Mart ayının 26-da Rusiyanın Sankt-Peterburq şəhərində S.V.Vitte adına Yeni Sənaye İnkişafı İnstitutu və Rusiya Azad İqtisadçılar Cəmiyyəti tərəfindən təşkil olunmuş “Rusiya iqtisadiyyatı dünya nizamının və noonomikaya keçid perspektivlərinin transformasiyası şəraitində” mövzusundə XI Sankt-Peterburq Beynəlxalq İqtisadi Konqresi (SPEK-2026) keçirilib. Konqresdə Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) “İqtisadi və texnoloji” elmlər kafedrasının professoru, iqtisad elmləri doktoru Babayev Əlican Pirican oğlu iştirak edib.
Hər il keçirilən Sankt-Peterburq İqtisadi Konqresi (SPEC) iqtisad elminin fundamental problemlərinin müzakirəsini, Rusiya Federasiyasının və dünyanın sosial-iqtisadi inkişafının aktual problemlərinin təhlilini, habelə Rusiya iqtisadiyyatının qarşısında duran prioritet problemlərin həlli yollarının işlənib hazırlanmasını nəzərdə tutan nüfuzlu elmi ekspertiza məkanıdır.
Ekspertlərin elmi müzakirəsinin əsas istiqamətləri geniş spektri əhatə edib. Bura aşağıdakı istiqamətlər daxil edilib:
- deqlobalizasiya (regionallaşma) və çoxqütblü dünya nizamının formalaşması şəraitində dünya və Rusiya iqtisadiyyatının davamlı inkişafı ilə bağlı çağırışların təhlili;
-Rusiya iqtisadiyyatının inkişafı üçün struktur dəyişiklikləri, məhdudiyyətlər və əsas resursların tədqiqi;
-davamlı iqtisadi artımın təmin edilməsinin və Rusiya təsərrüfat sisteminin səmərəliliyinin artırılmasının əsas istiqaməti olan noonomikaya keçid imperativlərinin müzakirəsi;
-uzunmüddətli iqtisadi artımın yeni modelinin yaradılmasına yönəlmiş həllərin işlənib hazırlanması.
Konqresin “Qeyri-müəyyənlik və qlobal transformasiyalar dövrü: iqtisad elmi və iqtisadi siyasətin çağırışları” bölməsində prof. Ə.P.Babayev “Siyasi iqtisad və noonomikada istehsalın əsas amili kimi biliyin rolunun təhlili: yanaşmalarda eynilik və fərqlər” adlı məruzə ilə çıxış edib.
Müəllif çıxışında qeyd edib ki, iqtisadi, ictimai-siyasi və beynəlxalq həyatda cərəyan edən hadisələr, təbii ki, həm siyasi iqtisadda, həm də noonomika kimi nisbətən gənc elmi fənnin tədqiqat predmetində öz əksini tapır.
“Aydındır ki, bazarlar və texnologiyalar uğrunda qlobal rəqabətin kəskinləşdiyi və dünyanın müxtəlif regionlarında geosiyasi münaqişələrin geniş miqyas aldığı müasir şəraitdə suveren dövlətlər iqtisadi artım üçün etibarlı mənbələr tapmaq problemləri ilə üzləşir. Qlobal inkişafın belə mənbələrindən (drayverlərindən) biri qabaqcıl texnologiyalara sərmayə qoyuluşlarıdır. Təkcə belə texnologiyaların işlənib hazırlanması və istehsala tətbiqi prosesi bütövlükdə müasir iqtisadiyyatın və cəmiyyətin inkişafında biliyin rolunu obyektiv şəkildə artırır. Bundan əlavə, ən perspektivli konkret investisiya obyektlərinin müəyyənləşdirilməsi, planlaşdırılan investisiyaların səmərəliliyinin qiymətləndirilməsi məsələləri də həll edilməlidir.
Bir sözlə, biliklər sistemi texniki və texnoloji tərəqqinin inkişafına onsuz da böyük təsirini daha da gücləndirir və eyni zamanda cəmiyyətin transformasiyasına şərait yaradır. Buna görə də müasir istehsalın təmin edilməsində əsas amil olan biliklər sisteminin rolunun öyrənilməsi həm siyasi iqtisadın, həm də noonomikanın predmetinə daxildir.
Yuxarıda deyilənlərlə əlaqədar olaraq, təbiidir ki, təhsilin bir sahəsi olan biliklərin öyrədilməsi sektoru dünya iqtisadiyyatında ən sürətlə inkişaf edən sektorlardan biridir; müxtəlif ekspert hesablamalarına görə, hazırda bu sektorun həcmi 4-5 trilyon dollar arasında dəyişir. Ancaq bizim fikrimizcə, “bilik” anlayışını yalnız təhsilə bağlamaq düzgün olmazdı. Ona görə də bilik sahəsindən danışarkən, fikrimizcə, bu məfhumu geniş mənada, yəni təkcə təhsil sistemi daxilində biliyin ötürülməsi kimi deyil, həm də biliklərin istehsalı, generasiyası, yəni elm sahəsində baş verən proseslər kimi nəzərdən keçirməliyik.
Buradan belə nəticə çıxarmaq olar: ölkədə elmin təşkili sistemi və onun səmərəliliyi həm də bilavasitə bilik sahəsi ilə bağlıdır. Beləliklə, bilik sahəsini bütövlükdə elmi - təhsil fəaliyyəti kimi nəzərdən keçirə bilərik.
Müvafiq olaraq, bu gün müxtəlif səviyyələrdə çox danışılan elmi-innovativ əsasda sosial-iqtisadi artım dedikdə, bizim fikrimizcə, ən son texnologiyalarda təcəssüm olunmuş elmi nailiyyətlərin daimi, yəni vaxtaşırı deyil, məhz daimi tətbiqinə əsaslanan artımı başa düşməliyik.Bütün bunlar rəqəmsallaşma proseslərinin genişlənməsi, o cümlədən süni intellekt texnologiyalarının tətbiqi fonunda baş verir.
Bu halda, mühəndis korpusunda yuxarı və orta səviyyəli idarəçi kadrlar hazırlanması ilə kifayətlənmək olmaz. Yəni ən müasir rəqəmsal texnologiyalarla, o cümlədən süni intellekt vasitələri ilə işləməyi bacaran, orta ixtisas təhsilli yüksək ixtisaslı mütəxəssislərin rolu getdikcə daha çox əhəmiyyət kəsb edir. Belə mütəxəssislərin yüksək keyfiyyətli hazırlanması, lazım gəldikdə isə yenidən hazırlanması müasir istehsalın bütün gedişatını təmin edən amil kimi biliyin rolunu daha da artırır.
Eyni zamanda, rəqəmsallaşma proseslərinin özü bütövlükdə istehsalın xarakterinə və strukturuna, istehsal prosesində müxtəlif kateqoriyalı işçilər arasında yaranan ictimai münasibətlərin təbiətinə birbaşa, bəzən çox ciddi təsir göstərir. Məlum olduğu kimi, bu cür münasibətlər tarixən ilk növbədə siyasi iqtisad çərçivəsində tədqiqatların predmetidir.
Öz növbəsində noonomika adlı elmi fənnin predmeti isə sosial-iqtisadi həyatda baş verən yeni hadisələri öyrənməkdən və ictimai quruluşun yeni mərhələsinə çatana qədər bu hadisələrin cəmiyyətin gələcək inkişafına təsirini proqnozlaşdırmaqdan ibarətdir. Həqiqətən də, bu sahədə aparıcı mütəxəssislərin fikrincə, “noonomika nəzəriyyəsi bizi məhz təbii olaraq cəmiyyətin quruluşunun yeni mərhələsinə çıxaran proseslərin və tendensiyaların öyrənilməsinə əsaslanır”.
Buna görə də, cəmiyyətin inkişafına əhəmiyyətli və xüsusilə həlledici təsir göstərən hadisələrin tədqiqinə aid hissəsində noonomika və siyasi iqtisadın vəzifələri oxşar hesab edə bilərik. Burada, bu məqamı hər iki elmi fənnin yanaşmalarında müəyyən ortaq cəhət hesab etmək olar.
Eyni zamanda, onların arasında ciddi fərqlər var. Belə ki, ilk öncə, siyasi iqtisadın əsas predmeti müxtəlif tarixi dövrlərdə inkişaf prosesində formalaşan ictimai istehsal münasibətləri sistemidir. Bu o deməkdir ki, siyasi iqtisad hər bir tarixən müəyyən edilmiş istehsal üsulunu ayrı-ayrılıqda, digərlərindən təcrid olunmuş şəkildə öyrənən elmi fənlərin sadə məcmusu deyil.
Eyni zamanda, siyasi iqtisad yaranan istehsal münasibətlərini texniki baxımdan deyil, ilk növbədə mülkiyyət münasibətləri mövqeyindən tədqiq edir.
Noonomika isə, öz növbəsində, əsasən yeni şəraitdə və bilavasitə istehsal münasibətlərinin hüdudlarından kənarda formalaşan sosial dəyişiklikləri və texnoloji ukladlardakı dəyişiklikləri diqqət mərkəzində saxlayır”, - deyə Ə. Babayev məruzəsində bildirib.
Müəllifin fikrincə, noonomika təsərrüffat sistemində insanlar arasında yaranan münasibətlər sırf maddi istehsaldan kənarda formalaşır. Noonomikanı fərqləndirən prinsipial əlamət maddi istehsal prosesində insanlar arasında münasibətlərin olmamasıdır. Həqiqətənəgər noonomika real təsərrüffat sistemdirsə, o zaman onun öyrənilməsi ilə ayrıca bir iqtisad elmi məşğul olmalıdır.
Lakin biliklər sistemi texniki və texnoloji tərəqqinin inkişafına böyük təsir göstərdiyi və eyni zamanda, cəmiyyətin transformasiyasına şərait yaratdığı üçün, yanaşmalardakı fərqlərə baxmayaraq, onun müasir istehsalın təmin edilməsində əsas amil kimi rolunun öyrənilməsi hər iki fənnin predmetinə daxildir.