Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Dekanlar Şurasının növbəti iclası keçirilib.
İclasda əsas müzakirə mövzusu 2025/2026-cı tədris ili üzrə UNEC-ə tələbə qəbulunun nəticələri olub.
UNEC-in rektoru, professor Ədalət Muradov çıxışında bu ilki qəbul göstəricilərini təhlil edərək yüksək ballı tələbələrinin sayının artırılmasının UNEC-in əsas prioritetlərindən olduğunu deyib O, UNEC-in beynəlxalq reytinqlərdəki yüksələn mövqeyinin yerli tələbələrlə yanaşı, xarici tələbələrin cəlb olunmasında mühüm rol oynadığını qeyd edib. Rektor ötən illərlə müqayisədə əcnəbi tələbələrin sayında artım müşahidə olunduğunu və bunun universitetin beynəlxalq nüfuzunun göstəricisi olduğunu diqqətə çatdırıb.
Sonra dekanlar çıxış edərək fakültələr üzrə qəbulun nəticələri barədə ətraflı məlumat veriblər. Onlar qəbul dinamikasındakı müsbət meylləri, eləcə də mövcud problemlərin aradan qaldırılması və abituriyentlərlə maarifləndirici işlərin gücləndirilməsi ilə bağlı təkliflərini təqdim ediblər.
İclasda UNEC-in Azərbaycan dilində keyfiyyətli təhsil verən müasir universitet modeli kimi formalaşması istiqamətində əldə etdiyi nailiyyətlər də müzakirə olunub. Qeyd olunub ki, UNEC son illərdə beynəlxalq reytinqlərdə mövqeyini əhəmiyyətli dərəcədə artıraraq dünyanın aparıcı universitetləri arasında yerini daha da gücləndirib.
Görüşdə növbəti qəbul ili üçün strateji fəaliyyət istiqamətləri müəyyənləşdirilib, müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.