A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaranmasının 96 illiyi münasibətilə universitetdə təntənəli “UNEC Günü” keçirilib.

Tədbirin açılışında çıxış edən inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov müəllim, tələbə və əməkdaşları təbrik edərək onlara uğurlar arzulayıb. O bildirib ki, UNEC Günü universitetin zəngin tarixi, akademik ənənələri və böyük UNEC ailəsinin birlik və həmrəyliyinin rəmzidir.

Şaiq Əsgərov bir əsrə yaxın zəngin tarixə malik olan UNEC-in ölkənin iqtisadi təhsil sistemində mühüm rol oynadığını vurğulayıb, son illərdə həyata keçirilən islahatların, rəqəmsallaşma və beynəlxalq əməkdaşlıq layihələrinin universitetin nüfuzunun artmasına töhfə verdiyini qeyd edib. O, müəllim, əməkdaş və tələbələrə təşəkkürünü bildirərək tələbələrin UNEC-in ən böyük sərvəti olduğunu və gələcəkdə ölkənin inkişafına mühüm töhfələr verəcəklərinə əminliyini ifadə edib.

Sonra universitetin 96 illiyi münasibətilə UNEC-in sosial-ictimai həyatında fəal iştirak edən müəllim, əməkdaş və tələbələr təşəkkürnamələrlə təltif olunublar.

Tədbirin bədii hissəsində UNEC Yaradıcılıq Mərkəzinin rəqs və vokal qrupları maraqlı musiqi və rəqs nömrələri ilə çıxış edərək iştirakçılara xoş anlar yaşadıblar. Proqram iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

TOP XƏBƏRLƏR