A

525-ci qəzet

“Huma quşu” Təhsilə yardım fondu beynəlxalq qurumlarda çalışan və gənc yaşda həyatını itirən Humay Quliyevanın ailə üzvlərinin təşəbbüsü ilə onun xatirəsini yaşatmaq və xeyirxah əməllərini davam etdirmək məqsədi ilə yaradılıb. Ad seçimində Humayın ingiliscə yazdığı bir şeirin “ After all, I am named after a bird living its entire life flying invisibily high above the Earth – Huma.” (“Axı hər şeydən əvvəl bütün həyatını Yer üzündən gözəgörünməz yüksəklikdə uçmaqla keçirmiş bir quş adıdır adım – Huma.” - misrasından istifadə edilib. Deviz isə Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından götürülmüş “Sən ki, Huma quşusan, şərəfli iş gör, əlbət!” misrasıdır. Başlıca məqsəd imkansız və az təminatlı ailələrin istedad, bacarığı ilə seçilən övladlarının ölkəmizdə və Azərbaycanın hüdudlarından xaricdə keyfiyyətli bakalavr, magistr təhsil almasına, cəmiyyət üçün faydalı insanlar, Humay kimi xeyirxah, vətənpərvər gənclər yetişməsinə maliyyə yardımı göstərməkdir. Bundan başqa Fond Qarabağ müharibəsi qazilərinin müxtəlif kurslarda müasir texnologiyalar sahəsində təhsil almalarına, ixtisaslarını artırmağa və yeni ixtisaslara yiyələnmələrinə maliyyə dəstəyi göstərir. Xeyriyyəçilik fəaliyyəti üçün təhsilə yardım sahəsinin seçilməsi ilk növbədə Humayın biliyə, təhsilə, kitaba, oxuyub-öyrənməyə olan sonsuz məhəbbəti ilə bağlıdır. Fondun təsisi zamanı onun halal zəhmətlə qazanılmış vəsaitinin bu istiqamətdə xərclənməsinin məqsədəuyğun şəkildə həyata keçməsi, nəcib fəaliyyətinin özündən sonra da davam etdirilməsi ideyası əsas götürülüb.

Mayın 3-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Huma Quşu” Fondunun təqdimat mərasimi keçirilib“Cəsarətin davamlı ömrü” adlı tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və media təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan UNEC-in prorektoru Fariz Əhmədov “Huma Quşu” Fondunun, eləcə də təhsilə yardım göstərən digər ictimai institutların fəaliyyətini yüksək qiymətləndirib. O bildirib ki, “Huma Quşu” Fondunun əsas məqsədi imkansız və az təminatlı ailələrin istedad və bacarığı ilə seçilən övladların, Humay Quliyeva kimi xeyirxah, vətənpərvər gənclərin yetişməsinə maliyyə yardımı göstərməkdir. Bundan başqa, Fond Qarabağ müharibəsi qazilərinin müxtəlif kurslarda müasir texnologiyalar sahəsində təhsil almalarına, ixtisaslarını artırmalarına və yeni ixtisaslara yiyələnmələrinə maliyyə dəstəyi göstərilir. 

Fondun İdarə Heyətinin üzvü Səidə Abdulayeva bildirib ki, fond Humay Quliyevanın xatirəsini yaşatmaq və humanitar fəaliyyətini davam etdirmək məqsədi ilə yaradılıb. O, tədbirin adında da vurğulanan cəsarət sözü barədə danışıb, ədəbiyyatda bu barədə yazılan maraqlı fikirlərə müraciət edib, fondun dəyərləri və idealları haqqında ətraflı məlumat verib.

Tədbir Humay haqqında çəkilmiş, dostlarının və həmkarlarının xatirələrinin yer aldığı “Yerin hər zaman görünəcək, Humay” sənədli filminin nümayişi ilə davam edib.

Fondun elmi katibi Nigar Babazadə isə fondun məqsədləri, dəyərləri, təhsilə dəstək və təqaüd proqramları, qazilərə və maliyyə imkanı məhdud tələbələrə təhsilə yardım istiqamətində verilmiş dəstək, hesabatlılıq, ianə və gələcək planlardan, o cümlədən mayın 1-də elan edilən Qrant müsabiqəsi haqqında ətraflı məlumat verib. Sonra isə tələbələrin yeni müsabiqə ilə bağlı sualları cavablandırılıb.

Tədbirdə bakalavr və magistr təhsilini davam etdirən gənclər, eləcə də İkinci Qarabağ müharibəsi qazilərinin Fondun dəstəyi ilə reallaşan arzularını, ümumilikdə isə Fondun fəaliyyətini əks etdirən “Bir ilin nəticələri adlı” film də nümayiş olunub. Daha sonra “Həyatınızda nəyisə dəyişə bilmisinizmi?”, “Cəsarətli addımınız olubmu?”, “İnsan üçün ən vacib dəyərlər hansılardır?” və s. mövzular ətrafında interaktiv sual-cavab keçirilib.
Sonda tədbirə onlayn formada qoşulan “Huma Quşu” Fondunun prezidenti, Humayın anası Şəhla Vəzirova universitetin rəhbərliyi, prorektor Fariz Əhmədov, Tələbə Elmi Cəmiyyətinin sədri Jalə Teymurlu, eləcə də tələbə və müəllim heyətinə dərin təşəkkürünü bildirib, onlara fəaliyyətlərində uğurlar arzu edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay