UNEC Rus İqtisad Məktəbi və Türk Dünyası İqtisad Fakültəsinin birgə təşkilatçılığı, UNEC Yaradıcılıq Mərkəzinin təşəbbüsü ilə II tədris binasında ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə fakültə rəhbərliyi, tələbələr, Qarabağ müharibəsi qaziləri – Elvin Quliyev, Elxan Nəcəfov, Kamran Lələyev, həmçinin Yaradıcılıq Mərkəzinin vokal dərnəyinin solistləri Nadir Əzimli, Elxan İsgəndərov və Fatimə İsayeva iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Açılış nitqi ilə çıxış edən Yaradıcılıq mərkəzinin bədii rəhbəri Əfsanə Məmmədova qeyd edib ki, Zəfər Günü xalqımızın milli qürurunu yenidən bərpa edən tarixi gündür və bu qələbəni bizə bəxş edən şəhidlərə, qazilərə və müharibə veteranlarına daim minnətdarlıq hissi bəsləməliyik.
Türk Dünyası İqtisad Fakültəsinin dekanı, dosent Yusif Əliyev çıxışında şəhid və qazi ailələrinin daim diqqət və qayğı ilə əhatə olunduğunu, tələbələrin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin önəmini vurğulayıb.
UNEC Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov isə Zəfər Gününü təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qələbəsi kimi dəyərləndirib. O, dövlət başçısının müharibədən sonrakı milli-ideoloji istiqamətləri müəyyən etdiyini və bu istiqamətdə elm və təhsil işçilərinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Qazilər çıxışlarında müharibə xatirələrini bölüşərək gəncləri dərsə, elmə və biliklərini artırmağa səsləyiblər.
Tədbir konsert proqramı ilə davam edib. Gənc və istedadlı ifaçı-tələbələrin ifasında səslənən vətənpərvərlik ruhlu mahnılar tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb. Sonda Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı bütün iştirakçılar tərəfindən birgə ifa olunub.
 
															









 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
  