A

Türkiyə Yüzyılı İşbirliyi və Həmrəylik Platformasının (Dayanışma Platformu) birgə təşkilatçılığı ilə “Qlobal Sistemlərdə Yeni Dövr, Güc Savaşları və Cənubi Qafqaz” mövzusunda beynəlxalq panel keçirilib.

UNEC-in ev sahibliyi ilə keçirilən paneldə rektor prof. Ədalət Muradov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Xəzər Universitetinin Tarix və Arxeologiya departamentinin müdiri Telman Nüsrətoğlu, Türkiyənin tanınmış hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar, jurnalist Sevil Nuriyeva, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Panelin açılışında çıxış edən rektor, professor Ədalət Muradov iştirakçıları salamlayaraq, Prezident İlham Əliyevin andiçmə mərasimində Türk dünyası haqqında səsləndirdiyi fikirlərə diqqət çəkib: “Bir neçə gün əvvəl Prezident İlham Əliyev Azərbaycanın Türk dünyası ilə bağlı keçirəcəyi siyasətin yeni konturları barədə məlumat verdi. Dövlət başçısı söylədi ki, Azərbaycanın Türk dünyasından başqa ailəsi yoxdur. Azərbaycan bilir ki, bizim ailəmiz Türk dünyasıdır”.

Rektor Türk dünyasının elm və təhsil sahəsində əlaqələrinin genişləndirilməsinin vacibliyindən də söz açıb. O, UNEC-də 30 ildir ki, Türk Dünyası İqtisad Fakültəsinin fəaliyyət göstərdiyini, eləcə də UNEC ilə Ege Universiteti arasında ikili diplom proqramının həyata keçirildiyini deyib. Ə.Muradov UNEC-in Türk dövlətləri ilə universitet-biznes işbirliyi istiqamətində əməkdaşlığa hazır olduğunu deyib.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı regionda və qlobal miqyasda yaranmış yeni reallıqlardan söz açıb. Diplomat regionda rəqabətdən daha çox, əməkdaşlığa meyl etməli olunduğunu vurğulayıb: “Türkiyə başda Cənubi Qafqaz olmaqla, Fələstin və Ukraynada da daimi sülhün bərqərar edilməsi üçün əlindən gələni edir. Xəzər keçidli Orta Dəhliz qlobal iqtisadiyyat üçün həyati əhəmiyyətə malikdir və bölgədə sülhün təmin edilməsində böyük işlərin görülməsinə zəmin yaradacağına əminik. Zəngəzur dəhlizinin regional əlaqələri inkişaf etdirəcəyinə inanırıq”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxışında Azərbaycan-Ermənistan münasibətlərindən söz açaraq, hüquqi cəhətdən Ermənistan qanunvericiliyində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasının olduğunu bildirib. Ermənistanın Azərbaycan üçün təhdid olmadığını deyən F.Səfiyev, Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddianı dayandırmalı olduqlarını əlavə edib.

Jurnalist Sevil Nuriyeva da Türk dünyası birliyinin əhəmiyyətindən söz açıb. Qərbin “parçala və hökm sür” siyasətini indi də davam etdirdiyini deyən jurnalist, ehtimal olunan təhdidlərin qarşısını almaq üçün Türk dünyasının birliyinin və güclənməsinin çox önəmli olduğunu diqqətə çatdırıb.

Paneldə çıxış edən Türkiyənin tanınmış hərbi və təhlükəsizlik eksperti Abdullah Ağa II Qarabağ müharibəsinin təkcə Azərbaycan və Türkiyə üçün deyil, həm də bəşəriyyət üçün çox dəyərli olduğunu bildirib: “Qarabağ müharibəsi 1828-ci ildə Türkmənçay müqaviləsi ilə parçalanan Azərbaycanın ilk dəfə irəliyə doğru addım atdığı müharibədir. Azərbaycan bu imtahandan alnıaçıq çıxıb”.

Çıxışlardan sonra panel məruzəçilərinə plaketlər təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay