2023/2024-cü tədris ilinin payız semestrindən “Marketinq” ixtisası üzrə 3 dildə (Azərbaycan, türk, rus) olmaqla I-III kursların qruplarında “Çevrilmiş” tədris metoduna uyğun tədris prosesi təşkil ediləcək.
İlk olaraq “Çevrilmiş” tədris metodu 2022/2023-cü tədris ilinin payız semestrindən pilot layihə kimi seçilmiş 4 fənn üzrə, yaz semestrində isə 36 fənn üzrə tətbiq edilmişdir. Həmin metodla təhsil alan tələbələrin biliklərin mənimsənilməsində və yeni bacarıqların əldə edilməsində uğurlu nəticələri və eynilə metodun tətbiqi ilə əlaqəli tələbə məmnuniyyəti nəzərə alınaraq,“Marketinq” ixtisası üzrə dərslərin “Çevrilmiş” tədris metodu ilə aparılmasına qərar verilmişdir.
“Çevrilmiş” tədris metodu Harvard, Kaliforniya, Vaterloo kimi dünyanın aparıcı universitetlərində tətbiq olunur. Metodun tətbiqinin əsas məqsədi tələbələrə ixtisasları üzrə bilikləri, praktiki vərdişləri, bacarıqları daha çox aşılamaqdır.
“Çevrilmiş” tədris metodu zamanı mövzular üzrə bilik və bacarıqların tələbələr tərəfindən daha rahat mənimsənilməsi üçün audio, video, infoqrafik və yazılı formadan istifadə edilir. Elektron resurslarla yanaşı, dərsdənkənar saatlarda da müəllim-tələbə arasında mövzu üzrə tapşırıqların ötürülməsi, cavablandırılması və müzakirələrin keçirilməsi üçün UNEC “EDUMAN” sistemi üzərindən kommunikasiya paneli də yaradılıb. Platformadan müəllim və tələbələr keçilən mövzular üzrə müzakirələr apara biləcəklər.