A

Mingəçevir şəhərində 6–11 iyul tarixlərində keçirilən V “Cyber Summer School 2026” Kiber Yay Düşərgəsi başa çatıb.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Mingəçevir Dövlət Universitetinin əsas tərəfdaşlığı ilə keçirilən layihə ölkənin 60 regionundan 100-dən çox şagird və tələbəni bir araya gətirib.

Altı gün davam edən yay məktəbi çərçivəsində iştirakçılar kibertəhlükəsizliyin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki biliklərini təkmilləşdiriblər. Təlim proqramına şəbəkə və veb tətbiqlərin təhlükəsizliyi, kibertəhlükəsizlik məqsədli skriptlərin hazırlanması, əməliyyat sistemləri və virtuallaşdırma, risklərin və zəifliklərin idarə olunması, tətbiqi kriptoqrafiya, rəqəmsal kriminalistika, kiberinsidentlərə cavab, zərərli proqramların təhlili və tərs mühəndislik kimi mövzular daxil edilib.

Yay məktəbində UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbəsi Ümüd Ağayev də iştirak edib. O, hər təlim gününün sonunda təşkil olunan Kahoot bilik yarışlarında yüksək nəticə göstərərək ümumilikdə 4 dəfə qalib olub.

Proqram çərçivəsində iştirakçılar üçün komanda yarışları, sosial fəaliyyətlər və şəbəkələşmə tədbirləri də təşkil edilib. Bununla yanaşı, onlar Mingəçevir və Yevlax şəhərlərində yerləşən sənaye və enerji müəssisələrinə tanışlıq səfərlərində iştirak edərək istehsal prosesləri və kibertəhlükəsizlik həlləri ilə yaxından tanış olublar. 

TOP XƏBƏRLƏR