UNEC Kitabxana-İnformasiya Mərkəzi (KİM) “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” layihəsinin 7-ci sayını təqdim edir.
Layihənin bu sayında, Polşa Milli Kitabxanasında Nizami Gəncəvi irsi araşdırılıb. Kitabxanada dahi şairin irsinə dair ümumilikdə 16 əsərin (kitab, məqalə və s.) biblioqrafik yazısının mövcudluğu aşkar olunub.
Bu əsərlər Bakı ilə yanaşı, Leyden, Varşava, Praqa, Moskva, Nyu York, Leninqrad, Berlin və s. dünyanın müxtəlif şəhərlərində ingilis, rus, alman, polyak, fars dillərində nəşr olunub. Araşdırma zamanı məlum olub ki, Polşa Milli Kitabxanasında Nizami irsinə dair mühafizə olunan ən qədim nümunə (“Über die bildersprache Niẓāmīs” - Nizaminin şəkil dili haqqında) 1927-ci ildə Berlində alman dilində nəşr edilib. Əsərin müəllifi ərəb, fars, türk dilləri üzrə ixtisaslaşmış alman şərqşünası Hellmut Ritterdir.
Kataloqda Nizami Gəncəvi irsinə məxsus ən son nəşr “Chosrow i Szirin” (“Xosrov və Şirin”) poemasıdır. 2018-ci ildə polyak dilində, Varşavada nəşr edilib. Dahi Nizami haqqında mövcud olan ən son məqalə (“Nizami and Sadi (based on Nizami Ganjavi's “The Treasury of secrets” and Sadi Shirazi's “Bustan” poems” - “Nizami və Sədi (Nizami Gəncəvinin “Sirlər xəzinəsi” və Sədi Şirazinin “Bustan” poemaları əsasında”) 2019-cu ildə şərqşünas alim İbrahim Quliyevin müəllifliyi ilə ingilis dilində dərc edilib.