Aprelin 6-da UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi yazılmış Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə anım tədbiri keçirilib.
Tədbir başlamazdan öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən kollecin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Murad Muradov Aprel döyüşlərinin Azərbaycan Ordusunun şanlı tarixində buraxdığı silinməz izlərdən söz açıb. O, bu döyüşlərin xalqımızın qələbə əzmini daha da möhkəmləndirdiyini və böyük Zəfərə gedən yolda mühüm mərhələ olduğunu vurğulayıb.
Daha sonra tədbirdə iştirak edən kollecin müharibə iştirakçıları Sahib Zahirov və Sənan Quliyev öz döyüş yollarından bəhs edərək, cəbhədə yaşadıqları xatirələrini tələbələrlə bölüşüblər. Qələbəyə aparan yolda göstərilən şücaətlərdən danışan qazilər gənclərə vətənpərvərlik ruhunun önəmini çatdırıblar.
Tədbirdə kollecin əməkdaşı Aytac Məmmədlinin müharibə iştirakçıları ilə birgə hazırladığı, Aprel döyüşlərinin tarixi əhəmiyyətini və qəhrəmanlıq səhnələrini əks etdirən videoçarx nümayiş olunub.