A

"Azərbaycan müəllimi" qəzeti

İspan filosofu Xose Orteqa Qassetin 1930-cu ildə nəşr olunmuş “Universitetin missiyası” (“Миссия университета” / Пер. с исп. М.Голубевой, А. Корбута. М.: ГУ-ВШЭ, 2019. 144 с. ISBN 978-5-7598-1981-3) əsəri XX əsrin universitet ideologiyalarının formalaşmasında mühüm rol oynamış klassik mənbələrdən biridir.

Müəllif burada universitetin funksiyalarını, intellektual həyatın təşkilini və modern cəmiyyətin tələblərinə cavab verən ali təhsil modelinin əsas prinsiplərini müəyyən edir. Kitab həm fəlsəfi traktat, həm də təhsil siyasəti üçün proqram sənədi kimi dəyərləndirilə bilər. Orteqa Qasset  fəlsəfi essedən istifadə edərək analitik, konseptual və normativ çərçivədə yazır. Əsər empirik məlumatlara əsaslanmasa da, ali təhsil nəzəriyyəsinə fəlsəfi-epistemoloji töhfə kimi qəbul edilir. Müəllif Avropa universitet ənənəsinin (xüsusilə Alman modeli) böhranını dərindən təhlil edir və yeni cəmiyyət tipinin – texnoloji, urban və kütləvi – tələblərinə uyğun universitet modeli təklif edir.

Orteqa Qassetin fikrincə, universitetin missiyasını müəyyən edən üç fundamental funksiyası vardır:

1. Peşəkar təhsilin verilməsi – cəmiyyətin ehtiyac duyduğu mütəxəssisləri hazırlamaq.
2. Mədəniyyətin yeni nəslə ötürülməsi – yalnız bilik deyil, həm də mədəni-estetik dünyagörüş formalaşdırmaq.
3. Elmi-tədqiqatların təşkili – fundamental elmin inkişafı, yeni biliklərin yaradılması.

Müəllif iddia edir ki, XX əsr universitetlərinin böhranı bu funksiyalar arasında balansın pozulması ilə bağlıdır. Xüsusilə, elmi tədqiqatların əhəmiyyətini artırmaq adına tədris və mədəni missiyanın zəifləməsi universiteti cəmiyyətdən uzaqlaşdırır.

Filosof “kütlə cəmiyyəti”ni diqqət mərkəzinə gətirərək göstərir ki, ali təhsil kəmiyyətcə genişləndikcə keyfiyyət təhlükəsi yaranır. Onun fikrincə, universitet elitist olmasa da, intellektual keyfiyyəti qorumalıdır; əks halda “universitetin köhnəlməsi” prosesi baş verir.

Müəllifin ən orijinal fikirlərindən biri “mədəniyyətin sistemli şəkildə öyrədilməsi” prinsipidir. O hesab edir ki, universitet tələbəyə hər sahədə dərindən bilik verməməlidir; lakin dünyanı anlamaq üçün minimal “mədəni informasiya sistemini” formalaşdırmalıdır. Bu gün liberal arts modelinin fəlsəfi əsaslarından biri kimi qiymətləndirilə bilər.

Əsər Humboldt modelindən sonra universitet ideyasına dair ən təsirli konseptual mənbələrdən biridir. Orteqa Qassetin “missiya” anlayışı universitet idarəçiliyi, strateji planlaşdırma və akademik siyasət üçün normativ baza yaradır.

Əsərin bir çox müddəaları bu gün də öz aktuallığını qoruyur:

•    ali təhsilin kütləviləşməsi və keyfiyyət dilemması;
•    fundamental elmlə tətbiqi bilik arasında balans;
•    universitetin cəmiyyətə yönümlü olması;
•    təhsil–tədqiqat–mədəniyyət triadasının qorunması.

Orteqanın “universitet əgər missiyasını itirərsə, müxtəlif kurs mərkəzlərinin məcmusuna çevrilər” fikri indikativ şəkildə çağdaş universitetlərin “fraqmetləşmə”, “akademik fabrik”, “sənaye yönümlü kommersiallaşma” kimi risklərini qabaqcadan dəyərləndirir.

“Universitetin missiyası” ali təhsil fəlsəfəsinin fundamental əsərlərindən biri kimi bu gün də öz əhəmiyyətini saxlayır. Xose Orteqa Qasset universiteti yalnız bilik istehsal edən və ekspert hazırlayan bir struktur kimi deyil, həm də cəmiyyətin intellektual və mədəni sisteminin daşıyıcısı kimi təqdim edir. Bu baxış universitetlərin strateji planlaşdırılmasında, idarəetməsində və təhsil siyasətlərində nəzərə alınmalı olan dərin fəlsəfi və konseptual çərçivə yaradır.

Azərbaycan universitetlərinin transformasiya müzakirələri fonunda bu əsər xüsusilə qiymətlidir, çünki burada təqdim olunan “təhsil–mədəniyyət–elm” balans modeli və kütləviləşmə fəsadlarına dair xəbərdarlıqlar müasir islahatların nəzəri əsaslarını gücləndirə bilər.

Bu triada Azərbaycan ali təhsil sistemində də aktualdır:

•    Bir çox universitetlərdə elmi fəaliyyət formal xarakter daşıyır.
•    Akademik yük normativlərinə yenidən ciddi  baxılmalı, tədqiqat üçün vaxt və resurs ayrılmalıdır.
•    Tədqiqat mərkəzləri və laboratoriyalar real sektora inteqrasiya edilməlidir.

Orteqanın vurğuladığı kimi, tələbə yalnız peşəkar biliklə deyil, sistemli dünyagörüşü ilə universiteti tərk etməlidir. Azərbaycan üçün bu, aşağıdakıları nəzərdə tutur:

•    “Ümumi təhsil fənləri bloku” yenidən konseptuallaşdırılsın.
•    Mədəniyyət, etika, fəlsəfə, məntiq, kommunikasiya bacarıqları, elmi tənqid metodları daha effektiv modelə çevrilsin.
•    Liberal arts elementləri daxil edilsin.

Orteqa kütləviləşməni ali təhsilin inkişaf mərhələsi kimi qəbul etsə də, keyfiyyətin zəifləməsi ilə müşayiət olunarsa, universitetin mahiyyətinin itəcəyini bildirir.

Müəllifə görə, universitet tələbəni “həyatın bütöv mənzərəsi” ilə tanış etməlidir. Bu yanaşma Azərbaycan ali təhsilinin humanitar-kommunikativ komponentinin yenilənməsi üçün mühüm dərsdir:

•    Akkreditasiya sistemində missiya əsaslı qiymətləndirmə tətbiq olunsun.
•    Tədris proqramlarında ixtisas dərinləşmə istiqamətləri artırılmalıdır.
•    Universitetlər arasında real rəqabət mexanizmi yaradılmalıdır.
•    Universitetlərdə müstəqil akademik müzakirə və debat mədəniyyəti inkişaf etdirilməlidir.
•    Tələbə mərkəzli elmi seminarlar, klublar, düşüncə mərkəzləri yaradılmalıdır.
•    Akademik etikaya dair vahid milli kodeks qəbul edilməlidir.

Ortega universiteti cəmiyyətin elmi, mədəni və intellektual problemlərinin həllinə yönəlik institut kimi görür. Bu baxış Azərbaycan üçün strateji əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AMEA-nın 80 illik yubileyindəki çıxışında elmin və elmi institutların ölkənin sosial-iqtisadi inkişaf hədəflərinə adekvat yenilənməsinin zəruriliyini xüsusi qeyd edib. Prezident vurğulayıb ki, elm yalnız akademik məkanda qapanmamalı, əksinə, dövlətin modernləşmə siyasətinin, sənayeləşmə xəttinin, rəqəmsal transformasiya və innovasiya kursunun mühüm icraçısı və təminatçısı olmalıdır. Bu tezislər Orteqa Qassetin “Universitetin missiyası” əsərində göstərilən struktur dəyişiklikləri ilə tam uyğun gəlir.

Orteqanın ideyalarını nəzərə alaraq Azərbaycan ali təhsil sistemi üçün müasir missiya modeli belə ola bilər:

  1. Bilik yaradan universitet
    •    Fundamental və tətbiqi elmin sintezi.
    •    İntellektual nəticələrin iqtisadi dəyərə çevrilməsi.
  2. Yaradıcı və düşünən məzun yetişdirən universitet
    •    Analitik bacarıqların, tənqidi təfəkkürün inkişafı.
    •    Təhsil 4.0 və bacarıq yönümlü kurikulumlar.
  3. Milli-mədəni kimliyi daşıyan universitet
    •    Azərbaycan mədəniyyətini, dilini, tarixini XXI əsrə uyğunlaşdıran tədris modelləri.
    •    Beynəlmiləlləşmə xalqlaşma ilə milli kimliyin balansı.
  4. Cəmiyyət və dövlət üçün strateji institut
    •    Dövlət proqramlarına elmi analitik dəstək.
    •    Regional iqtisadi və sosial problemlərə dair tədqiqat mərkəzləri.
  5. Universitetlər real iqtisadiyyat və dövlət siyasəti ilə inteqrasiya edilməlidir
    •    Tətbiqi tədqiqatlara tələb artmalıdır.
    •    Dövlət qurumları və özəl sektor universitetlərlə formal deyil, məzmunlu əməkdaşlıq mexanizmləri yaratmalıdır.
    •    Elm–istehsalat əlaqələri üzrə təsnifatlaşdırılmış layihə sistemi tətbiq olunmalıdır.

Nəticə

Orteqa Qassetin “Universitetin missiyası” əsəri Azərbaycan ali təhsil sisteminin modernləşməsi üçün unikal konseptual çərçivə təqdim edir. Əsər göstərir ki:

•    Universitet yalnız tədris müəssisəsi deyil, həm də cəmiyyətin intellektual lideri olmalıdır.
•    Ali təhsilin kütləviləşməsi keyfiyyətin itirilməsi bahasına başa gəlməməlidir.
•    Universitetin üç missiyası – tədris, mədəniyyət və elm – strateji balansda olmalıdır.
•    Azərbaycan ali təhsil islahatları üçün yeni “Universitet missiyası” konsepsiyasının hazırlanması aktuallıq kəsb edir.

Zahid Fərrux  Məmmədov, 
Azərbaycan Dövlət İqtisad Universitetinin
Elmi fəaliyyətin təşkili və idarəedilməsi departmentinin direktoru,
iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim

TOP XƏBƏRLƏR