A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzinin həyata keçirdiyi “UNEC HELPS” sosial layihəsinin növbəti təqdimatı Gəncədə baş tutub.

Layihə çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Müasir inklüziv təhsil, yeni yanaşmalar və tətbiq modelləri” mövzusunda müəllim və tələbə heyəti üçün maarifləndirici görüş keçirilib.

Tədbirdə UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova, “Gənclərin Psixoloji Dəstəyi” layihəsinin təsisçisi, psixoloq Leyla Salmanlı, eləcə də ADAU-nun nümayəndələri iştirak ediblər.

Görüş zamanı Sevinc Məhsimova UNEC İnklüziv Təhsil Mərkəzinin fəaliyyəti və mərkəzin təşəbbüsü ilə reallaşdırılan UNEC HELPS proqramı haqqında təqdimatla çıxış edib. O, regionlarda inklüziv təhsilin keyfiyyətinin yüksəldilməsi, UNEC modelinin tətbiqi və layihə çərçivəsində görülən işlər barədə məlumat verib.

Psixoloq Leyla Salmanlı isə əlilliyin yaranma səbəbləri, uşaqlarda inkişaf çətinlikləri və onların həlli yolları, həmçinin gənclərin psixoloji ehtiyacları barədə ətraflı məlumat təqdim edib.

Tədbirdə qeyd olunub ki, ali təhsildə pedaqoji heyətin inklüziv təhsil sahəsində peşəkar inkişafı, eləcə də gənclərin inklüziv mədəniyyət mövzusunda maarifləndirilməsi müasir dövrdə mühüm zərurətə çevrilib.

Eyni mövzuda maarifləndirici görüş Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə də təşkil olunub. Kollecin müəllim heyəti üçün keçirilən tədbirdə müasir inklüziv təhsil modelləri və tətbiq yanaşmaları müzakirə edilib.

UNEC HELPS layihəsi çərçivəsində regionlarda inklüziv təhsil sahəsində məlumatlılığın artırılması və yeni tədris yanaşmalarının təşviqi istiqamətində tədbirlər davam etdirilir.

TOP XƏBƏRLƏR