

17281,5

 

19496,3

 

18400,6

 

17498,0

 

17505,7

 

16516,7

 

20,127

Bununla yanaşı, səmərəli vergi sisteminin təşviq edilməsi, kiçik və orta sahibkarlıq sahəsində stimullaşdırıcı vergi islahatlarının davam etdirilməsi, azad rəqabət mühitinin inkişaf etdirilməsi, istehsalın və investisiyanın təşviq edilməsi istqamətində işlərin davam etdirilməsi, daxili bazarın qorunmasını təmin edən çevik gömrük-vergi siyasətinin təkmilləşdirilməsi, gömrük tarifləri sisteminin daha azpilləli sistemə keçidinin təmin edilməsinin növbəti illərdə də davam etdirilməsi əsas vəzifələrdəndir. 

Məlumdur ki, son illərdə neft gəlirlərindən asılılığın minimuma endirilməsi üçün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində sistemli tədbirlər reallaşdıran Azərbaycan son 15 ildə qeyri-neft sektorunun inkişaf etdirilməsi və biznes mühitinin liberallaşdırılması istiqamətində müsbət irəliləyişlərə nail olub. Rəqabətqabiliyyətli istehsal və emal müəssisələrinin fəaliyyət göstərməsinə əlverişli şərait yaradılması vasitəsilə yerli sitehsalın stimullaşdırılması, həmçinin sənaye potensialının gücləndirilməsi tədbirləri inkişafın istiqamətini qeyri-neft sektorunun xeyrinə dəyişmişdir. Nəticədə isə qeyri-neft sektorunun artım dinamikası neft-qaz sənayesini əhəmiyyətli dərəcədə üstələyib.

2018-ci ildə neft hasilatının azalmasına baxmayaraq, ölkədə ümumi iqtisadi artım nəzərdə tutulur. Ölkəmiz dünyada ən az borcu olan 10 ölkədən biridir, bunula əlaqədar respublikamızda çox ciddi borclanma strategiyası həyata keçirilir. Artıq neçə illərdir ki, aparılan bu islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

“Doing Business 2018” hesabatına nəzər yetirsək görərik ki, Azərbaycan keçən illə müqayisədə 8 pillə irəliləyib. Yəni, ölkəmiz Avropa və Mərkəzi Asiya regionunda 4 və daha çox islahat aparan 3 ölkədən biri olub.

Respublikamızda tətbiq edilən, xüsusilə elmi əsaslara söykənən davamlı və sabit inkişaf strategiyası insan və şəxsiyyət amilinin yüksəlişinə xidmət edən islahatları keyfiyyətcə yeni mərhələyə qaldırmışdır. Bazar iqtisadiyyatı prinsiplərinin formalaşması və iqtisadi münasibətlərin mövcud inkişaf tendensiyası vətəndaşların sosial müdafiə və əmək hüquqlarının təminatı sisteminin müasirləşdirilməsinə də əsaslı zəmin formalaşdırmışdır. Respublikamızda həyata keçirilən sosialyönümlü siyasət son nəticə etibarilə insan amilinə yönələn liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Qeyd olunan bu siyasət elmi təmələ əsaslandığından, bazar iqtisadiyyatı prinsiplərinin özünə cəmiyyətdə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşlarımızın maraqları ilə qətiyyən ziddiyyətə girmir. Əksinə, ölkənin iqtisadi inkişafı nəticəsində, neft strategiyasının effektli nəticələrindən əldə edilən dividendlər vətəndaşların sosial problemlərinin həllinə, insanların həyat səviyyəsinin yüksəldilməsinə yönəlir.

2018-ci ilin dövlət büdcəsi prioritetlərinə əsasən ÜDM-də qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisini yüksəltmək, büdcə gəlirlərinin yığım əmsalını artırmaq, dövlət büdcəsi xərclərinin optimallaşdırılması istiqamətində işlər davam etdirmək, büdcədən maliyyələşən təşkilatlar üzrə adambaşına maliyyələşdirmə prinsipinə keçmək, yerli dövlət proqramları və tədbirlərin ortamüddətli büdcə xərcləri ilə uzlaşdırılması üçün tədbirlər görmək, xərclərin investisiya və sosial yönümlülüyünə üstünlük verməklə sosial siyasəti gücləndirmək, büdcə xərclərinin son nəticəyə əsaslanan məqsədli proqramlar əsasında müəyyənləşdirilməsini davam etdirmək kimi strateji məqsədlər qarşıda durur.

Ölkədə pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2018-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 2197,2 milyon manat vəsait proqnozlaşdırılmış və hesabat dövrünədək uğurla icra olunmuşdur. 
Son dövrlərdə respublikamızda həyata keçirilən islahatlar nəticəsində məcburi dövlət sosial sığortasına əsaslanılmaqla müasir və sosial baxımdan yüksək səmərəyə malik pensiya təminatı sisteminin yaradılmasına nail olunmuş, 2006-cı ildən etibarən ölkəmizdə yeni, beynəlxalq təcrübədə özünü doğrultmuş üçpilləli struktura (baza, sığorta və yığım hissələrdən ibarət) əsaslanan əmək pensiyaları sistemi fəaliyyətdə olmuş, bu sahədə reallaşdırılan islahatlar nəticəsində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya təminatı sistemi formalaşdırılmışdır.

Büdcə xərclərinin məqbul həcminin vaxtında və səmərəli icrası üçün onun gəlirlər hissəsinin tam və dolğun yerinə yetirilməsi çox böyük praktik əhəmiyyətə malikdir. Bu isə səmərəli vergi sistemi və vergi siyasətilə reallaşdırıla bilər.

Son dövrdə ölkəmizdə Vergilər Nazirliyi tərəfindən çox böyük işlər görülmüşdür. Əbəs deyildir ki, “Doing Business 2017” hesabatına görə 2009-2016-cı illərdə Azərbaycanda aparılmış 27 islahatdan 7-si qeydiyyat sahəsi ilə, 5-i vergitutma sahəsi ilə bağlı olmuşdur. “Biznesə başlama” indikatorunda Azərbaycan üçün müəyyən edilmiş “Etalon Qanunvericiliyə Yaxınlıq” (DTF) indeksi 97,75 faiz təşkil etmişdir ki, bu da ölkəmizin dünyada kifayət qədər yüksək standartlara uyğun olduğunu göstərir. Bu gün ölkəmiz “Biznesə başlama” indikatoru üzrə dünyada 5-ci, postsovet ölkələri arasında 1-ci yerdədir. 2017-2018-ci illər üzrə “Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz əvvəlki hesabatla müqayisədə mövqeyini 3 pillə yaxşılaşdıraraq 138 ölkə arasında ­37-ci mövqeyə yüksəlmiş və bu göstərici üzrə MDB məkanında liderlik mövqeyini qoruyub saxlamışdır.

Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə 63 sayda elektron xidmət, o cümlədən “Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmənin aparılması”, “Elektron vergi hesab-fakturasının qəbulu” xidmətləri göstərilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində 129 güzəşt və azadolma mövcuddur. İnvestisiyaların təşviqi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə son dövrlərdə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər nəticəsində vergi güzəşt və azadolmalarının sayı artmışdır.

Məsələn: sənaye və texnologiya parklarına investisiya qoyuluşlarının stimullaşdırılması məqsədilə 1 yanvar 2013-cü il tarixdən başlayaraq, sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, 7 il müddətinə sənaye və texnologiyalar parkındakı fəaliyyətlə əlaqədar mənfəət (gəlir), əmlak və torpaq vergilərindən azad edilmişdir.

Vergi güzəştləri aqrar sferada da qüvvədədir. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyətlə əlaqədar mənfəət (gəlir), ƏDV, əmlak vergisi və sadələşdirilmiş vergidən 2019-cu ilin yanvarın 1-dək azad edilmişdir.
Azərbaycan Respublikası 53 dövlətlə ikiqat vergitutmanın aradan qaldırılması haqqında ikitərəfli müqavilələr imzalanmış, onlardan 49-u qüvvəyə minmiş və tətbiq olunmaqdadır.

Eyni zamanda, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində son dövrlərdə görülmüş işlər çərçivəsində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2015-ci ilin 1 noyabr tarixindən dayandırılmış, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin sayı azaldılmış, onların verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilmiş, sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulması sahəsində tələblər asanlaşdırılmış, həmçinin investisiyaların və ixracın təşviqi, yerli istehsalın dəstəklənməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalın stimullaşdırılması, ümumilikdə, sahibkarlıq fəaliyyətinə göstərilən dövlət dəstəyinin daha da genişləndirilməsi ilə bağlı sistemli islahatlar həyata keçirilmişdir.

İqtisadiyyatın maliyyə tənzimlənməsinin ən mühüm seqmentlərindən biri də ölkənin müasir bank sistemidir. Dünya təcrübəsi göstərir ki, bank sektoru ölkə iqtisadiyyatının inkişafında pul dövriyyəsinin möhkəmləndirilməsi, milli pul vahidinin qorunması, onun dayanıqlığının təmin edilməsi, iqtisadiyyatın maliyyələşdirilməsinin reallaşdırılması, pul-kredit siyasətinin ayrı-ayrı alətlərindən istifadə olunması və s. vasitələrlə təsir edərək, bütövlükdə, iqtisadiyyatın inkişafını təmin edir. Bu mənada, sözsüz ki, mərkəzi bankların üzərinə çox ciddi vəzifələr düşür.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı da iqtisadiyyatın idarə edilməsində müxtəlif alətlər vasitəsilə iştirak edir və maliyyə sabitliyinin əsas təminatçısı rolunu oynayır. Keçmiş dövr ərzində, mürəkkəb iqtisadi şəraitdə əsaslı vəzifələrdən biri də bank sektorunda sabitliyi təmin etməkdən ibarət olmuş, bank nəzarəti və prudensial tənzimləmənin çevikliyi artırılmış, BAZEL -3 standartlarına daha da yaxınlaşma prosesi sürətləndirilmişdir. Bankların məzənnənin korreksiyasına adaptasiyası, bank sistemində maliyyə sabitliyinin qorunmasına yönəlmiş tədbirlər görülmüş, kəmiyyət və keyfiyyət xarakterli bəzi tənzimləyici tələblər yüngülləşdirilmişdir. Həyata keçirilən tədbirlər bank seqmentində riskləri adekvat səviyyələrdə tənzimləməyə imkan vermişdir, kütləvi bank müflisləşmələrinə yol verilməmişdir. Ödəniş sistemlərinin sabit və təhlükəsiz fəaliyyətinin təmin edilməsi də mühüm fəaliyyət istiqamətlərindən biri olmuş və uğurla icra edilmişdir.

Ümumiyyətlə, ölkə iqtisadiyyatında stabil vəziyyətin perspektivdə təmin edilməsi üçün, bütövlükdə, bank sektorunda reallaşdırılması zəruri olan prioritetlər kimi aşağıdakıları qəbul etmək olar: 
a) davamlı inkişafı və stabil iqtisadiyyatı təmin edə biləcək şəffaf və rəqabətqabiliyyətli bank sisteminin yaradılması; 
b) maliyyə bazarının bütün seqmentlərinin dinamikliyinin təmin edilməsi; 
c) maliyyə-bank sisteminin tarazlığını təmin edən infrastrukturun yaradılması; 
d)stabil inkişafı təmin edə biləcək parametrlərin fəaliyyət və nəzarət mexanizminin təkmilləşdirilməsi və s.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra iqtisadiyyatın bütün sahələrində olduğu kimi, maliyyə sahəsinin və onun tərkibində əhəmiyyətli yerlərdən birini tutan və maliyyə tənzimlənməsi aləti kimi çıxış edən sığorta sektorunun yenidən formalaşdırılması prosesi başlandı. Qanunvericilkdə aparılan islahatlar, xüsusilə icbari sığorta sahəsində yeni mexanizmlər sığorta bazarında atrımı təmin etmiş oldu.

Qeyd edək ki, son on il ərzində sığorta bazarının həcmi 3,8 dəfə artaraq 556,9 milyon manata, bağlanılan müqavilələrin sayı isə 6 dəfə rataraq 1,2 milyona çatmışdır. Eyni zamanda, sığorta ödənişləri təxminən 3,3 dəfə artaraq 257,1 milyon manat səviyyəsinə çatmışdır. Qeyd olunan müddət ərzində sığortaçıların ümumi kapitalının həcmi 20 dəfə artaraq 343,44 milyon manat olmuşdur. Sığorta haqlarının hazırda adambaşına düşən həcmi isə 50 manata yaxın olmuşdur.

Sığorta bazarının əhəmiyyətli makroiqtisadi göstəricisi yığılan ümumi sığorta haqlarının ölkənin Ümumi Daxili Məhsulunda xüsusi çəkisidir ki, bu sahədə də inkişaf dinamikasını görürük – son 6 il ərzində bu rəqəm 0,4 faizdən 0,8 faizə yüksəlmişdir.

Azərbaycan sığorta bazarının mövcud vəziyyəti onu xarakterizə edən müəyyən göstəricilərin köməyilə dəyərləndirilə bilər. Ən mühüm kəmiyyət göstəricisi sığorta şirkətlərinin sayıdır. Bu gün Azərbaycan sığorta bazarı onların sayının azalması ilə xarakterizə olunur. Sığorta bazarının vəziyyətini xarakterizə edən növbəti göstərici sığorta şirkətlərinin ümumi aktivlərinin ölçüsüdür. Bu göstəriciyə görə Azərbaycan sığorta bazarı son dərəcə müxtəlifdir. İnkişaf etmiş sığorta bazarına malik ölkələrdə vəziyyəti təhlil edərək sığorta bazarının həcmi barədə daha aydın təsəvvürə malik olmaq olar. Məsələn, ABŞ üçün orta sığorta haqqı adambaşına 2000 dollar, İsveçrə üçün 3000, Yaponiyaya 4500, Rusiya üçün 40 dollar, ölkəmiz üçün isə 25 dollardır. Bu gün bütün milli sığorta şirkətlərinin ümumi kapitalının həcmi ABŞ-ın bir və ya iki səhmdar sığorta şirkəti ilə eyni göstəriciyə bərabərdir.

Avstraliyalılar gəlirlərinin təxminən 10 faizini sığorta haqqına sərf edirlər, amerikalılar isə 15 faizdən çox vəsait xərcləyirlər. Azərbaycanlılar könüllü sığorta üzrə orta hesabla təxminən 2 dollar xərcləyirlərsə, inkişaf etmiş ölkələrdə bu rəqəm 500 ABŞ dollarına qədərdir. Daxili sığorta bazarının növbəti problemli məsələsi isə təklif olunan xidmətlərin azlığıdır. Bu gün Azərbaycan sığortaçıları 30-40-dan çox sığorta məhsulunu təmin edir, inkişaf etmiş ölkələrdə isə sığorta xidmətlərinin sayı 300-dən çoxdur.

Nəhayət, ölkəmizdə maliyyə tənzimlənməsinin ən mühüm seqmentlərindən biri də qiymətli kağızlar bazarıdır. Sərbəst resursların emitentlərdən istehlakçılara yönləndirilməsində fond bazarının müstəsna əhəmiyyəti və rolu vardır.

Göründüyü kimi, 30 iyun 2018-ci il tarixinə Azərbaycanda qiymətli kağızlar bazarının həcmi 12 milyard 451 milyon 600 min manat məbləğində olmuşdur. Onun 6 milyard manatından çoxu dövlət qiymətli kağızlarının payına düşmüşdür. Göstərək ki, bu məbləğin 5,9 milyard manatı ilkin maliyyə bazarının, 79,3 milyon manatı isə təkrar qiymətli kağızlar bazarının payına düşür.

Son illər ölkəmizin maliyyə sisteminin dayanıqlılığının artırılmasında dövlət daxili və xarici borclarının, dövlət ehtiyatlarının səmərəli idarəolounmasının və restruksiyasının böyük rolu olmuşdur. Azərbaycan Respublikasının 2018-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi 700 milyon manat, xarici dövlət borclarının yuxarı həddi isə 1 milyard manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləği isə 4 milyard manat müəyyənləşdirilmişdir.

2018-ci ilin dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər (əsas borc və faizlər üzrə xərclər) üçün 2262,8 milyon manat vəsait nəzərdə tutulmuşdur. 
Bununla yanaşı, perspektivdə dövlətin orta və uzunmüddətli borc siyasəti strategiyası daha da təkmilləşdirilməlidir. Strategiyada borcun tədricən azaldılmasına, dövlət müəssisələrinin xarici kredit qurumlarından dövlət zəmanətli borclanmanın sərt çərçivələrinin müəyyənləşdirilməsinə xüsusi diqqət verilməlidir.

Makroiqtisadi maliyyə sabitliyinin təmin edilməsində, 2018-ci ilin əvvəllərinə 44 milyard ABŞ dolları səviyyəsinə çatdırılmış valyuta ehtiyatlarımızın daha səmərəli diversifikasiya edilərək yerləşdirilməsi prioritet istiqamətlərdən hesab olunmalıdır.

Beləliklə, Strateji Yol Xəritəsinin hədəflərinə ünvanlanmış müasir dayanıqlı iqtisadiyyatın yaradılmasında maliyyə tənzimlənməsi ümumilikdə və onun hər bir aləti ayrılıqda müstəsna əhəmiyyət kəsb edir v bu mexanizmdən səmərəli isifadə edilməsi günümüzün ən aktual vəzifələrindən hesab olunmalıdır. Bu vəzifələrin reallaşdırılması üçün aşağıdakılara xüsusi diqqət yetirilməsi önəmlidir:

-ölkə iqtisadiyyatının əsas göstəricisi olan ÜDM-nin kəmiyyət artımı ilə yanaşı, onun strukturunun da optimallaşdırılmasına, qeyri-neft sektorunun payının artırılmasına nail olunmalıdır;
-ölkədə real iqtisadi sektorla maliyyə sektorunun üzvi əlaqəsinin təmin edilməsi, onların bir-birini şərtləndirməsi mexanizminin yaradılması prosesi daha da sürətləndirilməlidir;
-real sektorun sürətli inkişafına dövlət dəstəyini artırmaq üçün büdcə gəlirlərinin tam və vaxtında toplanmasının təmin edilməsi və əldə edilən əlavə resursların transparentliyinin təmin edilərək yenidən bölüşdürülməsi;
-büdcə xərclərinin proqram-layihələr əsasında prioritet istiqamətlər üzrə həyata keçirilməsi;
-maliyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün əlavə tədbirlərin hazırlanması və qəbul edilməsi;
-bank sisteminin şəffaf nəzarət rejiminə keçirilməsi, riskəsaslı, prudensial tənzimləmə üzrə menecmentin yüksəldilməsi və xərclərin şəffaflığının artırılması;
-vergi yükünün optimallaşdırılması prosesinin davam etdirilməsi;
-sağorta bazarının strukturlaşmasının sürətləndirilməsi, sığorta şirkətlərinin maliyyə sabitliyinin artırılması;
- qiymətli kağızlar bazarının səmərəliliyinin yüksəldilməsi və s.

Bu tədbirlərin reallaşdırılması nəticəsində ölkəmizin daha böyük uğurlara imza atacağı şübhəsizdir.

Əvəz Ələkbərov, 
Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, iqtisad elmləri doktoru, “Professorlar klubu” Rəyasət heyətinin sədri

TOP XƏBƏRLƏR