UNEC Dizayn Məktəbində Layihə Əsaslı Öyrənmə (PBL) metodu üzrə təhsil alan tələbələrin II hesabat-sərgisi təşkil olunub.
Tədbirdə UNEC rektoru, professor Ədalət Muradov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qırğız Milli Universitetinin rektoru Dogdurbek Çontoyev və digər qonaqlar iştirak ediblər.
İştirakçılar əvvəlcə dizayn tələbələrin əl işlərindən ibarət zəngin sərgi ilə tanış olublar. Sərgidə ahıllar və əlliliyi olan şəxsləri əhatə edən sosial layihələr, qrafik dizayn işləri, rebrendinq və geyim nümunələri, ətraf mühitin qorunması, həmçinin Qarabağın bərpası üçün hazırlanmış sosial yönümlü layihələr nümayiş olunub. Tələbələrin Qarabağın bərpası məqsədilə hazırladıqları ahıllar evi modeli, inklüziv ev, innovasiya kitabxanası və digər layihələr xüsusi maraqla qarşılanıb.
Tədbirin açılışında çıxış edən Dizayn Məktəbinin direktoru, dosent Lalə Məmmədova Layihə Əsaslı Tədris (PBL) yanaşmasının tələbələrə qazandırdığı bacarıqlardan danışıb. O, PBL-in tələbələrin tənqidi düşünmə, yaradıcılıq və komanda şəklində işləmə bacarıqlarını inkişaf etdirdiyini, həmçinin real həyat problemlərini həll etməyə hazırladığını vurğulayıb.
UNEC-in rektoru, professor Ədalət Muradov dizayn ixtisası üzrə təhsil alan tələbələrin tədrisində tətbiq olunan PBL yanaşmasından və əldə olunan müsbət nəticələrdən söz açıb. O vurğulayıb ki, universitetin əsas məqsədi yalnız nəzəri bilik deyil, həm də praktik bacarıqlara sahib, fərqli düşünməyi bacaran və cəmiyyətin problemlərinin həllində fəal iştirak edən gənclər yetişdirməkdir.
Rektor qeyd edib ki, Layihə Əsaslı Tədris yanaşması gözləniləndən daha yüksək nəticələr verib. O sərgidə nümayiş olunan layihələrin tələbələrin dərs prosesi zamanı icra etdikləri real işlər olduğunu vurğulayıb. Ə.Muradov tələbələrin layihələrdə ahıl və əlilliyi olan şəxslər, eləcə də Qarabağın bərpası kimi aktual məsələlərə toxunduqlarını yüksək qiymətləndirib: “Tələbələrimiz cəmiyyətdə mövcud olan problemləri anlayırlar və onu həlli etməyə çalışırlar, onların layihələri və ideyaları məhz real sosial sahəyə köklənib. PBL yanaşması tələbələrimizin daha güclü və məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmət edir”-, deyə rektor bildirib.
Qarabağın bərpası mövzusunda irəli sürülən təşəbbüslərə xüsusi diqqət ayıran Ədalət Muradov bildirib ki, universitet tərəfindən tələbələrin layihələrinin reallaşdırılmasına hərtərəfli dəstək göstəriləcək. O, sərginin Qarabağda da təşkil olunması təklifini səsləndirərək, bu təşəbbüsün gənclərin sosial məsuliyyətini daha geniş auditoriyaya çatdırmaq baxımından əhəmiyyətini vurğulayıb.
Sonra UNEC-in Təhsil və təlim mükəmməlliyi şöbəsinin müdiri, PBL layihəsinin koordinatoru, metodist Sənubər Səfiyeva çıxış edərək PBL yanaşmasının üstünlüklərindən danışıb: “Sosial layihələrdə biz cəmiyyətimiz üçün faydalı tədbirlər həyata keçiririk. Bu layihələr gənclərimizə cəmiyyətin real problemləri ilə birbaşa üzləşmək, empatiya bacarıqlarını inkişaf etdirmək və cəmiyyətin bir hissəsi kimi özlərini hiss etmək imkanı verir”, deyə bildirib.
Tədbir tələbələrin sosial faydalı qrafik dizayn layihələrinin təqdimatları ilə davam edib.