A

 REPORT.AZ

Müasir texnologiyalar inkişaf etdikcə, informasiyanın, biliyin çatdırılma kanalları da genişlənir. Belə bir şəraitdə məsafəli tədris müasir təhsil sistemində daha geniş tətbiq imkanları əldə etmiş olur. Distant təhsil forması dünyanın ən uzaq nöqtəsində olan istənilən insana gəlir səviyyəsindən asılı olmayaraq ən nüfuzlu universitetlərin kurslarını keçə bilmək imkanı yaradır. Bəs dünyada distant tədrisdə hansı müasir tendensiyalar müşahidə olunur və ölkəmizdə bu təhsil formasının tətbiqi nə yerdədir?

Məsələni “Report”a şərh edən iqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Mühasibat fakültəsinin dekanı Gəray Musayev telekommunikasiya vasitələrinin sürətli inkişafının biliyin əldə edilməsinə geniş imkanlar yaratdığını və onu olduqca asanlaşdırdığını vurğulayıb.

İqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Mühasibat Fakültəsinin dekanı Gəray Musayev: 

“Distant təhsilə ənənəvi təhsilin əvəzləyicisi, rəqibi kimi yox, təhsilin verilməsində geniş imkanlar təqdim edən bir tamamlayıcısı kimi baxmaq lazımdır”.

“Bu isə öz növbəsində distant təhsilin ömürböyü təhsilin təmin edilməsində əhəmiyyətini artırır. Vaxt, zaman, iştirak məhdudiyyətlərinin aradan qaldırılması ilə distant təhsil müasir dövrün sürətlə dəyişən tələblərinə cavab verməkdə çətinliklərlə qarşılaşan ənənəvi təhsilin çatışmazlıqlarını qarşılayır. Distant təhsil dünyada, artıq xüsusən ali təhsil sistemində olmaqla sürətlə yayılır və tədrisin ayrılmaz vasitəsi kimi qəbul olunur. Bu baxımdan distant təhsilə ənənəvi təhsilin əvəzləyicisi, rəqibi kimi yox, təhsilin verilməsində geniş imkanlar təqdim edən bir tamamlayıcısı kimi baxmaq lazımdır”, - o deyib.

Ekspert hesab edir ki, distant təhsil ixtisas və peşələrlə bağlı yenilikləri tələb edənlərə sürətlə ötürülməsində vaxt və zaman məhdudiyyətini aradan qaldırdığı üçün müasir universitetlərdə “ömürboyu təhsil”, “davamlı təhsil” və sair oxşar mərkəzlər yaradılaraq geniş kütləyə təhsil verilməsini asanlaşdırır: “Xüsusən də müxtəlif sahələr üzrə dəstəkləyici sertifikat proqramları distant təhsillin köməyi ilə təqdim olunur. Bununla yanaşı, bəzi ixtisaslar xüsusən sub bakalavr ixtisasları üzrə təhsil, o ixtisasların xüsusiyyətləri nəzərə alınmaqla bütövlükdə distant formada təqdim olunur. Artıq bu təcrübə geniş yayılır və distant təhsildə ixtisaslara yeniləri əlavə olunur”.

“Ölkəmizdə ali təhsil müəssisələrində distant təhsilin tətbiqi və onun inkişaf etdirilməsi ilk növbədə müəyyən məsələlərin aydınlaşdırılmasını zəruri edir: distant təhsil hansı təhsil pillələrində veriləcək, hansı ixtisaslarda bu mümkündür, tədris materiallarına hansı standartlar tətbiq olunacaq, imtahanların forması necə olacaq. Bütün bunlarla, yanaşı maddi-texniki baza ilə bağlı standartların müəyyənləşdirilməsi və yetərli kadr potensialının hazırlanması da əsas şərtlərdəndir”, - G.Musayev bildirib.

Təhsil eksperti Kamran Əsədov qeyd edir ki, beynəlxalq statistikaya görə, distant təhsildə “tələbələrin” əksəriyyəti yaşı 25-i ötmüş, işləyən və işdən ayrılmadan peşəkar biliklərini genişləndirmək istəyən şəxslərdir.

“Distant təhsil vaxtının çoxunu işdə, uşaqlarla və ya ailəsi ilə keçirən insanlar üçün yeni bilik və bacarıqlar əldə etmək üçün yeganə mümkün vasitədir. Hər hansı şəxs işini itirmək qorxusu olmadan və işdən ayrılmadan ixtisasını artırmaq və ya yeni biliklər əldə etmək imkanı əldə edir. Hesab edirəm ki, distant təhsil şübhəsiz, qarşısına məqsəd qoyanlar və bunun ona nə üçün lazım olduğunu anlayanlar üçün səmərəli təhsil formasıdır. Belə təhsil özünütəhsil prosesini planlaşdırmağı və ona nəzarət intizamını tərbiyə edir. İstənilən təhsil forması kimi bu da qarşılıqlı prosesdir və tələbə ilə canlı ünsiyyət olmadıqda “pedaqoq” amili çox vacib olur. Şübhəsiz, məsafəli tədris illər ötdükcə daha çox inkişaf edəcək müasir təhsil formasıdır”, - ekspert vurğulayıb.

Təhsil eksperti Kamran Əsədov

“Hazırda Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından onu təhsilin bir forması kimi qəbul etmək olmaz”.

K. Əsədovun sözlərinə görə, 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanunda ali təhsil alma formalarından biri kimi distant təhsil qəbul edilsə də, indiyə qədər Azərbaycanda distant təhsil mexanizmi müəyyən olunmadığı üçün bu formada xarici ölkələrdə təhsil almış şəxslərin diplomları tanınmır: “Hazırda Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından onu təhsilin bir forması kimi qəbul etmək olmaz. Bu gün Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər xarici ölkələrdə, daha çox qardaş Türkiyədə distant və ya fərdi qrafik üzrə təhsil almağa üz tuturlar. Bəzi xarici təhsil xidməti göstərən şirkətlər valideyn və abituriyentlərin məlumatsızlığından istifadə edərək onları bu formada təhsil almağa yönəldirlər. Bəli, həmin universitetlərin özləri, ixtisası Azərbaycanda tanınır, amma təhsil alma forması bizim normativ hüquqi aktlara uyğun olmadığı üçün diplomları tanınmır. Bu yerdə bir məqama xüsusi diqqət yetirmək lazımdır. Universitetin ölkəmizdə rəsmi tanınması onun təhsil alma formasının da tanınması demək deyil. Hazırda xarici ölkələrdə yalnız əyani və qiyabi təhsil alanların diplomları tanınır. Bu formada təhsil alma özü də hələ diplomun qeyri-şərtsiz tanınacağı anlamına gəlmir. Qiyabi təhsil alanlar həmin ölkənin ərazisində azı 15 gün, əyani təhsil alanlar isə 90 gün semestr boyu olmalıdırlar. Əgər onların təhsil aldıqları müddət bundan az olarsa, diplomlarının tanınmasından imtina olunur”.

Elşən Aydınov

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay