A

"Azərbaycan" qəzeti

"Azərbaycan" qəzeti (PDF)

Azərbaycanın dayanıqlı inkişaf strategiyasında insan kapitalının formalaşdırılması əsas prioritetlərdən biridir. Müasir dünyada dövlətlərin iqtisadi gücü artıq təkcə təbii sərvətlərlə deyil, ilk növbədə keyfiyyətli təhsil, elmi potensial, innovasiya imkanları və rəqabətqabiliyyətli insan resursları ilə müəyyən edilir. Məhz buna görə də son illər ölkəmizdə təhsil sisteminin müasirləşdirilməsi, ali təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması və regionlarda güclü universitet mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən islahatlar Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətində regionların davamlı inkişafı xüsusi yer tutur. Bu siyasətin əsas istiqamətlərindən biri regionlarda ali təhsil imkanlarının genişləndirilməsi, gənclərə yaşadıqları ərazilərdə keyfiyyətli ali təhsil almaları üçün əlverişli şəraitin yaradılması, müasir əmək bazarının tələblərinə cavab verən peşəkar mütəxəssislərin hazırlanması və elmi potensialın regionlarda cəmləşdirilməsidir. Çünki güclü universitet yalnız təhsil verən müəssisə deyil, həm də regionun iqtisadi, sosial və intellektual inkişafının aparıcı qüvvəsidir.

Azərbaycan Dövlət İqtisad Universiteti olaraq biz də bu dövlət siyasətinin həyata keçirilməsinə öz töhfəmizi verməyə çalışırıq. Son illər UNEC yalnız paytaxt universiteti kimi deyil, ölkənin bütün regionlarını əhatə edən milli ali təhsil brendi kimi inkişaf etmişdir. Universitetimizin əsas məqsədlərindən biri keyfiyyətli ali təhsili regionlara daşımaq, gənclərə yaşadıqları bölgələrdə beynəlxalq standartlara uyğun təhsil almaq imkanı yaratmaq və regionların inkişafına xidmət edən insan kapitalı formalaşdırmaqdır.

Bu baxımdan UNEC Zaqatala filialının yaradılması strateji əhəmiyyət daşıyan qərarlardan biri olmuşdur. Filial fəaliyyət göstərdiyi 10 il ərzində sübut edib ki, region universiteti anlayışı yalnız coğrafi məkan deyil. Düzgün idarəetmə, müasir təhsil texnologiyaları, peşəkar müəllim heyəti, güclü infrastruktur və beynəlxalq əməkdaşlıq sayəsində region universiteti də ölkənin qabaqcıl ali təhsil müəssisələrindən birinə çevrilə bilər.

2026-cı ildə UNEC Zaqatala filialının fəaliyyətə başlamasının 10 ili tamam olur. 10 il tarix baxımından böyük görünməsə də, universitet həyatında bütöv bir inkişaf mərhələsini ifadə edir. Bu müddət ərzində filial təkcə yeni auditoriyalar, laboratoriyalar və müasir binalar qazanmamışdır. Ən böyük uğur region gənclərinin etimadını qazanmaq, keyfiyyətli təhsil mühiti formalaşdırmaq, əmək bazarının ehtiyaclarına uyğun mütəxəssislər yetişdirmək və bölgədə elm, innovasiya və inkişaf mərkəzinə çevrilmək olmuşdur. Əslində, UNEC Zaqatala filialının tarixi 2016-cı ildən başlamır. Bu ali təhsil müəssisəsinin arxasında bir əsrdən artıq dövrü əhatə edən zəngin təhsil ənənələri dayanır. 1920-ci ildə əsası qoyulan Pedaqoji Texnikum, sonrakı illərdə fəaliyyət göstərən Zaqatala Politexnik Texnikumu və daha sonra Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı bölgədə ali və orta ixtisas təhsilinin inkişafında mühüm rol oynamışdır. Məhz bu tarixi irs 2016-cı ildə yeni mərhələyə qədəm qoyaraq UNEC ailəsinin ayrılmaz hissəsinə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialının bazasında UNEC Zaqatala filialının yaradılması regionun ali təhsil tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu qərar yalnız universitetin adının dəyişdirilməsi deyil, bütövlükdə yeni inkişaf fəlsəfəsinin tətbiqi demək idi. Filialın qarşısında duran əsas məqsəd müasir iqtisadiyyatın tələblərinə uyğun mütəxəssis hazırlamaq, tədris prosesini beynəlxalq standartlara uyğun təşkil etmək, rəqəmsal universitet modelini tətbiq etmək və regionun sosial-iqtisadi inkişafına töhfə vermək idi.

Bu gün geriyə nəzər saldıqda görürük ki, qarşıya qoyulan məqsədlərin böyük hissəsi uğurla reallaşdırılmışdır. 10 ildə filial davamlı inkişaf yolu keçərək regionun ən nüfuzlu ali təhsil müəssisələrindən birinə çevrilmişdir. Qəbul göstəricilərində müşahidə olunan davamlı artım, təhsil proqramlarının genişlənməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi, elmi fəaliyyətin gücləndirilməsi və maddi-texniki bazanın müasirləşdirilməsi bu inkişafın ən mühüm göstəriciləridir.

Filialın fəaliyyətinin ilk ilində cəmi 113 tələbə qəbul olunmuşdu. Bu gün isə burada 1600-dən çox tələbə təhsil alır. Qəbul göstəricilərinin hər il artması bir daha təsdiq edir ki, region gəncləri keyfiyyətli ali təhsil üçün UNEC Zaqatala filialını etibarlı seçim hesab edirlər. Bu etimad bizim üçün həm böyük uğur, həm də daha yüksək məsuliyyət deməkdir.

UNEC-in inkişaf strategiyasında əsas məqsəd yalnız tələbə sayını artırmaq deyil. Bizim üçün əsas göstərici məzunlarımızın bilik və bacarıqları, onların əmək bazarında rəqabət qabiliyyəti, sahib olduqları müasir kompetensiyalar və cəmiyyətə verdikləri töhfədir. Çünki universitetin həqiqi uğuru auditoriyalarda deyil, onun məzunlarının fəaliyyətində ölçülür.

Bu baxımdan UNEC Zaqatala filialı ötən 10 ildə mühüm nəticələr əldə etmişdir. Filialın ilk məzunları artıq dövlət idarəçiliyində, bank sektorunda, biznes qurumlarında, turizm müəssisələrində, informasiya texnologiyaları sahəsində, təhsil sistemində və digər istiqamətlərdə uğurla çalışırlar. Onların peşəkar fəaliyyəti universitetdə verilən təhsilin keyfiyyətinin ən obyektiv göstəricilərindən biridir.

Bu gün UNEC Zaqatala filialı təkcə Zaqatalanın deyil, bütövlükdə Şimal-Qərb bölgəsinin ali təhsil mərkəzinə çevrilmişdir. Burada  Zaqataladan savayı, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, eləcə də Azərbaycanın digər şəhər və rayonlarından gələn gənclər təhsil alırlar. Son illərdə xarici tələbələrin də filiala maraq göstərməsi universitetin beynəlxalq nüfuzunun artmasının göstəricisidir.

Universitetlərin missiyası yalnız diplom verməklə məhdudlaşmır. Müasir universitet cəmiyyətin inkişafına istiqamət verən, innovasiyalar yaradan, yeni ideyalar formalaşdıran, sahibkarlığı təşviq edən və regionun sosial-iqtisadi inkişafına birbaşa təsir göstərən intellektual mərkəz olmalıdır. UNEC Zaqatala filialı da fəaliyyətini məhz bu fəlsəfə üzərində qurmuşdur.

Bu 10 ildə görülən işlər göstərir ki, düzgün müəyyən edilmiş inkişaf strategiyası, peşəkar idarəetmə, kollektivin fədakar əməyi və dövlətin ali təhsilə göstərdiyi diqqət nəticəsində region universiteti qısa müddətdə böyük uğurlar qazana bilər. Qarşıdakı illərdə isə əsas məqsəd bu nailiyyətləri qorumaqla yanaşı, filialı beynəlxalq təhsil məkanında daha tanınan, elmi fəaliyyəti daha güclü və innovasiya imkanları daha geniş olan ali təhsil müəssisəsinə çevirməkdir.

UNEC Zaqatala filialının ilk on ili artıq tarixdir. Qarşıdakı onillik isə yeni hədəflər, daha böyük layihələr və daha iddialı məqsədlər dövrü olacaq. İnanıram ki, bu inkişaf yolu universitetimizin bütün kollektivinin, tələbələrinin, məzunlarının və tərəfdaşlarının birgə səyi nəticəsində daha böyük uğurlarla davam edəcək.

Müasir universitetlərin inkişaf səviyyəsini müəyyən edən əsas amillərdən biri təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır. Əmək bazarının dinamik dəyişdiyi şəraitdə universitetlər də çevik davranmalı, yeni ixtisaslar yaratmalı və mövcud proqramları müasir çağırışlara uyğun yeniləməlidirlər. UNEC Zaqatala filialı da bu istiqamətdə mühüm addımlar atmışdır.

Fəaliyyətə başladığı ilk illərdə cəmi 4 ixtisas üzrə mütəxəssis hazırlayan filial bu gün əyani və qiyabi təhsil formasında 9 ixtisas üzrə bakalavr hazırlığını həyata keçirir. Biznesin idarə edilməsi, Maliyyə, Mühasibat, İqtisadiyyat, Menecment, Marketinq, İnformasiya texnologiyaları, Turizm işinin təşkili, Dövlət və bələdiyyə idarəetməsi kimi istiqamətlər müasir iqtisadiyyatın ən çox tələb olunan sahələrini əhatə edir.

Lakin inkişaf bununla məhdudlaşmır. Qarşıdakı dövr üçün hazırlanmış akademik inkişaf planına əsasən, bakalavr səviyyəsində "Beynəlxalq ticarət və logistika", "Kompüter mühəndisliyi" və "Sosial iş", magistratura səviyyəsində isə "Biznesin təşkili və idarə edilməsi" və "Maliyyə" ixtisaslarının açılması nəzərdə tutulur. Bu addımlar regionun iqtisadi inkişaf perspektivləri və əmək bazarının gələcək ehtiyacları nəzərə alınmaqla planlaşdırılmışdır.

Son illər universitetlərin rəqabət qabiliyyətini müəyyən edən əsas göstəricilərdən biri rəqəmsal transformasiyadır. Dünyanın aparıcı universitetləri artıq klassik idarəetmə modelindən rəqəmsal universitet modelinə keçid edirlər. UNEC bu istiqamətdə Azərbaycanda qabaqcıl ali təhsil müəssisələrindən biridir və Zaqatala filialı da bu transformasiyanın uğurlu iştirakçılarındandır.

Filialda tətbiq olunan EDUMAN Elektron Universitet Modeli təhsil prosesinin bütün mərhələlərini vahid rəqəmsal platformada birləşdirir. Tələbələr şəxsi elektron kabinetləri vasitəsilə dərs cədvəllərinə, sillabuslara, mühazirə materiallarına, qiymətləndirmə nəticələrinə, fərdi tədris planlarına və universitetin təqdim etdiyi digər elektron xidmətlərə operativ şəkildə çıxış əldə edirlər. Bu sistem yalnız rahatlıq yaratmır, eyni zamanda şəffaflığın, operativliyin və akademik məsuliyyətin artırılmasına xidmət edir.

Qiymətləndirmə prosesinin tam elektronlaşdırılması UNEC-in əsas üstünlüklərindən biridir. Müasir texnologiyalarla təchiz olunmuş 65 yerlik elektron imtahan zalı imtahanların tam obyektiv, şəffaf və insan amilindən minimum asılı şəkildə keçirilməsini təmin edir. Elektron apellyasiya sistemi, elektron jurnal, elektron sənəd dövriyyəsi və "Bir pəncərə" xidməti universitet idarəçiliyində rəqəmsal yanaşmanın uğurlu nümunələridir.

Maddi-texniki bazanın gücləndirilməsi də son 10 ilin mühüm nailiyyətlərindəndir. Tədris auditoriyaları müasir elektron kürsülər, proyektorlar və informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmişdir. Yeni Oxu zalının istifadəyə verilməsi, kitabxananın elektron resurslarla zənginləşdirilməsi, tələbələr üçün "Coffee Corner" guşəsinin yaradılması və universitet ərazisində ödənişsiz "Wi-Fi" xidmətinin təşkili müasir universitet mühitinin formalaşdırılmasına xidmət edir.

Ali təhsildə sosial infrastruktur da ən az akademik göstəricilər qədər vacibdir. Tələbənin rahat yaşayışı, sağlamlığı, asudə vaxtının səmərəli təşkili və sosial rifahı onun akademik nəticələrinə birbaşa təsir göstərir. Bu baxımdan UNEC Zaqatala filialında istifadəyə verilən müasir Tələbə Evi mühüm əhəmiyyət daşıyır. Burada tələbələrin təhlükəsiz və rahat yaşayışı üçün bütün zəruri şərait yaradılmış, sağlamlıq imkanları məhdud tələbələr üçün xüsusi otaqlar ayrılmış, elektron giriş sistemi və yüksəksürətli internet infrastrukturu qurulmuşdur.

Universitet həyatının ayrılmaz hissəsi olan idman infrastrukturu da diqqətdən kənarda qalmamışdır. Müasir standartlara cavab verən idman zalı tələbələrin fiziki hazırlığının gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və müxtəlif idman yarışlarının keçirilməsi üçün geniş imkanlar yaradır. Universitet yalnız peşəkar mütəxəssis deyil, həm də sağlam, fəal və sosial məsuliyyətli vətəndaş yetişdirməyi qarşısına məqsəd qoymuşdur.

Filialın elmi fəaliyyətində də keyfiyyətcə yeni mərhələ başlamışdır. Elmi məqalələrin "Scopus" bazasında indekslənən nüfuzlu beynəlxalq jurnallarda dərc olunması, beynəlxalq tədqiqat layihələrində iştirak, xarici elmi seminarlar və təlim proqramlarında təmsilçilik universitetin elmi potensialının yüksəldiyini göstərir. Sevindirici haldır ki, əməkdaşlarımızın elmi tədqiqatlarının nəticələri artıq beynəlxalq elmi ictimaiyyət tərəfindən də qəbul olunur və istinad edilir.

Universitetin beynəlxalq nüfuzunun artmasının digər mühüm göstəricisi xarici ali təhsil müəssisələri ilə əməkdaşlığın genişlənməsidir. Türkiyənin aparıcı universitetləri ilə qurulan tərəfdaşlıqlar müəllim və tələbə mobilliyini artırmış, birgə elmi layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaratmışdır. Orhun Mübadilə Proqramı çərçivəsində müəllim və tələbələrimizin beynəlxalq akademik mühitdə iştirak etməsi onların peşəkar inkişafına mühüm töhfə verir.

Xüsusi diqqətəlayiq məqamlardan biri odur ki, artıq xarici ölkələrdən olan tələbələr də təhsil almaq üçün UNEC Zaqatala filialını seçirlər. Bu, universitetimizin beynəlxalq tanınmasının artdığını və region universiteti anlayışının artıq beynəlxalq ölçü qazandığını göstərir.

2026-cı ildə keçirilən 10 illik yubiley tədbirləri isə təkcə ötən dövrün uğurlarının qeyd olunması deyil, həm də gələcəyə baxışın ifadəsidir. "Rəqəmsallaşma dövründə regional universitet modeli" mövzusunda təşkil olunan beynəlxalq elmi-praktiki konfrans müxtəlif ölkələrdən alimləri, tədqiqatçıları və universitet rəhbərlərini bir araya gətirməklə UNEC Zaqatala filialının beynəlxalq akademik platformada artan nüfuzunu nümayiş etdirmişdir. Belə tədbirlər region universitetlərinin inkişaf perspektivlərinin müzakirəsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Yubiley münasibətilə istifadəyə verilən yeni Turizm otağı, Azərbaycanın Əməkdar elm xadimi professor Məsud Əfəndiyevin adını daşıyan auditoriya və Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə yaradılmış müasir İKT otağı filialın yalnız maddi-texniki bazasının deyil, həm də mənəvi dəyərlər sisteminin inkişafına verilən önəmin göstəricisidir. Universitet keçmişinə hörmət etməklə yanaşı, gələcəyin universitetini qurmağa çalışır.

Bu gün UNEC Zaqatala filialı regionun sosial-iqtisadi inkişafında fəal iştirak edən, əmək bazarının tələblərinə cavab verən mütəxəssislər hazırlayan, rəqəmsal texnologiyaları uğurla tətbiq edən, beynəlxalq əməkdaşlığa açıq və innovativ ali təhsil müəssisəsi kimi formalaşmışdır. Lakin biz əldə olunan nəticələri son məqsəd kimi deyil, daha böyük hədəflərə aparan mərhələ kimi qiymətləndiririk.

Qarşıdakı illərdə əsas məqsədimiz filialın akademik potensialını daha da gücləndirmək, elmi tədqiqatların keyfiyyətini artırmaq, beynəlxalq reytinqlərdə mövqeyimizi yaxşılaşdırmaq, yeni təhsil proqramları yaratmaq, xarici tələbələrin sayını artırmaq və regionun iqtisadi inkişafına daha böyük töhfələr verməkdir. Biz inanırıq ki, universitet yalnız bu günü deyil, gələcəyi də formalaşdırmalıdır. Bu baxımdan UNEC Zaqatala filialının qarşısında duran vəzifələr kifayət qədər böyük və məsuliyyətlidir.

10 il əvvəl böyük ümidlərlə əsası qoyulan UNEC Zaqatala filialı bu gün həmin ümidləri doğruldan, etimadı qazanan və uğurları ilə seçilən ali təhsil müəssisəsidir. Bu uğurlar ilk növbədə dövlətimizin təhsilə göstərdiyi yüksək diqqətin, UNEC kollektivinin peşəkarlığının, filial rəhbərliyinin məqsədyönlü fəaliyyətinin, professor-müəllim heyətinin fədakar əməyinin və tələbələrimizin əzmkarlığının nəticəsidir.

Əminəm ki, qarşıdakı illərdə UNEC Zaqatala filialı regionun deyil, bütövlükdə Azərbaycanın nümunəvi ali təhsil müəssisələrindən biri kimi öz mövqeyini daha da möhkəmləndirəcək, elm, təhsil və innovasiya sahəsində yeni uğurlara imza atacaq. Universitetimizin qarşısında duran əsas missiya dəyişməz qalır: yüksəkkeyfiyyətli təhsil vermək, milli iqtisadiyyatın inkişafına xidmət edən rəqabətqabiliyyətli mütəxəssislər yetişdirmək, cəmiyyətə faydalı və məsuliyyətli vətəndaşlar formalaşdırmaq.

UNEC Zaqatala filialının ilk 10 ili böyük uğurların tarixidir. Qarşıdakı illərin isə daha böyük nailiyyətlərin, daha iddialı layihələrin və yeni inkişaf mərhələsinin başlanğıcı olacağına inanırıq. Bu inamın əsasında ən böyük sərvətimiz dayanır – biliyə inanan gənclərimiz, onları yetişdirən müəllimlərimiz və Azərbaycanın gələcəyinə xidmət edən güclü universitetimiz.

Ədalət MURADOV,
UNEC-in rektoru, professor

TOP XƏBƏRLƏR