A

Yeni tədris ilindən UNEC-də Psixoloji xidmət Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin direktoru Şəfahət Abdullayeva UNEC News-a mərkəzin yaradılması, fəaliyyət istiqamətləri və xidmətləri barədə müsahibə verib.

- Şəfahət xanım, UNEC-də Psixoloji Xidmət mərkəzi hansı zərurətdən yarandı?

-Bilirsiniz ki, dünyada gedən proseslər intensiv və sürətlə dəyişir və dəyişməkdədir. Bu dəyişikliklərə adaptasiya olmaq böyük psixoloji güc, düzgün analiz tələb edir. Gündən-günə artan informasiya seli və müxtəlifliyində müasir insan özünü itirir və belə halda müəyyən dəstəyə, psixoloji köməyə ehtiyac duyur. Psixoloji biliklər, onların praktik tətbiqi bacarığı, psixoloji mədəniyyət, stresə davamlılıq bu gün bəlkə də heç vaxt olmadığı qədər aktualdır. Bütün insanlar, xüsusilə də hələ formalaşmaqda olan gənclər vaxtında psixoloji dəstək almalı və bununla da psixoloji sağlamlıqlarını qorumağı bacarmalıdırlar. Psixoloji xidmət insanların sosial-psixoloji səriştəsini artırmaq məqsədilə həm fərdi, həm də qruplara psixoloji yardım göstərməyə yönəlmiş psixologiyanın praktiki tətbiq sahəsidir.  Bu, şəxsiyyətlərarası münasibətlərdə çətinliklərlə əlaqəli müxtəlif növ psixoloji problemlərin, eləcə də dərin şəxsi problemlərin həllinə yönəlmiş insanlarla birbaşa işdir.

Dünyanın bir çox aparıcı universitetlərində tələbələr və işçilər üçün psixoloji yardım mərkəzləri vardır. Onlar tələbələrin təhsil mühitinə uygunlaşmalarını daha rahat və əlverişli edirlər. Belə mərkəzlərə ona görə ehtiyaс var ki, tələbələr universitetin divarları arasında ödənişsiz psixoloji xidmət ala bilsinlər, bu dəstəyi başqa yerdə axtarmasınlar.

Psixoloji xidmətin hər kəsə əlçatan olmadığını nəzərə alaraq, universitet daxilində təhsilalanlara və əməkdaşlara ödənişsiz xidmət göstərən belə bir Mərkəzin yaradılması son dərəcə təqdirəlayiqdir. 

Mərkəzin yaradılmasının məqsədi də UNEC-də təhlükəsiz və sağlam mühitin yaradılmasına, əməkdaş və tələbələrin mənəvi-psixoloji sağlamlığının dəstəklənməsinə, yarana biləcək emosional və psixi böhranların, imtahanqabağı streslərin qarşısının alınmasına xidmət etməkdir. Düşünürəm ki, Mərkəzimizin bu istiqamətdə fəaliyyəti uğurlu olacaq, peşəkar psixoloqlarımızla gənclərimizin akademik nailiyyətlərinin artırılmasına, universitetdə daha sağlam mühitin yaradılmasına dəstək olacağıq.

- Mərkəzin əsas fəaliyyət istiqamətləri və vəzifələri nələrdir?

-Mərkəzdə psixoloji müayinə çərçivəsində tələbələrin fərdi-psixoloji xüsusiyyətlərinin, potensial imkanlarının, meyl və maraqlarının öyrənilməsi, sosiallaşmada yaranan çətinliklərin səbəblərinin müəyyənləşdirilməsi üzrə sistemli tədbirlər də həyata keçiriləcək. Universitetdə sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması və sabit saxlanılması, tədris-tərbiyə prosesinin səmərəli təşkili istiqamətində ehtiyacların daim öyrənilməsi, təhsilalanların sosial bacarıqlarının artırılması istiqamətində pedaqoji heyətlə birlikdə müvafiq işlər aparılacaq. Stresə davamlılığı yüksəltmək, qarşılıqlı münasibətlərdə psixoloji mədəniyyəti yüksəltmək, kollektivdə qarşılıqlı anlama və hörmət, konfliktlərin aradan qaldırılması və əlverişli mikromühit yaratmaq, tələbələrdə yarana biləcək psixoloji böhranın əvvəlcədən qarşısının alınması, hər hansı dəyişikliyə zamanında adaptasiya olunmasına yardım göstərmək də Mərkəzimizin qarşısında duran əsas vəzifələrdəndir.

- Psixoloji Xidmət Mərkəzinə kimlər müraciət edə bilərlər?

- UNEC-də təhsil alan bakalavr, magistr, doktorantlar, müəllimlər və əməkdaşlar, bir sözlə, UNEC-də təmsil olunan hər kəs xidmətimizdən yararlana bilərlər.

- Psixoloqların qəbuluna yazılmaq proseduru necə təşkil olunub?

- Mərkəzimiz UNEC-in əsas tədris binasında 327-ci otaqda fəaliyyət göstərir. Hələlik məsləhət saatlarına mənim mobil nömrəmə (050 858 03 37) zəng edərək yazılmaq mümkündür. Qısa zamanda isə unec.edu.az saytı üzərindən qeydiyyat bölməsi yaradılacaq. Qəbul, eləcə də qəbula yazılmaq I-V günlər, saat 09:00-17:30-a dəkdir.

- Seanslar necə olur, fərdi və ya qrup şəklində?

- Fərdi şəkildə görüşdən sonra fərdi seanslar təyin edilir və lazım olduqda seanslar qrup şəklində də təşkil olunur. Bir seansın müddəti 50 dəqiqədir.

- Müraciət edənlərin ilkin diaqnostikası necə aparılır?

- İlk görüşdə psixodiaqnostik testlər və proyektiv metodika vasitəsilə söhbətdə şəxsin psixoloji problemi müəyyənləşdirilir. Bəzən bir neçə görüşdən sonra psixoloji problemi müəyyənləşdirmək mümkün olur. İlkin psixoloji müayinədən sonra əldə edilən nəticələrə uyğun olaraq, müraciət edən şəxsə psixoloji məsləhət  proqramı təklif olunur.  Proqramlar fərdi və qrup formasında təşkil edilir. Müraciət edən şəxsə təklif olunan psixoloji məsləhət proqramı bitdikdən sonra təkrar müayinələr keçirilir və nəticələri dəyərləndirilir.

- Hazırda müraciət edənlər varmı və problemlər əsasən nə ilə bağlıdır?

- Bəli, müraciət edənlər var, hətta deyərdim ki, seanslarımız doludur. Gənclərin problemləri əsasən ünsiyyət çətinlikləri, valideynləri ilə münasibətlərindəki anlaşılmazlıq, özgüvənsizlik, keçmişdə yaşadıqları travmalar, panik ataklardır. Daha yaşlı insanlarda, xüsusən müəllim və əməkdaşlarda ailə zəminində olan problemlər, sabahkı günə inamsızlıq və digər səbəblərlə bağlıdır.

- Bilirsiniz ki, imtahanlar yaxınlaşır, tələbələrin, eləcə də müəllimlərin stresi, gərginliyi həmin ərəfədə daha çox olur. Onlara nə tövsiyə edərdiniz?

- Fürsətdən istifadə edərək, tələbələrə və əməkdaşlara müraciət etmək istəyirəm ki, yüksək həyəcan, təşviş, aşağı özünüqiymətləndirmə, özgüvənsizlik, ətrafdakılarla münasibət qurulmasında çətinlik, ailədə, valideynlərlə, dostlarla problemlər yarandıqda, eləcə də daxili psixoloji gərgin hallar yaşadıqda tərəddüd etmədən Mərkəzimizə müraciət etsinlər. Mərkəzimizdə məxfilik prinsiplərinə ciddi əməl olunur, o baxımdan müraciət edənlər rahatlıqla bizə güvənə bilərlər.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay