“Azərlotereya” korporativ sosial məsuliyyət çərçivəsində elm və təhsilin inkişafı istiqamətində növbəti mühüm layihəyə imza atıb.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə imzalanan əməkdaşlıq memorandumuna əsasən, “Azərlotereya” UNEC kitabxanasına müxtəlif dillərdə nəşr olunan kitablar hədiyyə edərək, universitetin kitab fondunu daha da zənginləşdirib.
“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş təqdimolunma mərasimində çıxış edərək, nəfis tərtibatla nəşr olunan kitabların UNEC-də yeni fənlərin tədrisi üçün nəzərdə tutulduğunu deyib. Kitabların tələbələrin daha çox bilik və bacarıq əldə etmələrinə imkan yaradacağından əminliyini ifadə edən Osman Karakuş, UNEC ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib.
UNEC-in rektoru professor Ədalət Muradov universitet kitabxanasına göstərilən dəstəyə görə Osman Karakuşa təşəkkürünü bildirib, kitabların tələbələrin yeni biliklər əldə etməsində, eləcə də tədqiqatların aparılmasında faydalı olacağını deyib. Korporativ sektorun təhsilin inkişafı istiqamətində təşəbbüslərlə çıxış etməsini yüksək qiymətləndirən rektor, digər şirkətləri də bu layihələrə qoşulmağa çağırıb.
Qeyd edək ki, əməkdaşlıq çərçivəsində “Azərlotereya”nın iki əməkdaşı UNEC Biznes Mərkəzində tədris prosesinə cəlb olunub. UNEC tələbələri isə “Azərlotereya” ASC-də həm təcrübəyə cəlb ediliblər və həm də işlə təmin olunublar. Hazırda isə "Qeyri Akademik Transkript" layihəsinin hazırlanması istiqamətinə əməkdaşlıq davam etdirilir.