Sabiq maliyyə naziri BMT –nin sülh Səfiri, UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərov Qarabağın qələbəsi barədə danışıb.
Əvəz Ələkbərov Modern.az-a açıqlamasında bildirib ki, bir əsrdə görülməyən işləri Azərbaycan yaxın bir zaman kəsiyində həyata keçirdi:
“İqtisadi potensialı möhkəmləndirdi, müdafiə qabiliyyətini artırdı, diplomatik və beynəlxalq səylərini yüksək səviyyəyə çatdırdı. Müzəffər ordumuz Prezident İlham Əliyevin rəhbərliyi ilə hər gün zəfər çaldı, yeni tarix yazdı. Hesab edirəm ki, bütün görülən işlər xalqımızın tarixi qələbəsi ilə səciyyələndi. Hökmən türk qardaşlarımızın sülhməramlı qüvvəsindən istifadə etməliyik, təqribən 2000 nəfər kontingent və müvafiq texnika ilə”.
Əvəz Ələkbərov maraqlı təklif də irəli sürüb:
“Azad olan rayonlarda böyük layihələr həyata keçiriləcək, insanlar öz doğma yerlərinə qayıdacaqlar, həm Bakıda, həm də digər şəhərlərdə əhali sıxlığı azalacaqdır. Modern bir dövlət kimi bütün Qafqazın incisi Şuşada, kənd və şəhərlərdə müasir infrastruktur, sosial obyektlər və evlər tikiləcəkdir. Həmin rayonların potensialından istifadə edərək ÜDM, dövlət büdcəmizin gəlirləri və xərcləri artacaq. Makro iqtisadi mühit indiki kimi sabit olacaq.
Bu işlərin başında duran Şah İsmayıl Xətai, Ümummilli Lider Heydər Əliyevin yolunu davam etdirən Cənab Prezident, Ali Baş Komandan Generalissimus adını almağa layiqdir.
Təklif edirəm ki, 10 noyabr daim “Böyük Qələbə” bayramı kimi qeyd edilsin”.