Martın 6-də UNEC Xanım Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə “Dayanıqlı Sosial-İqtisadi İnkişafda Qadınların Rolu” adlı I Beynəlxalq Simpozium keçirilib.
Tədbirin açılışında çıxış edən UNEC rektoru, professor Ədalət Muradov qadınların cəmiyyətin inkişafında, xüsusilə sosial-iqtisadi tərəqqidə oynadığı mühüm roldan bəhs edib:
- Biz bu gün Beynəlxalq Qadınlar Günü ərəfəsində UNEC-də fəaliyyət göstərən Xanım Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə ilk beynəlxalq simpoziumu təşkil etmişik.
Bu simpoziumun əsas məqsədi qadın tədqiqatçıları və qadın sahibkarları bir araya gətirərək onların dayanıqlı inkişaf, innovasiya və sosial transformasiya proseslərində rolunu elmi müstəvidə müzakirə etmək, həmçinin beynəlxalq akademik əməkdaşlıqları və elmi dialoqu genişləndirməkdi.
UNEC Xanım Tədqiqatçılar Şurası məhz xanım tədqiqatçılar üçün nəzərdə tutulmuş bir platformadır. Bu təşəbbüsü yaradarkən məqsədlərimizdən biri də qadın və kişi tədqiqatçılar arasında sağlam elmi rəqabətə müəyyən stimul vermək idi.
Bu rəqabətin nəticələri göstərir ki, UNEC-də fəaliyyət göstərən xanım tədqiqatçılar tədqiqatların həm sayı, həm də keyfiyyəti baxımından, eləcə də əldə etdikləri istinadların sayına görə bəylərdən heç də geri qalmırlar.
Ümumilikdə dünyaya nəzər salsaq görərik ki, qadınların iqtisadiyyata verdiyi töhfə son dərəcə böyükdür. McKinsey & Company şirkətinin hesablamalarına görə, dünyada istehsal olunan ümumi daxili məhsulun təxminən 37 faizi qadınların əməyi nəticəsində formalaşır.
Araşdırmalar göstərir ki, əgər qadınlar kişilərlə eyni səviyyədə istehsal prosesinə cəlb olunsaydılar, başqa sözlə desək, bu imkanlar tam şəkildə yaradılsaydı qlobal ümumi daxili məhsul 26 faiz daha çox ola bilərdi. Bu artım isə bu gün ABŞ və Çin iqtisadiyyatlarının birlikdə yaratdığı ümumi daxili məhsuldan belə daha böyükdür.
Qlobal əmək bazarında da qadınların rolu artıq kifayət qədər əhəmiyyətlidir. Hazırda dünyada qadınların təxminən 53 faizi əmək bazarında fəaliyyət göstərir. Kişilərdə isə bu göstərici bir qədər yüksəkdir və təxminən 80 faiz təşkil edir.
Bu rəqəmlər göstərir ki, dünyada hələ də tam istifadə olunmayan böyük bir qadın əmək potensialı və qadın kapitalı mövcuddur. Üstəlik nəzərə alsaq ki, dünyada 800 milyondan çox qadın ailə qayğıları səbəbindən əmək bazarından kənarda qalır, bu potensialın nə qədər böyük olduğu daha aydın görünür.
Ailə qayğıları dedikdə isə qadınların evdə tamamilə ödənişsiz şəkildə gördükləri işləri – yemək bişirmək, ev işləri, uşaqlara və ailə üzvlərinə qayğı göstərmək kimi fəaliyyətləri nəzərdə tuturuq.
Əgər qadınların bu potensialından tam şəkildə istifadə etmək mümkün olsaydı, dünya iqtisadiyyatının ümumi daxili məhsulu təxminən 10 trilyon dollar arta bilərdi. Bu göstəricilər onu deməyə əsas verir ki, qadınların dünyada rolu rəsmi statistikanın göstərdiyi rəqəmlərdən əslində daha böyükdür.
Məsələn, bir faktı qeyd etmək kifayətdir. Əgər yalnız Cənubi Asiya regionunda qadınların əmək bazarında iştirakı kişilərlə eyni səviyyəyə çatsa, həmin regionun ümumi daxili məhsulu 51 faiz arta bilər.
Qadınlar elmdə də kişilərdən geri qalmırlar. Nobel mükafatının tarixində iki fərqli sahə üzrə Nobel mükafatı almış ilk alim də məhz qadın olub - Mariya Küri.
Dünyada qadınların məşğulluq strukturu göstərir ki, onlar daha çox xidmət sektorunda fəaliyyət göstərirlər. Ümumilikdə çalışan qadınların təxminən 59 faizi xidmət sektorunda işləyir. Təhsil sahəsində çalışanların yarıdan çoxunu qadınlar təşkil edir. Səhiyyə və sosial xidmətlər sahəsində isə məşğulluğun 70 faizindən çoxu qadınların payına düşür.
Bu faktlar göstərir ki, xidmət sektorunda qadınlar əhəmiyyətli üstünlüyə malikdirlər. Əgər xüsusilə təhsil və səhiyyə sahələrini nəzərə alsaq, demək olar ki, insan kapitalının formalaşmasında qadınların rolu son dərəcə böyükdür.
Postindustrial inkişaf dövründə xidmət sektorunun payı getdikcə artır. Qadınların bu sahədə iştirak səviyyəsi daha yüksək olduğuna görə gələcəkdə onların iqtisadi və sosial həyatda rolu daha da artacaq.
Azərbaycanda qadına münasibət tarix boyu xüsusi hörmət üzərində qurulub. Təsadüfi deyil ki, biz qadına olan sevgimizi və ehtiramımızı ən çox sevdiyimiz insanla, anamıza olan münasibətlə müqayisə edirik. Elə buna görə də xalq arasında belə bir deyim var: “Cənnət anaların ayaqları altındadır.” Bu, Azərbaycan xalqının qadına verdiyi ən yüksək dəyərlərdən biridir.
Tarix göstərir ki, cəmiyyət olaraq biz qadınların rolunu həmişə yüksək qiymətləndirmişik. Təsadüfi deyil ki, Azərbaycan Şərq dünyasında qadınlara seçki hüququ verən ilk ölkə olmuşdur.
Bu gün Azərbaycan xanımları ölkəmizin inkişafında mühüm rol oynayırlar. Ölkə əhalisinin təxminən 50 faizindən bir qədər çoxunu qadınlar təşkil edir. Əmək bazarında çalışan insanların da təxminən yarısı qadınlardır.
Azərbaycanda 260-300 minə yaxın qadın sahibkar fəaliyyət göstərir. Təhsil sektorunda çalışanların təxminən 70 faizi, səhiyyə sektorunda çalışanların isə 78 faizə qədəri qadınlardır.
Başqa sözlə desək, gələcək nəslin savadlı, sağlam və vətənpərvər şəkildə formalaşmasında qadınların rolu son dərəcə böyükdür.
Azərbaycan universitetlərində çalışan müəllim heyətinin 60 faizindən çoxunu da qadınlar təşkil edir. Bu isə o deməkdir ki, gələcək nəsillərin formalaşmasında qadınların təsiri və məsuliyyəti daha da böyükdür.
Son iki onillikdə Azərbaycanda qadın fəlsəfə doktorlarının sayı iki dəfə, qadın elmlər doktorlarının sayı isə təxminən üç dəfə artmışdır.
Bütün bunlar göstərir ki, qadınların inkişafı yalnız sosial bərabərlik məsələsi deyil. Bu, eyni zamanda iqtisadi inkişaf məsələsidir.
Bugünkü statistika və təhlillər qadınların iqtisadiyyatdakı rolunun getdikcə artdığını göstərir və bu da bizə əsas verir ki, Azərbaycanın gələcəyinin daha da güclü və daha uğurlu olacağına inanaq.
Universitetimizdə ümumilikdə çalışan 1800 nəfərə yaxın əməkdaşın 66 faizini xanımlar təşkil edir. 894 müəllimin 542-si, yəni təxminən 61 faizi məhz xanımlardır.
UNEC-də fəaliyyət göstərən 447 fəlsəfə doktorunun 266-sı, yəni 60 faizi də qadın alimlərdir.
Lakin etiraf etməliyik ki, rəhbər vəzifələrdə xanımların payı bu göstəricilərə tam uyğun deyil. Məsələn, 13 dekanın yalnız 4-ü xanımdır. 14 kafedra müdüründən 5-i qadındır.
Biz hesab edirik ki, bu balansın yaxşılaşdırılması üçün çalışmalıyıq və inanırıq ki, yaxın illərdə xanım rəhbərlərin sayı daha da artacaq.
Universitetimizdə fəaliyyət göstərən 40 struktur bölmə rəhbərindən 14-ü xanımlardır. Elmi Şuranın 54 üzvündən 15-i də qadınlardır.
Tələbələrə gəldikdə isə, ümumi tələbələrin 48 faizini qızlar təşkil edir və qeyd etməliyəm ki, bu göstərici uzun illərdir demək olar dəyişməz qalır.
Bildiyiniz kimi, UNEC elmi məqalələrin və istinadların sayına görə Scopus və Web of Science bazalarında ölkəmizin aparıcı universitetlərindən biridir.
Aparılan təhlillər göstərir ki, 2025-ci ildə Scopus bazasında indekslənən UNEC-ə məxsus 1120 elmi əsərdən 365-i, yəni təxminən 33 faizi qadın tədqiqatçılar tərəfindən yazılmışdır. Bu elmi əsərlərin 52 faizi beynəlxalq istinadlar almışdır. Bu göstərici UNEC alimlərinin ümumi istinadlarının 27 faizini təşkil edir və hesab edirəm ki, bu potensialı daha da artırmaq mümkündür.
Qadın tədqiqatçıların müəllifi olduğu 269 elmi əsər 63 ölkədən olan xarici alimlərlə birgə yazılmışdır. Bu isə kifayət qədər sevindirici göstəricidir. Xanım tədqiqatçılarımız daha çox Türkiyə, Rumıniya, Çin, Hindistan və Özbəkistan alimləri ilə əməkdaşlıq edirlər.
Xanım tədqiqatçıların potensialının daha da geniş şəkildə reallaşdırılması məqsədilə atdığımız növbəti addımlardan biri də “International Journal of Gender, Knowledge and Social Futures” adlı ilk beynəlxalq elmi jurnalın təqdimatıdır.
Qarşımıza hədəf qoymuşuq ki, 3 il ərzində bu jurnalın Scopus və Web of Science bazalarında indekslənməsinə nail olaq. İnanırıq ki, bu jurnal ölkəmizdə və ölkəmizdən kənarda fəaliyyət göstərən, xüsusilə gender tədqiqatları ilə məşğul olan alimlərin dəyərli elmi əsərlərinin çap olunduğu nüfuzlu bir platformaya çevriləcək.
Sonda isə təşəbbüslə çıxış etmək istəyirəm. Cənab Prezidentin rəqəmsal platformalara həsr olunmuş müşavirədə rəqəmsal texnologiyalar və süni intellektin inkişafı ilə bağlı verdiyi tapşırıqlara töhfə vermək məqsədilə təklif edirəm ki, sizin rəhbərlik etdiyiniz qurumlarla və qadın sahibkarlar təşkilatları ilə birlikdə UNEC-də xanımlar üçün süni intellekt savadlılığı üzrə uzunmüddətli onlayn təlim proqramlarına başlayaq. Universitetimizin distant təhsil imkanları bu proqramın həyata keçirilməsi üçün tam hazırdır.
Mən bütün xanımları qarşıdan gələn Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə uğurlar və yeni nailiyyətlər arzulayıram.