A

Bəhreyn Krallığının vətəndaşı olan Ali Mansoor Al Rahman Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə təhsil alır. O, UNEC-dəki təhsil, tələbə həyatı və Azərbaycanla bağlı təəssüratlarını UNEC Newsla müsahibəsində bölüşüb.

- Ali Mansoor, UNEC-də təhsil almağa necə qərar verdiniz?

- Mən bakalavr təhsilinə Bəhreyn Texniki Universitetində “Biznes və menecment” ixtisası ilə başlamışdım. Dərslərin daha çox nəzəriyyə üzərində qurulduğunu gördükdən sonra, təhsilimi digər ölkədə davam etdirməyə qərar verdim. Türkiyə və Azərbaycanda ən yaxşı iqtisadyönümlü universitetləri araşdırdım. UNEC-də əcnəbi vətəndaşlar üçün ali təhsilə qəbul prosesi mənim üçün çox uyğun idi. Təbii ki, tədris prosesi, beynəlxalq reytinq və infrastrukturu ilə də maraqlandım. UNEC-in regionun ən böyük iqtisadyönümlü universitet olmasını, beynəlxalq reytinqlərdə yer almasını nəzərə alaraq, eləcə də UNEC-in dərslərdə həm nəzəri, həm də praktiki yanaşmasının üstünlüklərini araşdıraraq, burada təhsil almağa qərar verdim. 2022-ci ildə UNEC-ə qəbul oldum, hazırda 4-cü kurs tələbəsiyəm.

- UNEC-də təhsil almağa başlayandan sonra hansı fərqləri gördünüz?

- UNEC-də dərslərdə həm nəzəri, həm də praktiki yanaşmanın olması mənim üçün çox faydalı oldu. Bəhreyndəki təhsilimi yarıda qoymaq səbəbim də məhz elə tədrislə bağlı idi.

- İmtahan prosesi ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Səmimi deyim ki, UNEC-də ən çox bəyəndiyim imtahanlardır. İmtahan prosesi çox yaxşı qurulub, həm yazılı, həm də test üsulu ilə keçirilir. Xüsusilə də ixtisas fənlərinin yazılı olması çox yaxşı haldır. Mən daha çox yazılı imtahanlara üstünlük verirəm, çünki yazılı suallar üzərində düşünərək, daha dolğun və ətraflı cavablar verə bilirəm, burada nəzəri biliklərlə yanaşı, praktiki məsələlər də əhatə olunur.

-Müəllimləriniz barədə nə deyə bilərsiniz, tədris metodları sizi qane edirmi?

- Müəllimlərimdən çox razıyam. Onlar dərs keçməklə yanaşı, tələbələrin fərdi inkişafına da dəstək olurlar. Müəllimlərimiz dərsləri yalnız nəzəriyyə ilə məhdudlaşdırmırlar, həm də real həyatdan nümunələr gətirərək, daha praktiki və maraqlı hala gətirirlər. Onların dəstəyi, məsləhətləri və istiqamətləri mənə çox kömək olub.

- Tələbə yoldaşlarınızla münasibətiniz necədir?

- Tələbə yoldaşlarım çox maraqlı və motivasiyaedici gənclərdir. UNEC-də müxtəlif mədəniyyətlərdən gələn tələbələrlə bir arada olmaq mənim üçün çox zənginləşdirici təcrübədir. Həm dərslərdə, həm də sosial həyatda bir-birimizə dəstək oluruq. Bu mühitdə həm öyrənirəm, həm də dostluqlar qururam. UNEC-dəki tələbə həyatı həm peşəkar, həm də sosial baxımdan mənim inkişafım üçün mühüm bir mərhələdir.

- Azərbaycanda yaşamaq, başqa mühitə uyğunlaşmaq sizə çətin olmadı?

- Azərbaycan çox dinamik və rahat ölkədir. Adaptasiya olmaq elə də çətin olmadı, mühitə tez uyğunlaşdım. Burada bir gənc üçün həm karyera, həm sosiallaşmaq baxımından bütün imkanlar mövcuddur. Cəmiyyət çox açıq və dostcanlıdır, buna görə də yeni mühitdə özümü rahat hiss etdim. Həmçinin, Azərbaycan mədəniyyəti çox zəngindir və burada yaşayan insanlar öz ənənələrinə bağlıdırlar. Bu da mənə yeni bir dünya kəşf etmək imkanı yaratdı. Təhsil, mədəniyyət və insanlar baxımından çox yaxşı təəssüratlarım var.

- Gələcək planlarınız nədir və magistratura təhsili barədə düşünürsünüzmü?

- Magistratura təhsili almağı düşünmürəm, artıq 25 yaşım var və şəxsi həyatımı, karyeramı qurmağa başlamalıyam. Təhsilimi bitirdikdən sonra Dubaya getməyi və orada karyeramı davam etdirməyi planlaşdırıram. Düşünürəm ki, Bəhreynlə müqayisədə Dubayın imkanları mənim üçün daha uyğun olacaq.

TOP XƏBƏRLƏR