A

UNEC son bir ayda iki nüfuzlu beynəlxalq elmi konfransa ev sahibliyi edib. Konfranslarda Azərbaycanla yanaşı, dünyanın tanınmış elm adamları, dövlət nümayəndələri, nüfuzlu universitetlərin rəhbərləri və əməkdaşları da iştirak edib. Konfransların məqsədi tanınmış alimləri bir araya gətirmək, dünyanın müxtəlif nüfuzlu universitetləri ilə əlaqələri artırmaq, elmi nailiyyətləri və təcrübələri paylaşmaq, eyni  zamanda qarşıya çıxan problemləri təhlil etmək, ortaq problemləri müzakirə edərək, həll yolları üçün təkliflər irəli sürməyi təmin etməkdir. UNEC-in beynəlxalq konfranslara ev sahibliyi etməsi bu ali təhsil ocağının elmi tədqiqatyönümlü instituta çevrilməsi istiqamətində uğurla irəliləməsindən də xəbər verir.“Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda keçirilən konfransın plenar iclasında məruzə ilə çıxış edən UNEC-in Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov la müsahibədə bu barədə danışdıq. Müsahibəni təqdim edirik:

- Mirağa müəllim, beynəlxalq elmi konfransların əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik...- Ümumiyyətlə, beynəlxalq elmi konfransların keçirilməsi ali təhsil ocaqlarının, xüsusilə də elmi tədqiqatyönümlü instituta çevrilməkdə iddialı olan universitetin dünya elm məkanına inteqrasiyası deməkdir. Beynəlxalq elmi konfranslar dünyanın nüfuzlu elm adamlarının bir araya gəldiyi platformadır. Universtetin belə tədbirlərə ev sahibliyi etməsi həmin ali təhsil ocağının nüfuzundan xəbər verir. Bu baxımdan UNEC-də təşkil edilən “Təhsilin sosial-iqtisadi inkişafında rolu” mövzusundakı beynəlxalq elmi konfransa 500-ə yaxın Azərbaycan və dünya alimlərinin qatılması, konfransı informasiya agentlikləri vasitəsilə ilə geniş ictimaiyyətin izləməsi çox təqdirəlayiqdir. Əminəm ki, konfransda irəli sürülən təkliflər və gəlinən nəticələr ölkə təhsilinə, o cümlədən sosial-iqtisadi inkişafına öz töhvəsini verəcəkdir. Xüsusi vurğulamaq istəyirəm ki, konfransda təhsilin sosial-iqtisadi inkişafında insan kapitalının rolu əsas götürüldü. Bu qənaətə gəlindi ki, insan kapitalının artırılması üçün atılan hər bir addım mühüm əhəmiyyətə malikdir. Burada həm təhsilini davam etdirmək istəyənlər, həm də öz qabiliyyətlərini təhsillə deyil, digər vasitələrlə reallaşdırmaq istəyənlər də uğur qazana bilirlər. Misal olaraq baxdıqda, iqtisadiyyat üzrə təhsil alan bir gəncin iqtisadiyyatla bağlı olan layihələrdə iştirak etməsi, öz layihəsini reallaşdırması və ya müvafiq sahə üzrə xaricdə olan bir konfransda iştirak etməsi öz insan kapitalına, seçdiyi yola sərmayə qoymağın bir üsuludur. Danılmaz faktdır ki, hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunur. Dünya təcrübəsi sübut edir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil, başlıcası, bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdir. Əslində bu, hazırkı mərhələdə təhsil sisteminin ən zəruri vəzifəsi hesab olunur. Tarix də sübut edir ki, ABŞ, Yaponiya, Cənubi Koreya kimi inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox təhsil sisteminin yetişdirdiyi insan kapitalından böyük gəlirlər əldə etmişlər. Bu ölkələrdə inkişafa təsir göstərən amillər içərisində təhsilin payı xeyli dərəcədə yüksək olub – təxminən 70 faizə bərabərdir

.- Beynəlxalq konfransda tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində qiymətləndirmə metodikası təklif etmişiniz. Bu barədə danışmağınızı xahiş edirik.- Əlbəttə, tədrisin keyfiyyəti dedikdə göz önünə tələbə biliyinin qiymətləndirilməsi gəlir. Lakin bu, heç də tədrisin keyfiyyətini tam xarakterizə etmir. Buna bir göstərici kimi yanaşmaq olar. Bəzən çıxışlarda tədrisin keyfiyyətinin yüksəldilməsində müxtəlif təkliflər söylənilir. Amma təkliflərin təsir dərəcələrinin qiymətləndirilməsi və nəticəsi ölçüləbilən olmur. Bu baxımdan bizim təklif etdiyimiz metodika ondan ibarətdir ki, tədrisin keyfiyyətinə təsir göstərən bütün meyarlar ölçüləbilən olsun. Ona görə də fikrimizi tədrisin keyfiyyətinə təsir göstərən “İnfrastruktur, Sosial-iqtisadi, Elmi-texnoloji, Özünüinkişaf” kimi ən vacib dörd amil üzərində reallaşdırmışıq. Əlbəttə ki, göstərilən amillər aşkar, funksional və analitik formada mövcud olmur. Ona görə də göstəricilər sistemindən istifadə edirik. Bu göstəricilər sistemi dünya təhsil standartlarında qəbul olunmuş göstəricilər sistemi ilə müqayisə olunmalıdır və çox meyarlı, çox amilli qiymətləndirmə modeli vasitəsilə tətbiq edilməlidir. Tətbiq zamanı əldə edilən nəticədə differensial, həm də inteqral meyarlarının mümkün qiymətlər çoxluğu müvafiq diapazonda müxtəlif qiymətlər alır. Bu qiymətlər bizə tədrisin keyfiyyətinin dünya təhsil standartlarının hansı səviyyəsində olduğunu müəyyənləşdirmək imkan verir. Güman edirik ki, metodikanın tətbiqi gələcək tədrisin keyfiyyətinin yüksəldilməsinə öz tövhəsini verəcək. Onu da qeyd etmək istərdim ki, verilmiş metodika UNEC-də çap olunacaq beynəlxalq konfrans materiallarında öz əksini tapacaqdır.

  • Siz hazırda UNEC-in meqafakültələrindən birinə rəhbərlik edirsiniz. Ümumiyyətlə, meqafakültənin yaradılması hansı zərurətdən yarandı və üstünlüyü nədədir?- Fakültələrin birləşdirilərək, meqa fakültəyə çevrilməsi uğurlu təhsil strategiyasına hədəflənir. UNEC-in müvafiq Elmi Şurasının qərarı ilə idarəetməni təkmilləşdirmək və səmərəli idarəetmə formalarını seçmək məqsədilə Kommersiya, Biznes inzibatçılığı, İnformatika və idarəetmə fakültələri ləğv edilərək, onların bazasında Biznes və menecment fakültəsi yaradılıb. Beynəlxalq təcrübəyə nəzər salanda görürük ki, istehsal, xidmət və ya tədavül sferasına öz töhfəsini verən, nəticə etibarı ilə istehlakçı tələbatını ödəyən ixtisaslar təhsil sferasında xaotik fəaliyyət göstərə bilməz. Bu baxımdan yeni yaradılan Biznes və menecment fakültəsində alimlər öz yeni ideyalarını bir yerdə müzakirə edərək, yeni-yeni layihələrə imza atırlar.
  • Nümunə olaraq deyə bilərəm ki, meqafakültə yarandıqdan az sonra Rabitə və Yüksək Texnologiyalar Nazriliyi tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibi olmuşuq. Hazırda Biznes və menecment fakültəsində yeni tədris standartlarına uyğun metodla (Keys, Ziqzaq, Karusel sistemi və Əqli hücum) dərslər tədris olunmaqdadır.

Biznes və menecment fakültəsinin nəzdində olan ixtisaslar bu gün Azərbaycan iqtisadiyyatının əsas prioritet sahələrini təşkil edir. Bu baxımdan da tədrisin keyfiyyətinin yüksəldilməsi – Elektron Universitet Modelindən bəhrələnərək keyfiyyətli təhsil tədris etmək, dünya təcrübəsini daha dərindən tədqiq edərək innovativ yenilikləri tələbələrə çatdırmaq, təcrübə mübadilə proqramlarında fəal iştirak etmək, istehsalatla (texnoparklarla) əlaqə qurmaqdır. Görəcəyimiz işlər sırasında beynəlxalq əlaqələri gücləndirmək, dünyanın nüfuzlu universitetləri ilə videokonfranslar keçirməkdir. Hədəfimiz əmək bazarında lazım olan kadr tələbatını ödəməkdir.

TOP XƏBƏRLƏR