A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) reallaşdırdığı “Elmin populyarlaşdırılması” və “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsləri çərçivəsində növbəti görüşlər Gəncə şəhərində olub.

UNEC rektoru, professor Ədalət Muradov, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, professor Misir Mərdanov, akademik Nizami Cəfərov layihə çərçivəsində Gəncə şəhərindəki 11 və 27 nömrəli tam orta məktəblərin şagirdləri ilə görüşüblər.

Görüşdə rektor professor Ədalət Muradov layihənin məqsədinin uşaqlarda məktəb yaşlarından elmə marağı artırmaq, elmin gözəlliyi, əhəmiyyəti barədə onları məlumatlandırmaq olduğunu bildirib. Həmçinin bu təşəbbüsün şagirdlərə elmin müxtəlif sahələri ilə tanış olmaq və həmin sahələr üzrə karyera imkanları haqqında geniş məlumat əldə etmək üçün böyük bir fürsət yaratdığını vurğulayıb.

Sonra professor Misir Mərdanov və akademik Nizami Cəfərov məktəblilərə elm və təhsilin əhəmiyyəti barədə geniş məlumat verərək, elmin cəmiyyətdəki rolunu onlara maraqlı formatda izah ediblər. Alimlər şagirdlərin elmə olan maraqlarını artırmaqla, onları yeni biliklər öyrənməyə təşviq ediblər, həmçinin gələcəkdə müxtəlif elm sahələri üzrə uğurlu karyeralar qurmağın yollarını açıqlayıblar.

Şagirdlərin və məktəb kollektivinin maraqla dinlədikləri çıxışlardan sonra onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR