Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Tətbiqi iqtisadiyyat” kafedrasının dosenti Sevinc Bayramova vəfat edib.
Sevinc Bayramova 1966-cı ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) “Əməyin iqtisadiyyatı və sosiologiyası” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Elə həmin il Leninqrad Maliyyə-İqtisad İnstitutunun aspiranturasına göndərilib.
1991-ci ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunda vaxtından əvvəl namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. Bundan sonra Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasında müəllim kimi fəaliyyətə başlayıb.
1995-ci ildən baş müəllim, 2000-ci ildən isə dosent vəzifəsində çalışıb.
Sevinc Bayramova UNEC-in “Menecment” kafedrasında və “Tətbiqi iqtisadiyyat” kafedrasında dosent vəzifələrində işləyib. O, 58 elmi və metodiki əsərin müəllifi olub.
2006-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Respublika üzrə bütün rayonlarda keçirilən əmək yarmarkalarında sosioloji sorğular aparıb. 2008-ci ildə Moskva şəhərində Ali İqtisadiyyat Məktəbində “Əməyin iqtisadiyyatı” üzrə təkmilləşdirmə kurslarını uğurla başa vuraraq diplom alıb.
Uzunmüddətli və səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 06 oktyabr 2017-ci ildə UNEC-in “Fəxri Fərmanı” ilə təltif olunub.
Sevinc Bayramovanın xatirəsi tələbələrinin, həmkarlarının və onu tanıyan hər kəsin qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin. Məkanı cənnət olsun.