A

Mərakeş Krallığının vətəndaşı olan Rayane Lokmane Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) təhsil alır. O, UNEC-dəki təhsil, tələbə həyatı və Azərbaycanla bağlı təəssüratlarını UNEC Newsla müsahibəsində bölüşüb.

Rayane, necə oldu ki, Azərbaycanda, xüsusilə də UNEC-də təhsil almağa qərar verdin? 

- Ali təhsil almaq üçün Avropa, Türkiyə, eləcə də Orta Asiya ölkələrinin universitetlərini araşdırırdım. Araşdırma apararkən UNEC-in adına da rast gəldim və beynəlxalq reytinqlərdə ölkənin ən aparıcı universiteti olduğunu gördüm. İstədiyim ixtisas üzrə ingilis dilində tədris var idi. Təhsil imkanları, eləcə də qəbul şərtləri ilə maraqlandım və mənim üçün çox uyğun idi. Qeyd edim ki, UNEC-ə əcnəbi vətəndaşların qəbul proseduru çox rahatdır. Sənədlərimi elektron qaydada göndərdikdən sonra, onlayn müsahibə-tanışlıq mərhələsi oldu və UNEC tələbəsi adını qazandım.

Hansı ixtisas üzrə təhsil alırsan və bu ixtisası seçməyində əsas səbəblər nələrdir?

- Beynəlxalq İqtisadiyyat Məktəbində ingilis dilində “Biznesin idarəedilməsi” ixtisası üzrə təhsil alıram. Kiçik yaşlarımdan biznes və iqtisadiyyat sahəsinə marağım böyük olub. Xüsusilə, fərqli ölkələrdə biznesin necə inkişaf etdiyini öyrənmək istəyirdim. Gələcəkdə beynəlxalq biznes mühiti və menecment sahəsində çalışmağı düşünürəm.

Mərakeşdən kənarda təhsil almaq sənə hansı imkanlar yaratdı?

- Mərakeşdən kənarda təhsil almaq mənə dünya görüşümü genişləndirmək üçün əvəzsiz imkanlar yaratdı. Bakıda yaşamaq və təhsil almaq, mədəniyyətlərarası fərqləri anlamaq və daha açıq fikirli olmağım baxımından çox yaxşı təcrübə oldu. Azərbaycanda həm qərb, həm də şərq mədəniyyətlərini görə bilirsən. Mənim üçün bu, müxtəlif iş və sosial mühitlərdə necə uğur qazanmağı öyrənmək deməkdir.

UNEC-dəki tələbə həyatı haqqında nə deyə bilərsən?

- UNEC-dəki tələbə həyatı olduqca zəngindir. Buradakı mühit çox dinamikdir – hər gün yeni bir şey öyrənmək və sosial fəaliyyətlərdə iştirak etmək mümkündür. Tələbələrə çoxsaylı təcrübə proqramları və mübadilə imkanları təklif olunur, bu da mənim  üçün çox önəmlidir.

UNEC-də tələbə olaraq, daha çox səni nə qane edir?

- Daha çox xoşuma gələn cəhət müəllimlərlə tələbələr arasında olan münasibət və müəllimlərin dərsə yanaşma metodlarıdır. Müəllimlərimiz hər zaman tələbələrin suallarına açıqdırlar, dərsləri daha asan və maraqlı başa salmaq üçün müxtəlif üsullardan istifadə edirlər və tələbələrin hər birinə fərdi yanaşırlar. Bu da dərsləri daha rahat öyrənmək üçün çox yaxşıdır. Fakültəmizdə mühit çox dinamikdir, burada həm təhsil alırsan, həm də sosial həyatın bir hissəsi olursan. Bu, məni inkişaf etməyə daha da motivasiya edir.

Boş vaxtlarını adətən necə keçirirsən?

- Boş vaxtlarımda əsasən dostlarımla vaxt keçirməyi, idmanla məşğul olmağı, yeni yerlər kəşf etməyi sevirəm. Mədəniyyətlərarası təcrübə qazanmaq üçün fərqli mətbəxləri dadmaq və müxtəlif yerləri ziyarət etmək də mənim hobbilərim arasındadır. Təhsili və şəxsi maraqlarımı balansda saxlamaq bəzən çətin olsa da, hər ikisini eyni anda idarə etməyə çalışıram.

- Bəs Bakıya uyğunlaşmaqda çətinlik yaşadınmı?

- - Mən ilk dəfə idi ki, ölkəmdən kənara, həm də uzunmüddətli çıxırdım. Başqa bir ölkəyə uyğunlaşmaqda ilk günlərdə bir qədər çətinlik yaşasam da, rus dilini bildiyim üçün çox tez adaptasiya oldum və mənim üçün maraqlı təcrübə oldu.

- Azərbaycanla Mərakeş mədəniyyətləri arasında oxşar çəhətlər varmı?

- Azərbaycan və Mərakeş arasında bəzi mədəni oxşarlıqlar olsa da, çox fərqli xüsusiyyətlər də var. Məsələn, hər iki ölkədə ailə və qonaqpərvərlik çox önəmlidir. Həmçinin, mətbəxlərdə təzə tərəvəzlər və müxtəlif ədviyyatlar geniş istifadə olunur. Lakin fərqliliklər də var: Azərbaycanda insanların daha çox açıq fikirli və tolerant olduqlarını müşahidə etdim. Azərbaycanın zəngin tarixi və mədəniyyəti mənim üçün çox maraqlıdır, burada ənənə ilə müasirliyi yaxşı şəkildə birləşdiriblər. Bu da mənə çox maraqlı gəldi, həm ənənələrə, həm də inkişaf etməyə çox əhəmiyyət verirlər.

TOP XƏBƏRLƏR