Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Rus İqtisad Məktəbinin direktoru, Unec Koqnitiv iqtisadiyyat mərkəzinin rəhbəri, dosent Mənsur Bərxudarov Fact-info.az-ın suallarını cavablandırır.
-Mənsur müəllim beynəlxalq iqtisadi münəsibətlərin tənzimlənməsində tranzit layihələrin rolu həmişə yüksək olub. Hazırda Azərbaycan ərazisindən keçən tranzit layihələrin region ölkələr üçün sabitləşdirici amil kimi dəyərləndirmək olarmı?
-Birmənalı bəli demək olar. Bu gün Avrasiya materiki dünyada baş verən köklü dəyişikliklərin mərkəzində dayanır. Dünyanın köhnə düzəni pozulur və yeni düzəni formalaşır. Bu proses ölkələrarası ziddiyətlərin kəskinləşməsi ilə müşaiyət olunur. Hazırda Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən gərginliklər dünya iqtisadiyyatına mənfi təsir etməkdədir.
Bildiyimiz kimi, Avrasiyanın şərqində yerləşən ölkələrlə onun qərbində yerləşən ölkələr arasında (dəniz daşımalarını istisna etsək) quruda həyata keçirilən yükdaşımaları adətən üç nəqliyyat dəhlizi vasitəsi ilə həyata keçirilirdi: şimali, cənub və orta. Şərq - Qərb magistral yolları şimal dəhlizi ilə əsasən Qazaxstan və Rusiya ərazisindən keçərək Avropaya gedirdi. Hazırda isə Rusiya-Ukrayna arasında davam edən müharibə bu xəttin fəaliyyətini mümkünsüz edib. Məhz, belə olan məqamda Azərbaycan üzərindən keçməklə bu yükdaşımaları gerçəkləşir. Onu da qeyd edim ki, ABŞ-İran, Rusiya-Ukrayna müharibələrindən sonra, Azərbaycan üzərindən keçən bu strateji dəhlizin əhəmiyyəti daha da artıb. 2019-cu ildə Mərkəz koridoru vasitəsilə 0,8 mln. ton yük daşınılmışdısa, 2025-ci ildə bu rəqəm təxminən 5 dəfə artaraq, 4,5 mln. tona çatmışdır. Azərbaycanın coğrafi mövqeyi, yaranmış situasiyalar, bir sıra nəqliyyat xəttlərinin bu regiondan keçməsi tranzit layihələrinin effektivliyinin göstərisidir. Hazırda həmin tranzit layihələr Azərbaycandan keçməklə Gürcüstana, oradan da Avropaya istiqamət götürür. Sülh müqaviləsi imzalanandan sonra, həmin xəttlər Ermənistan üzərindən də keçəcək. Bu da o deməkdir ki, sözügedən strateji layihələr Azərbaycanla bərabər regionun digər dövlətləri üçün də əhəmiyyətlidir.
-Azərbaycanda şəhərsalma-urbanizasiya işlərinin təkmiləşdirilməsi ilə bağlı qısaca nələri qeyd etmək olar?
-Azərbaycanda şəhərsalma-urbanizasiya işlərinin təkmilləşdirilməsindən danışarkən, Beynəlxalq Millətlər Təşkilatı (UN-Habitat) tərəfindən təşkil olunmuş 17-22 may tarixlərində Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu yada düşür. Bu problem qlobal xarakter daşıyır. Demək olar ki, dünyanın bütün ölkələrində bu problem yaşanır və ilbəil kəskinləşir. Forum çərçivəsində “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşması” mövzusunda beynəlxalq konfrans da keçirilib. Belə beynəlxalq tədbirlərin təşkil olunması sözügedən problemin çox geniş miqyaslı və ciddi xarakter daşımasından xəbər verir.
Bu gün şəhərsalma məsələsinə yanaşmalar fərqlidir. Bizim bu məsələyə münasibətdə fərqli metodoloji yanaşmamız var. Fikrimcə, şəhərlərin inkişafı ilə şəhərlərin böyüməsi prosesləri arasında prinsipial fərq vardır. Birinci halda, innovativ iqtisadiyyat genişlənir.Yəni, elmi-texniki inkişafın nəticəsində şəhərlər inkişaf edir və nəticədə şəhər aqlomerasiyası yaranır. Şəhərin elmi-mədəni səviyyəsi yüksəlir, şəhər yeni bir keyfiyyət səviyyəsinə yüksələrək daha da şəhərləşir. Bu müsbət qarşılanmalı məqamdır. Digər tərəfdən, şəhərlərin böyüməsi, kənddə məskunlaşmış əhalinin şəhərə axını nəticəsində baş verir. Yəni şəhərlə kənd arasında ziddiyyətlər kəskinləşir. Kənddə yaşayan insanlar sosial problemlərdən, işsizlikdən şəhərlərə üz tuturlar. Nəticədə, şəhərlər böyüyür, əhali artır və əvvəllər olmayan yeni problemlər ortaya çıxır. Dünyada belə acı təcrübələr vardır. Hindistanda, Meksikada və digər ölkələrdə bu kimi reallıqlar mövcuddur.
-Belə problemlərlə üzləşməmək üçün nələri etmək zəruridir?
-Belə problemlərlə üzləşməmək üçün kompleks iqtisadiyyat inkişaf etdirilməlidir. Regionlarda və mərkəzdə rəqabətədavamlı, regionlararası və şəhərlərarası balanslaşdırılmış milli iqtisadiyyatın qurularaq inkişaf etdirilməsi zəruridir. Dövlətimiz bu istiqamətdə çox ciddi strateji layihələr həyata keçirmiş və bu layihələrin reallaşdırılması öz müsbət nəticələrini vermişdir. Belə ki, ölkəmizdə 2004-2023-cü illər ərzində regionların social-iqtisadi inkişafı üçün dörd Dövlət proqramı həyata keçirilmişdir. Bu proqramların həyata keçirilməsinin əsas məqsədləri regionlarda iqtisadi-inkişafın sürətləndiriliməsi, yeni iş yerlərinin yaradılması, infrastrukturun yaxşılaşdırılması, sahibkarlığın inkişafı və əhalinin məşğulluğunun və rifahının artırılması olmuşdur. 2024-cü ildən etibarən regionların inkişafı daha geniş strateji sənədlər və Dövlət proqramları çərçivəsində davam etdirilir. Paytaxtla bərabər regionların inkişafının paralel şəkildə aparılması nəticə etibarilə regionlararası və sahələrarası proporsionallığı, digər sözlərlə desək, balanslaşdırılmış tarazlı inkişafı təmin edir.
-Bu yaxınlarda Azərbaycan Prezidentinin sədrliyi ilə kənd təsərrüfatına həsr olunan müşavirə keçirildi. Aqrar bölmənin inkişaf etdirilməsi ilə bağlı mesajlar verildi. Ümumiyyətlə, aqrar bölmənin inkişaf etdirilməsi və mövcud problemlərin həlli üçün nələrə diqqət yetirmək zəruridir?
-Aqrar bölmənin inkişafı regionlarda məşğulluğun təmin olunması ilə bərabər, həm də qida təhlükəsizliyi ilə bağlıdır. Bu gün qeyri neft sektorunun inkişaf etdirilməsini, iqtisadiyyatın şaxələndirilməsini qarşımıza məqsəd kimi qoymuşuqsa, regionları inkişaf etdirməliyik.
Regional iqtisadiyyatı inkişaf etdirmək üçün çox işlər görülmüşdür. Əvvəllər bölgələrə gediş-gəliş çox çətin idi. Yollar bərbad idi, qaz, işıq problemləri var idi. Mən əslən Yevlaxlıyam və həmin rayona mütəmadi səfərlər edirəm. Regionların sosial-iqtisadi inkişaf Dövlət proqramlarının icrasından əvvəlki dövrdə mən hər dəfə Yevlax rayonuna 6-7 saata gedirdim. İndi isə, bu yolu 3 saat ərzində gedirəm.
Bu gün Azərbaycanın bütün bölgələrində infrastruktur problemləri öz həllini tapıb. Bütün bölgələrdə yol infrastrukturu müasir standartlara uyğun şəkildə yenilənib. Enerji təminatı məsələləri öz həllini tapıb. İnfrastruktur layihələri öz bəhrəsini verir. Allah Ümummilli Liderimizə rəhmət eləsin. Onun sərəncamı ilə 1996-cı ildə torpaqlar özləşdirildi, kəndlilərə verildi. Hal-hazırda bütün regionlarda xeyli sayda fermer təsərrüfatları yaradılıb. Bundan başqa, kiçik və orta biznesə dəstək məqsədilə xeyli addımlar atılıb. Əgər bu gün hər hansı regiona biz səfər etsək, sözügedən reallığı müşahidə edə bilərik.
-Regional iqtisadiyyatı inkişaf etdirmək üçün hansı addımların atılmasını məqbul hesab edirsiniz?
-Mənim qənaətimcə, bütövlükdə ölkəmizdə sahibkarların savadı artırılmalıdır. Sahibkarlıq sahəsində çalışan insanların bilikləri və bacarıqları sahibkarlıq ideyalarını reallaşdıraraq inkişaf etdirmək üçün yetərli olmadığına görə, onlar əksər hallarda öz fəaliyyətlərini səmərəli qura bilmirlər. Ölkəmizdə sahibkarlıq təhsili çox aşağı səviyyədədir və mövcud təhsil isə fraqmental xarakter daşıyır, tam deyil, bütöv deyil. Biz ötən il Azərbaycan Dövlət İqtisad Universitetində sahibkarlıq təhsilinə həsr olunmuş beynəlxalq forum keçirdik. Geniş müzakirələr təşkil etdik. Dünyada sahibkarlıq təhsili ilə bağlı çox zəngin təcrübələr var. Biz belə təcrübələrdən yararlanmalıyıq. Savadlı sahibkarı yetişdirmək üçün sahibkarlıq təhsili üzrə təhsil proqramları işləyib hazırlamalıyıq. Yeni iqtisadiyyata keçid tarixi zərurətdən irəli gəlir. Cənubi Qafqazda yeni reallıq yaranıb. Bundan əlavə, müasir dünya rəqəmsal iqtisadiyyata keçid şəraitində fəaliyyət göstərir. Rəqəmsal cəmiyyət şəraitində fəaliyyət göstərən ölkələr bu cəmiyyətin qoyduğu tələblərə uyğun olaraq dəyişməli və yeni, daha səmərəli işlək mexanizmlərin fəaliyyətinə əlverişli şərait yaratmalıdır. Elmi ədəbiyyatlarda bu dəyişikliklər 4-cü sənaye inqilabı kimi qeyd olunur. Əslində isə, bu inqilabi dəyişikliklər yalnız sənaye sahəsini deyil, ictimai həyatın bütün sahələrini,- elmi-mədəni, sosial-iqtisadi, hərbi-siyasi və hətta ictimai şüurda gedən dəyişiklikləri özündə ehtiva edir. Formalaşan yeni iqtisadiyyat yeni ideyalara, innovasiyalara, həm də modern texnologiyalara əsaslanan bilik iqtisadiyyatıdır.