Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal İqtisadiyyat fakültəsinin müəllimi, İtaliyanın Sapienza Universitetinin doktorantı Roza Misirli beynəlxalq seçim əsasında İsveçin paytaxtı Stokholmda keçirilən nüfuzlu beynəlxalq kibertəhlükəsizlik yay məktəbində iştirak edib.
Beynəlxalq yay məktəbi dünyanın müxtəlif ölkələrindən tədqiqatçıları və kibertəhlükəsizlik üzrə mütəxəssisləri bir araya gətirib. Dörd gün davam edən proqram çərçivəsində iştirakçılar kibertəhlükəsizlik sahəsində müasir çağırışlar, yeni tədqiqat istiqamətləri və innovativ texnologiyalarla bağlı bilik və bacarıqlarını təkmilləşdirmək imkanı əldə ediblər.
Proqram çərçivəsində Purdue University-nin professoru, kibertəhlükəsizlik və məxfilik sahəsində tanınmış alim Elisa Bertino tərəfindən müasir yanaşmalar və aktual tədqiqat istiqamətləri üzrə mühazirələr təqdim olunub.
Yay məktəbi Roza Misirli üçün beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və kibertəhlükəsizlik sahəsində peşəkar biliklərinin daha da inkişaf etdirilməsi baxımından mühüm təcrübə olub.