- Cənab nazir, postneft dövrü üçün Prezident faktiki olaraq yeni strategiyalar həyata keçirir. Bu strategiyada üstünlük etibarsız, hən an bitib-tükənmək ehtimalı olan təbii sərvətlərə yox, insan kapitalına verilir. Nə qədər qəribə səslənsə də, bir vaxtlar dəbdə olan yeni insan modeli aktuallaşıb. Amma doğrudan da yeni Azərbaycan üçün cazibədar səslənir. Təhsil Nazirliyi bu istiqamətdə hansı işləri görür?
- Cənab Prezident tərəfindən Azərbaycanda insan kapitalının formalaşdırılması üçün tədbirlər, aparılan siyasət bir neçə ildir ki, həyata keçirilir. Təhsil sahəsində həyata keçirilən işlər də bunun nümunəsidir. Burada, ilk növbədə, xaricdə təhsil üzrə Dövlət Proqramını qeyd etmək istəyirəm. 2007-ci ildə qəbul edilən proqram artıq o dövrdə bilik iqtisadiyyatını, dünyada dəyişən iqtisadi modeli nəzərə alaraq, Azərbaycanın gələcəyinin, ilk növbədə, keyfiyyətli kadrlarının hazırlığından ibarət olduğunu ortaya qoymuşdu. Bu günə qədər xaricdə təhsil üzrə Dövlət Proqramı üzrə 3500 dən çox təqaüd verilib. Min nəfərdən çox şəxs artıq məzun olub. Onların 60 faizi özəl sektorda, 40 faizi dövlət qulluğunda çalışır. Bunun üçün onlara xüsusi imtiyazlar yaradılıb. Belə ki, həmin məzunlar imtahan vermədən dövlət qulluğuna qəbul olunurlar.Təbii ki, bu, yeganə istiqamət deyil. Əgər ölkə təhsilinə nəzər salsaq, biz iki il bundan öncə Savadlı, Bacarlıqlı, Hazırlıqlı tələbələrdən ibarət SABAH proqramına start vermişik. Burada da eyni məqsədləri düşünmüşük. Yeni insan necə olmalıdır və yeni iqtisadiyyatda hansı keyfiyyətləri axtarırıq? Bilikli, biliklərini gündəlik həyatında və peşəkar fəaliyyətində tətbiq edə bilən və kreativ, qeyri-standart düşüncəyə malik olan insanlar. Bu, bugünkü postmodern adlanan dövrün və iqtisadiyyatın tələbidir. Çalışırıq ki, SABAH qruplarında biz belə tələbələrin seçilməsinə, yetişməsinə nail olaq.
Peşə təhsili səviyyəsində də analoji proseslər gedir. “Müasir Azərbaycan Peşəkarları” ( MAP ) ümumi brend adı altında keçirdiyimiz layihələr buna misal ola bilər. Artıq bir neçə ilk peşə-ixtisas təhsili müəssisəsində həyata keçirilən bu layihənin əsas fərqləndirci cəhəti odur ki, biz bunu həm özəl sektor, həm də dövlətə məxsus olan şirkətlərlə birlikdə həyata keçiririk.
Nəhayət, ümumi təhsil sahəsindən danışsaq, deyə bilərik ki, artıq Azərbaycanda yeni məzmunlu tədris həyata keçirilir. Başqa sözlə, mütləq bilikdən, qeyd etdiyim tənqidi təfəkkürü, kreativ düşüncəni inkişaf etdirən, qeyri-standart düşüncəni və komandada çalışmaq imkanları, vərdişləri aşılayan bir təhsil sisteminə qədəm qoymuşuq. Bu prizmadan düşünürəm ki, mənim əsas mesajım pozitivdir. Bu da ondan ibarətdir ki, təhsil sistemində sualınızda şərti olaraq yeni insan adlandırılan həmin məzunu artır buraxırıq.
- Bir halda ki, yeni insandan danışırıq. Yeni insanın adını biz, məzun qoyuruq. Bu, həm də test mövzusuna aparıb çıxaracaq. Ali məktəblərə qəbul olunmaq üçün testlərin mövcud məzmunu məzunun biliyini tam ifadə edə bilirmi ? Qiymətləndirmədə test sisteminin hansı alternativi ola bilər?
- Mənə belə gəlir ki, biz sualda iki məsələ toxunmalıyıq. Birincisi, bu gün Azərbaycanda keçirilən qəbul imtahanının məzmunu və həmin məzmunun müsbət tərəfləri. İlk növbədə, məzmun və formanı fərqləndirməliyik. Formal olaraq bu, test imtahanı sistemidir. Formal olaraq bu imtahanın əsas üstünlükləri insan faktorundan asılılığının minimal olması, qiymətləndirmə prosesində nəticələrin müəyyən mənada insan faktorundan aslı olmayaraq həyata keçirilməsidir. Bu, Azərbaycan kontekstində böyük üstünlükdür. Bununla da obyektivlik təmin edilir.
Digər tərəfdən imtahanın yığcam olması, bir gün ərzində təhsil proqramının məzmununun qiymətləndirilməsidir. Yeni şəraitdən, şərtlərdən, tələblərdən danışırıqsa, təbii olaraq, burada bizim fikrimizcə gələcəkdə evalusiya olmalıdır, bəlkə yenidən baxılmalıdır. Biz istəyərdik ki, zəruri kompetensiyalar qiymətləndirmədə əks olunsun. Bunlar nələrdir? Bu gün test imtahanının forması əmək bazarında tələb olunan müasir, uğurlu məzun üçün tələb olunan bir sıra bilik və komptenesiyaları ölçmək qabiliyyətinə malik deyil. Nədir bu? Nitq, ritorika, yazı vərdişləri, qeyri-standart, hər hansı seçim variantları ilə məhdudlaşmayan tənqidi düşüncə tərzini özündə əks etdirən sualların olması.
Bir tərəfdən qeyd etdik ki, imtahanın qısa olması üstünlükdür. Amma digər tərəfdən təbii olaraq bunun bir çatışmamazlığı da var. Faktiki olaraq məzunun gələcəyi, taleyi 3 saatlıq bir imtahanda həll olunur. O imtahan ildə bir dəfə keçirilir. Dünyada mövcud olan sistemlərlə müqayisə etsək, təbii olaraq, dünyada başqa qiymətləndirmə sistemləri də mövcuddur. Onlardan ən məşhurları GMAT, SAT, əgər dil biliyinin qiymətləndirilməsindən danışırıqsa, TOEFL, IELTS kimi imtahanları misal göstərə bilərik. Onların hansısa bir hissəsi test imtahanı şəkilində keçirilə bilər, amma bütün imtahan test deyil, burada oxu, yazı vərdişləri, fikri ifadə etmək də yer alır. Bu istiqamətdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri, hörmətli həmkarım Məleykə Abbaszadə ilə faydalı müzakirələrimiz gedir. Düşünürəm ki, hər iki qurum bu mövzunu tanıyır. Növbəti iki-üç ildə düşünmürəm ki, imtahanın forma və mahiyyətində hər hansı dəyişiklik gözləməliyik. Amma ondan sonrakı dövrdə mənə belə gəlir ki, imtahanın forması və məzmunu dəyişməlidir.
Bunun başqa zəruri səbəbi də oradan qaynaqlanır ki, yeni tədris məzmunu ilə oxuyan məzunlarımız 3 ildən sonra məktəbi bitirirlər, əgər belə demək olarsa, onların tədrisi, bilikləri testlə ölçülə bilməz. Onlara məktəbdə aşıladığımız biliklərin qiymətləndirilməsi fərqli alətlər tələb edir. Biz hal-hazırda qiymətləndirmə standartları adlanan bir fəaliyyəti həyata keçiririk. Həmin o yeni qiymətləndirmə standartları hazırlanmalıdır. Burada qorxulu bir şey yoxdur. Əgər biz yaxın ölkələri götürsək, məsələn, Rusiyada bu sistemi vahid dövlət imtahanı adlandırırlar. Həmin imtahanlar da bütün tələbələr üçün eyni vaxtda keçirilir. Obyektivliyi və bizim üçün zəruri olan digər amilləri önə çəkmək şərtilə deyək ki, həmin imtahanların test hissəsi yoxdur. Ənənəvi yoxlama işi kimi, deyək ki, bizim oxuduğumuz dövrdəki yoxlama işi formatında keçirilir. Mən yenə deyirəm, belə bir qərar bir gün, bir il ərzində qəbul oluna bilməz, olunmamalıdır. Çünki, mən burada qeyd etdiyim kimi, bəzi faktorlara xüsusi diqqət yetirməliyik. İlk növbədə, insan faktorunun qiymətləndirmə prosesinə təsirininin istisna olunması və yaxud hər hansı bir şəkildə tam minumuma endirilməsi.
-Region məktəblilərinin ali məktəblərə qəbul olunma faizi Bakı ilə müqayisədə daha üstündür. Baxmayaraq ki, region məktəblərinin maddi-texniki bazası Bakı ilə müqayisədə kifayət qədər zəifdir. Bu, tərs mütənasibliyi nə ilə izah etmək olar.
-Bu tərs mütənasiblik deyil, bu mifdir və həqiqətə uyğun deyil. Amma sizin və bir çox həmkarlarınız nəyə görə bunu belə qəbul edir? Bu, maraqlı sualdır və icazənizlə mən bu sualı cavablandırardım.
Məsələ ondan ibarətdir ki, bir qayda olaraq, bu statistika səslənərkən və yaxud bu statistika təqdim edilərkən, diqqət yetirilmir ki, biz nəyi nə ilə müqayisə edirik? Bir qayda olaraq bizə təklif edirlər ki, Bakı, digər şəhər, region məktəblərindən ümumi sənəd verən abituriyent sayı ilə qəbul olanların mütənasibliyini ölçək. Bununla da təbii olaraq, bir neçə problem yaranır. İlk növbədə, problem ondan ibarətdir ki, əgər Bakı məktəblərinin məzunlarının təxminən 85 faizi ali məktəbə qəbul olunmaq üçün sənəd verirsə, regionlarda bu rəqəm təxminən 45-50 faizdir. Hər 100 nəfər şagirddən abituriyent olanların sayı fərqlidir.
İkinci məsələ ondan ibarətdir ki, statistika təqdim edilərkən həm bu ilin, həm də ötən ilin məzunlarının sayı bir yerdə sayılıdır. Belə olduğu təqdirdə, bir qayda olaraq, bilirsiniz ki, Bakı məktəblərinin məzunları növbəti ildə, əgər birinci ildə uğurlu qazanmayıblarsa, ikinci və üçüncü illərdə özlərini bir daha sınayırlar.
Amma biz müqayisəni məzun sayına görə aparsaq, birmənalı şəkildə deyə bilərik ki, Bakı, Sumqayıt məktəbliləri, kifayət qədər çox fərqlənir. Üçüncü yerdə Mingəçevir gəlir. Bu rəqəmlər var. Nəyə görə bu, belədir? Bu, başqa sual ola bilər? Yəni ki, nəyə görə Bakı və Sumqayıtdan olan məzunlarının sayında ali məktəbə qəbul olunanlar daha üstünlük təşkil edir? Bunun əsas səbəbi ondan ibarətdir ki, böyük şəhərlər olduğuna görə, burada ali təhsilə daha çox meyl edirlər. Həm ailə, həm şagirdin özü tərəfindən. Amma peşə təhsilinə və orta ixtisas təhsilinə maraq daha azdır. Bu yaxşıdır, yoxsa pisdir? Regionun sosial-iqtisadi tələblərinə uyğundur, yoxsa yox? Bu başqa diskussiyanın mövzusudur. Mən qeyd etdiyim kimi, bu mifdir.
- Niyə Azərbaycanda vətəndaşlarda ali məktəblərə epidemik bir həvəs var. Hamı istəyir ki, ali məktəbə daxil olsun. Bu tendensiyanın qarşısını necə olmaq olar? Necə etmək olar ki, insan nəyinsə peşəkarı olsun?
- Bu, tək Azərbaycan üçün unikal problem deyil. Bu gün dünyada gedən bir tendensiyadır. Bir faktı mən sizin nəzərinizə çatdırım. Növbəti 5 il ərzində ali təhsil alan insanların sayı bəşəriyyət tarixində indiyədək ali təhsil haqqında diplom almış insanların sayından çox olacaqdır. Bu tendensiyanın bir çox səbəbləri var. Birincisi, bilik iqtisadiyyatı dövründə yaşayırıq. Bu, o deməkdir ki, bilik ən yüksək dəyərdir. Bilikli insanların, öz biliklərini tətbiq edən insanların əmək bazarında, həyatda şansları daha yüksəkdir. Bu, təbiidir.
Biz bu gün şahidik ki, yüksək bilik tutumlu texnologiyalara malik şirkətlərin, müəssisələrin, ölkələrin dünya iqtisadiyyatında uğur payı nə dərəcədədir. İkincisi, səbəb ali təhsilin daha əlçatan olmasıdır. Azərbaycanda da bu belə olub. Sovet İttifaqı dövrü ilə müqayisə etsək, həmin zaman Azərbaycan ali təhsil müəssisələri ildə təxminən 16 min tələbə qəbul edirdilər. Hazırda bu rəqəm təxminən 33 minə yaxındır. Deməli, iki dəfədən çox artıb. Onu da unutmaq lazım deyil ki, bu təhsili insanlar əsasən, öz vəsaitləri hesabına əldə edirlər. Tələbələrin təxminən üçdə biri dövlət hesabına təhsil alır.
Təhsil almaq hər bir insanın bir konstitusion hüququdur. Bu hüququn reallaşmasında təhsil naziri, vətəndaş kimi heç bir problem görmürəm. Burada gördüyümüz problem nədir? Və biz bununla bağlı addımlar da atırıq. Problem odur ki, ali təhsil almaq niyyəti olan insan minimal bilik səviyyəsinə malik olmalıdır. Məhz bu səbəbdən Təhsil Nazirliyinin təşəbbüsü ilə 2015-2016-cı tədris ilindən ali təhsilə qəbulun minimal balı endirilmədi. Bununla bağlı bizim gələcəkdə də siyasətimiz birmənalı olacaq. Əgər abituriyent ali təhsil üçün zəruri olan bilik səviyyəsinə malik deyilsə, niyyətinizdən asılı olmayaraq, siz ali təhsil müəssisəsinə qədəm qoya bilməyəcəksiniz. Bu, birmənalı şəkildə belədir.
- Azərbaycanda fəaliyyət göstərən bir sıra kolleclər birləşdirildi. Bunun məqsədi nə idi? Eyni aqibət bizim universitetləri də gözləyə bilərmi? Nəzərə alsaq ki, bizim universitetlərimizin adı məşhur 500-lükdə də deyil...
- Sualınızdakı iki məsələni bir-birindən fərqləndirməliyik. İlk olaraq deyim ki, bunlar təhsil infrastrukturunun, şəbəkəsinin optimallaşdırılmasıdır. Yəni, Nazirlər Kabinetinin kolleclərin birləşdirilməsi ilə bağlı son qərarı təhsil şəbəkəsinin optimallaşdırılması zərurətindən, bizim bu istiqamətdə həyata keçirdiyimiz tədbirlərdən irəli gəlir. Bu prosesə biz bu gün başlamamışıq. Doğrudur, son zamanlar bu proses daha da sürətləndirilib. Amma bu işlər mən fəaliyyətə başladığım ilk həftələrdən, ilk aylardan görülür. Xatırlayırsınızsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində olan bir sıra məktəblərin birləşdirilməsi həyata keçirildi. Ali təhsil səviyyəsində Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) qoşulması ilə bağlı cənab Prezidentin müvafiq sərəncamı olub. Kolleclərin birləşdirilməsi də bu qəbildən irəli gələn qərardır. Burada əsas məqsəd çox sadədir. Bu sahəyə olan resursların daha səmərəli istifadəsi, təkrarçılığın aradan qaldırılması, daha aydın şəkildə desək, bugünkü əmək bazarında tələb olunan ixtisasların inkişafı, lüzumsuz idarəetmə xərclərinin minumuma endirilməsidir. Hətta o qərarı diqqətlə oxusaq, görərik ki, yumşaq desək, adı belə kifayət qədər aydın olmayan kolleclər mövcud idi. Bu kimi məsələlər dövlətin vahid təhsil siyasətini təmin etmək, resursların mümkün qədər optimallaşmasıdır.
Sualınızda siz həm də universitetlərimizin nəticələrinə toxundunuz. Biz aydın bilməliyik ki, nəyi nə ilə müqayisə edirik. Hər hansı bir təhsil müəssisəsini digəri ilə ədalətli şəkildə müqayisə etmək üçün biz onların sərəncamında olan resurslara diqqət etməliyik. Bir universitet başqa bir universitetə, hətta Azərbaycanda belə, bərabər deyil.
Ötən ilin yayındakı söhbətimizdə də mən söyləmişdim ki, özəl məktəbə gedən şagirdin təhsilinə bəzən 8-10 dəfə daha çox vəsait sərf oluna bilir. Dünya və Azərbaycan təcrübəsində bunu universitetlər üzrə də müşahidə edirik. Düşünürəm ki, burada unikal bir şey yoxdur. Təhsilin səviyyəsi mövcud resurslardan asılıdır. Daha yüksək resursa malik olan universitetlərimizin daha yüksək nəticə göstərmək şansı var. Məsələn, deyək ki, əgər hansısa telekanalda 12 kameralı PTS yoxdursa, o, Avropa Çempionlar Liqasının oyununu, öz işçilərinin peşəkar səviyyəsindən asılı olmayaraq, biz istədiyimiz kimi translyasiya edə bilməyəcək.Azərbaycan universitetlərinin inkişaf dinamikasına gəlincə, biz regional reytinqlərə diqqət yetirik. Bunlar MDB məkanını, Şərqi Avropanı əhatə edən və 50 yaşdan daha gənc olan universitetləri ölçən reytinq agentlikləridir. “Times Higher Education”, QS və sair müvafiq agentliklərin siyahılarına nəzər salırıq. Yaxşı xəbər ondan ibarətdir ki, son illərdə Azərbaycandan olan bir neçə universitet, məsələn, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti müxtəlif reytinqlərdə yer alıb və irəliləyirlər. Deyək ki, TOP 500 də yoxdur, TOP 700 də var. MDB reytinqlərinə baxanda TOP 100-də var. Şərqi Avropa reytinqlərinə baxanda TOP 150 də var. Burada bizim üçün daha əhəmiyyətli olan həmin o dinamikadır. Onlar irəliləyir, yerində sayır, yoxsa geriyə gedir? Mən düşünürəm ki, biz əminliklə deyə bilirik ki, prinsip etibarilə bizim universitetlərimizin dünya reytinqlərində göstəricisi üzrə dinamikası müsbətdir. Amma bu, bizi qane edirmi? Tam qane etmir, biz daha sürətli irəliləyiş istəyirik.
Bu, həm də insan resursuna bağlı olan məsələdir. Bu istiqamətdə biz cənab Prezidentin təşəbbüsü ilə Xaricdə Təhsil üzrə Dövlət Proqramını ikinci dəfə hazırlayırıq. Biz universitetlərimizin potensialını gücləndirmək məqsədilə xaricdən gələn professorların Azərbaycan universitetlərində yerləşdirilməsi üçün xüsusi bir proqram nəzərdə tutmuşuq.
- Xüsusi qabiliyyətli uşaqların ölkə ərazisindən seçilib, onlar üçün xüsusi yerlər hazırlanması, hətta onların cəmiyyətdən təcrid olunması, yeməkləri, yatacaqları, gəzəcəkləri yerləri ayırmaq, xüsusi bir zümrə qurmaq belə bir ideya fikrinizə gəlibmi?
- Çox maraqlı sualdır. Daha çox təhsildən kənar mövzulara toxunan sualdır. Gəlin belə bir sualdan başlayaq? Biz inanırıqmı ki, bir məktəbin məzunları, 10 milyon əhalisi olan ölkənin bütün zəka və beyin potensialını özündə əhatə edə bilər? Şəxsən mən buna inanmıram. Mən düşünürəm ki, bunu bir məktəbdə, bir məkanda, bir universitetdə etmək qeyri-mümkündür. İstiqamət kimi fikirləşirikmi ki, xüsusi istedad, bilik və bacarığa malik olan şagirdlərin, məktəb şəbəkələrinin, siniflərin infrastrukturunun, universitetlərin formalaşdırılması maraqlı ola bilər? Bir sıra dövlətlər bu yanaşmanı tətbiq edir. Azərbaycanda biz pilot layihəni artıq bir ildir ki, həyata keçiririk. Ölkəmizin 5 regionunda yerləşən 50 pilot məktəbdə 200-ə yaxın təmayüllü siniflər yaratmışıq. Bu siniflərdə xüsusi tədris proqramı ilə yüksək dərəcədə maddi-texniki təchizata malik baza şəraitində tədris keçirilir. Bunu genişləndirmək niyyətindəyik. Paralel olaraq bir sıra məktəblərimizdə, Fizika-riyaziyyat və informatika təmayüllü lisey, Kimya-biologiya təmayüllü liseydə Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzləri yaratmışıq. Nəticələr artıq özünü büruzə verir. Bizim şagirdlərimizin iştirak etdiyi beynəlxalq fənn olimpiadalarından Azərbaycana ötən illərdən daha çox medallar gətirmişik. O cümlədən, indiyədək gətirə bilmədiyimiz fənnlər üzrə-informatika fənnindən medallar əldə etmişik.Yeri gəlmişkən, 2019-cu ildə Azərbaycanda informatika üzrə dünya olimpiadasının keçirilməsi planlaşdırılır. Keçən il bildiyiniz kimi Beynəlxalq Kimya Olimpiadası keçirildi.İrəli sürdüyünüz ideya həqiqətən təhsil sistemlərində tanınır. Burada mühüm mövzu həmin məktəblərin, siniflərin, mühitin kifayət qədər təhsilalanlarla əhatə edilməsidir. Əks təqdirdə, biz bunu yalnız bir-iki məktəbdə edəriksə, mən düşünürəm ki, qloballaşan dünyada biz sadəcə olaraq dünyanın aparıcı ölkələri üçün beyin hazırlayacağıq. Beləliklə, Azərbaycan istedadlarının ən yaxşı iş təklifləri alaraq, qlobal iqtisadiyyatın və sosial həyatın inkişafına daha çox töhfə verməsinin şahidi olacağıq. Bizim strateji məqsədimiz ondan ibarətdir ki, say olaraq elə bir infrastruktur yaradılsın ki, həmin istedadlı gənclərin iş yerləri də, yaşayış yerləri də, maddi-mədəni dəyərlər məkanı da doğma Azərbaycanımız olsun.
- Subyektiv olaraq deyim ki, mənim tanış olduğum dərsliklərin keyfiyyəti məni qane etmir. Dərsliklərin keyfiyyəti ilə bağlı təhsil naziri olaraq sizin fikiriniz maraqlıdır?
- Dərsliklərin hazırlanması və keyfiyyətinin artırılması Təhsil Nazirliyinin qarşısında haqlı olaraq qoyulan məsələlərdən biridir. Son illər ərzində dərsliklərin hazırlanması prosesində dəyişikliklər etmişik. Bütün dəyişikliklərin yeganə məqsədi var: Hazırlanan dərsliklərin keyfiyyətinin artırılmasına nail olmaq. Dəyişikliklər nədir? Birincisi və ən mühümü odur ki, biz dərsliklərin seçim mərhələsində qiymətləndirmə prosesini tam açıq etmişik. Təhsil Nazirliyindən əlavə, digər qurumların bu işə cəlb edilməsinə nail olmuşuq. Bu, özlüyündə yaxşı xəbərdir. Çünki dərslik seçimində həm şəffaflığı artırır, həm də hər hansı bir təkmilləşmənin, təklifin dərslik çap olunandan sonra deyil, dərslik seçim mərhələsində olan zaman aparılmasına imkan verir.
İkincisi, hazırda yanaşma ondan ibarətdir ki, bütün hazırlanma prosesində olan, həmçinin artıq istifadədə olan dərslikləri ictimai rəy üçün açıq elan etmişik. Bunun üçün xüsusi bir portal yaradaraq dərslikləri orada yerləşdirmişik. Təhsil üzrə ekspertlərin, valideynlərin, müəllimlərin, jurnalistlərin, yazıçıların, riyaziyyatçıların və digər mütəxəssislərin dərsliyin məzmununa görə təklifi varsa, bunlar dərsliyin hazırlanması prosesində də istifadə olunur. Bunu nəyə görə etdik? Çünki mən bir daha vurğulamaq istəyirəm ki, dərslikləri yaradan Təhsil Nazirliyi və nazirliyin işçiləri deyil. Dərslikləri yaradan bizim alimlərimiz, müəllimlərimizidr. Təbii olaraq biz həmin bu prosesin təkmilləşdirilməsi, metodikanın, metodiki dəstəyin verilməsi, ictimai müzakirələrin və ekspertizanın səviyyəsinin qaldırılması üçün bütün zəruri olan çərçivəni, şəraiti yaratmalıyıq və artıq müvafiq mühit yaradılıb.
Haqlı olaraq sual səslənə bilər ki, siz bizə sistemi izah edirsiniz, ancaq bizə sistemin izahı yox, dərslik lazımdır. Təhsil Nazirliyinin təşəbbüsü ilə artıq bir ildən çoxdur ki, biz hökümətə qərar layihəsi təqdim etmişik. Bu qərar layihəsi ehtiyat dərsliklərin hazırlanması barədədir. Bu qərar qəbul olunduğu təqdirdə, Təhsil Nazirliyinin səlahiyyəti yaranacaq ki, hər bir fənn üzrə və yaxud ehtiyac duyduğumuz hər bir fənn üzrə ehtiyat dərslik yaradaq. Artıq açıq müsabiqədə qalib gələn müəlliflərlə deyil, həmçinin bu sahədə ölkəmizdə bilik və nüfuza malik olan ekspert müəllifləri seçib ixtisaslar üzrə qruplara bölərək, ehtiyat dərsliyin yaradılmasına nail olaq. Həmin dərsliyin minimal tədris standartlarına cavab verməsini təmin edək. Bu qərar qəbul olunduğu təqdirdə, birbaşa ən güclü mütəxəssisi bu işə cəlb edə bilərik.Fürsətdən istifadə edib, bütün mütəxəssis və alimlərimizi, dərslik yaradılması üçün özündə potensial bilik və bacarığı görən elm adamlarımızı bu prosesdə iştirak etməyə dəvət edirik. Çünki dərsliyi elm, təhsil sahəsinin mütəxəssisləri yaradır, dövlət məmurları deyil...
-Mənim yadıma gəlir ki, məktəbimizin direktoru hansısa əməlimə görə, mənə bir sillə vurmuşdu. Mən döyülən şagird olmamışam, amma heç yadımdan çıxmır. Buna görə cəmiyyətdə heç bir faciə baş verməmişdi. Bizim kənddə də, ailədə də, hətta məktəb direktoru bizim evə gələndə hörmətlə qarşılanmışdı ki, sağolun, uşağı tərbiyə edirsiniz. Son zamanlar şagirdlərin döyülmə faktları baş verir. Cəmiyyətdən kəskin reaksiya görürük. Yadıma gəlmir ki, buna görə Azərbaycanda indiki qədər ajiotaj olsun. Şagirdlərin döyülmə faktlarına təhsil naziri kimi sizin münasibətiniz necədir?
- Təhsil Nazirliyi kimi biz buna təbii baxmırıq, baxmaq niyyətində də deyilik. Birmənalı şəkildə Təhsil Nazirliyinin mövqeyi ondan ibarətdir ki, tədris prosesində bu, yolverilməzdir. İstənilən faktdan asılı olmayaraq təhsil prosesində şagirdin, müəllimin, məktəb direktorunun hər kəsin öz hüquqları və vəzifələri var. Bir tərəfin hüququ harada bitirsə, digər tərəfin hüququ oradan başlayır. Əgər bir tərəf başqa bir tərəfin hüququna aid olan tərəfə, əraziyə müdaxilə edirsə, Təhsil Nazirliyi tərəfindən fərdi qərar qəbul edilir, biz bunu araşdırırıq. Müasir təhsil sisteminə, Azərbaycan cəmiyyətinin inkişaf meyllərinə və dəyərlərinə əsaslanaraq, bunu yolverilməz hesab edirik.Bu məsələ ətrafında olan ajiotaja gəldikdə, bunun da iki səbəbi var. Birincisi, bu halın baş verməsidir. Çünki hadisə olmasa, bunun ətrafında müzakirə də olmazdı. İkinci məsələ ondan ibarətdir ki, KİV-in, sosial şəbəkələrin cəmiyyətdə bu və ya digər səbəbdən haqlı mövqeyə malik olan fərdi şəxsləri maarifləndirməklə reytinq yığmaq arasındakı fərqli fəaliyyətini fərqləndirməliyik.
Əgər baş verən istənilən mənfi halla mübarizənin ilk addımı maarifləndirməkdirsə, reytinq və sosial şəbəkədə daha çox “like“, seyrçi yığmaq üçün maarifləndirmək o qədər də cəlbedici alət deyil. Təhsil sistemində bu halların hansısa oturuşmuş ehkamlardan, müəllimə olan münasibətimizdən asılı olmayaraq, şagirdin, vətəndaşların müxtəlif fikirlərinə baxmayaraq, Təhsil Nazirliyinin mövqeyi olaraq deyirəm ki, təhsil sahəsində bu, baş verməməlidir. Heç bir müəllimin heç bir şagirdə əl qaldırmaq hüququ yoxdur. Eləcə də əksinə, heç bir şagirdin heç bir müəllimin hüququnu tapdalanmağa haqqı yoxdur. Mən əminliklə deyə bilərəm ki, işlədiyim dövrdə biz həm müəllmlərin, həm şagirdlərin hüququna toxunan addımların qarşısını almışıq və müvafiq cəza tədbirləri görmüşük.
- Maarifçilik Fondunun yaradılması ilə bağlı müzakirələr gedir. Bu fondun yaradılmasında əsas məqsəd nədir?
- Bu fond bir məqsəd üçün yaradılıb. Məqsəd ondan ibarətdir ki, biz ali təhsil səviyyəsində təhsil alan tələbələrə tələbə kreditlərinin və gələcəkdə imkan olarsa, tələbə qrantlarının verilməsi üçün bir alət yaradırıq. Biz bu prosesə təxminən bir il bundan öncə başlamışıq. Təəssüflər olsun ki, Təhsil Nazirliyinin dövlət büdcəsində bunun üçün xüsusi məqsəd olmadığına görə, biz bu layihəyə Təhsil Nazirliyinin tabeliyində olan 11 ali təhsil müəssisəsini cəlb etmişik və bir sıra özəl şirkətlərlə də müzakirələr aparırıq. Maarifçi Fondu artıq Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçib. Fondun iştirakçısı olan 11 ali təhsil müəssisəsində yaxın aylardan başlayaraq fondun qaydalarına əsasən, belə krediti almaq üçün müraciət edən tələbələr bu imkandan yararlana biləcəklər. Bu kreditlər bir məqsəd daşıyır, təhsil haqqının ödənilməsi. Bu vəsaitin geri qaytarılması da tələbənin gələcəkdə əmək bazarında işə qəbul olandan sonra 5, 7 və yaxud 10 ilə həyata keçiriləcək.
Onu da əlavə edim ki, Təhsil Nazirliyi tərəfindən ilk dəfə olaraq, ali təhsil müəssisələri məzunlarının işə qəbulu barədə məlumat hazırlanıb. Bu məlumatlar yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq. Bu, valideynlər və məzunlar üçün çox faydalı məlumat olacaq. Çünki bununla açıq şəkildə hansı universitetin məzunu olduğu təqdirdə, məzunun işə düzəlmə şansının nə qədər olması barədə onlara məlumat veriləcək. Bu, həmçinin ali təhsil müəssisəsinin kütləviliyi və hansı ali təhsil müəssisəsinin seçilməsi kimi suallara da aydınlıq gətirəcək.
- Maarifçi Fondu hansı vəsait hesabına formalaşdırılacaq?
- Bu layihəyə qoşulmuş 11 təhsil müəssisəsi hər biri öz kvotaları çərçivəsində təhsil haqqı dəyərində müəyyən sayda yer ayırıblar. Şərti olaraq deyək ki, Azərbaycan Dövlət İqtisad Universiteti bir tədris ili üçün 50 belə kreditin ödənilməsini öz üzərinə götürüb. Ancaq qiymətləndirməyə gəldikdə, yəni hansı tələbə bu krediti ala bilər? Bu, universitet tərəfindən yox, fond tərəfindən həyata keçiriləcək. Yaxın vaxtlarda fonda icraçı direktor təyin olunacaq, hər bir iştirak edən təsisçi tərəfindən nümayəndələr ayrılacaq.Fürsətindən istifadə edərək, bu işin bünövrəsində olmaq istəyən sahibkarlara, iş adamlarına müraciət edirik. Çünki bu layihəni özəl sektorla tərəfdaşlıq layihəsi kimi dəyərləndiririk. Əgər onlar da qoşularsa, tələbənin yalnız təhsil haqqı ilə bağlı deyil, yaşayış xərcləri, digər ehtiyacları ilə bağlı da kredit verə bilərik.
- Tələbələrə verilən təqaüdlərdə də yeniliklər oldu...
- Cənab Prezident bu sərəncamı imzalamaqla Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin qaldırılmasına böyük töhfə vermiş oldu. Artıq ikinci semestrdən istər dövlət sifarişi ilə, istər ödənişli təhsil alan tələbə yaxşı, əla qiymətlərlə oxuduğu təqdirdə dövlət tərəfindən təqaüd ala biləcək. Bu da tələbələr arasında sağlam rəqabətə gətirib çıxaracaq, ictimai nəzarəti əhəmiyyətli dərəcədə gücləndirəcək. Çünki öncədən öz hesabına təhsil alan tələbələr üçün maraqlı deyildi ki, dövlət sifarişi ilə təhsil alan tələbənin biliyi obyektiv qiymətləndirilir, ya yox. Çünki o, təqaüdü dövlət hesabına təhsil aldığı üçün əldə edirdi. Ona görə tələbələrə uğurlar. Çünki bu dəyişiklik ən yaxşı oxuyan tələbələrin təşviqi üçün vacib bir alətdir.
- Daha bir yenilik məktəb müşavirliklərinin yaradılması planıdır. Bununla bağlı hansı addımlar atılacaq?
- İlk növbədə, şərti adı məktəb müşavirləri layihəsi kimi düşünürük. Hazırda bununla bağlı nazirlikdə işçi qrupu formalaşdırılıb.Layihə çərçivəsində qarşımıza hansı məqsədləri qoyuruq? Birinci məqsəd məktəblərdə müəllim-şagird, direktor-müəllim, məktəb rəhbəri-şagird və şagirdlər arasında olan münasibətlərdə qeyri-sağlam və mənfi hallar varsa, onların profilaktikası, ortaya çıxarılması və aradan qaldırılmasıdır. Belə bir təcrübə bir sıra dövlətlərin təhsil sistemində də mövcuddur. Hazırda qeyd etdiyim kimi, pilot layihə çərçivəsində bu məsələləri nəzərdə tuturuq. Bu layihənin həyata keçirilməsi nəticəsində şagirdlərin məruz qaldığı təhlükələrin, şagird-müəllim münasibətlərində olan neqativ halların, o cümlədən tamamilə kənar qüvvələr tərəfindən atılan mənfi addımların qarşısını almış olacağıq.
- Peşə təhsili Dövlət Agentliyinin yaradılması ilə bağlı işlər görülür. Təhsil və agentlik, bunlar bir-birinə yad kəlmələrdir. Bəs, bu agentlik nəyə xidmət edəcək?
- Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, biz ilk peşə-ixtisas təhsilinin optimallaşdırılmasına yönəlmiş addımları həyata keçiririk. Burada iki istiqamət var. Birincisi, mövcud olan şəbəkənin optimallaşdırılması. Yəni, hazırda fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinə yenidən baxılması, onların bəzilərinin fəaliyyətinin əsaslı şəkildə dəyişdirilməsi. İkincisi isə institusional, yəni peşə təhsili səviyyəsində təhsil alan məzunlarla əmək bazarı, işə götürənlər, ölkə iqtisadiyyatının real tələbləri arasında uyğunluğun daha yüksək səviyyəyə qaldırılmasıdır. Bunun səbəbləri bəllidir. Birincisi, bizim əmək bazarımız kifayət qədər peşə təhsili sistemindən çıxan kadrlarla təmin olunmalıdır. Bu gün Azərbaycanda əmək miqrasiyası proseslərini də görürük. Xaricdən gələn işçi qüvvəsi ilə rastlaşırıq. Digər tərəfindən Azərbaycanın çox müsbət demoqrafiq göstəriciləri var. Bu da o deməkdir ki, bizim gələcəkdə peşə təhsilinə qəbul etdiyimiz gənclərimizin sayı getdikcə artacaq. Üçüncüsü, sürətli iqtisadi dəyişikliklər dövründə hansısa peşənin sahibi olan insanlar arasında təhsilə maraq artır. Çünki elə olur ki, onların fəaliyyət göstərdiyi sahələrdə iş yerləri bağlanır, fərqli sahələrdə iş yerləri açılır. Belə olduğu halda, onların yeni ixtisaslara yiyələnməsinə tələbat yaranır. Bütün bu fəaliyyətin əlaqələndirilməsi məqsədilə Peşə Təhsili Dövlət Agentliyinin yaradılmasına dair hazırlıq işləri görülüb. Artıq bu sənəd Nazirlər Kabineti tərəfindən ölkə rəhbərliyinə təqdim olunub.Yeni yaradılacaq qurumun ad məsələsinə gəldikdə, bu, sadəcə olaraq dövlət qulluğunun tələblərindən irəli gələn amildir. Müxtəlif mərkəzi icra hakimiyyəti orqanlarının nəzdində agentliklər fəaliyyət göstərə bilər.
- Məktəb direktorlarının təyinatı ilə bağlı da yeniliklər var. Bu yeniliklər nədən ibarətdir?
- Birincisi, biz düşünürük ki, bu sahədə əhəmiyyətli dəyişikliklərə nail olmuşuq. İlk növbədə, biz məktəb direktorlarının təyin olunmasını bir neçə mərhələdən ibarət müsabiqə əsaslı prosesə çevirmişik. Buna Bakı şəhərindən pilot layihə olaraq başladıq. Son iki il ərzində Bakı şəhərində təyin etdiyimiz bütün məktəb direktorları rəqabətli seçim əsasında təyin olunub. Tam açıq və şəffaf danışsaq, bu proses nəticəsində kadr təyinatında olan bütün mənfi halların qarşısı alınıb.
2016-cı ildən başlayaraq biz bu təcrübəni Sumqayıt, Gəncə və həmin şəhərlərin ətrafında olan bir sıra rayonlara da tətbiq etməyə başlamışıq. Məktəb direktoru olmaq üçün zəruri anket keyfiyyətlərinə malik olan, direktor olmaq istəyən hər bir şəxs müraciət edə bilər. İlkin seçim nəticəsində onlar universitetlərin təlim bazasında yaradılan 5 aylıq təlim proqramında iştirak edirlər. Bu təlimləri uğurla başa vuran namizədlər imtahan verir və müsahibə mərhələsindən keçir. Yalnız bu mərhələləri müvəffəqiyyətlə keçənlər məktəb direktoru təyin oluna bilər. Beləliklə, respublikanın ərazisini kifayət qədər böyük həcmdə - təxminən 50 faizə yaxın olan şəbəkəni əhatə edəcəyik. Bu, aparılan islahatların yalnız birinci mərhələsidir. Çünki ikinci mərhələdə bu prosesin əks mərkəzləşməsinə nail olmağa çalışacağıq. Sadə dillə desək, bu gün və hər zaman Azərbaycanda fəaliyyət göstərən təxminən 4500 məktəbin hər birinin direktorunu Təhsil Nazirliyi təyin edir. Ancaq təhsil naziri hər gün bir nəfəri qəbul etsə, təxminən 12-15 illik bir müddət olar. Bu, isə bir səmərəsizlik kimi görünür.Hazırda dövlət başçısının sərəncamına uyğun olaraq, regionlarda maliyyə hesablaşma idarələrinin yaradılması prosesi gedir. Bir neçə rayonda fəaliyyət göstərən şöbələr əsasında regional hesablaşma mərkəzləri yaradılır. Rayon təhsil şöbələri müdirlərinin təyinatı Rayon İcra hakimiyyətlərinin rəhbərləri tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla həyata keçirilir. Gələcəkdə biz düşünürük ki, əgər regional təyinatlar Təhsil Nazirliyi tərəfindən həyata keçirilərsə, bura təyin olunan həmkarlar təhsil siyasətini, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasından irəli gələn tələbləri bilən və seçilən adamlar olarlarsa, məktəb direktorlarının təyinatı da yerli səviyyədə baxılmalıdır. Bu təyinatlar Təhsil Nazirliyi tərəfindən deyil, regional səviyyədə həyata keçirilsin. O şərtlə ki, təyin olunan direktorlar bu ixtisaslaşmış təlimdən keçmiş, zəruri biliklərə malik insanlar olsun. Bu addımları atmaqla biz faktiki olaraq subyektivlik, mənfi amilləri aradan qaldırırıq və yalnız peşəkarlıq, bilik prinsiplərini əsas götürürük. Ona görə də islahatın birinci mərhələsini başa çatdırmışıq. Əminliklə deyə bilərik ki, bu gün hər bir məktəb direktorunun təyinatı tam şəffaf həyata keçirilir. İslahatın ikinci mərhələsində isə bu prosesi daha yeni səviyyəyə çatdırmaq niyyətindəyik.