Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünün qeyd olunması ilə bağlı təşkil olunan silsilə tədbirlər çərçivəsində Bakı Ali Neft Məktəbində (BANM) 2026-cı ilin aprel ayı ərzində Tələbə və Gənc Tədqiqatçıların VII Beynəlxalq Elmi Konfransları keçiriləcək.
Konfransların məqsədi tələbə və gənc tədqiqatçıların elmi fəaliyyətə marağının artırılması, onların tədqiqat nəticələrinin beynəlxalq elmi mühitdə təqdim olunmasına şərait yaradılması, eləcə də innovativ ideyaların təşviqi və müxtəlif sahələr üzrə elmi əməkdaşlığın genişləndirilməsidir.
Tədbirlər çərçivəsində iştirakçılar aktual elmi problemlər ətrafında müzakirələr aparacaq, müasir yanaşmalar və texnoloji yeniliklərlə bağlı təqdimatlarla çıxış edəcəklər.
Konfranslar aşağıdakı istiqamətlər üzrə təşkil olunacaq:
15–16 aprel 2026-cı il:
“Dayanıqlı kimya və kimya mühəndisliyinə doğru”;
21–22 aprel 2026-cı il:
“Neft-qaz mühəndisliyinin enerji sistemlərinə inteqrasiyası”;
23–24 aprel 2026-cı il:
“Ağıllı sistemlər və kibertəhlükəsizlik”.