UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının baş müəllimləri Yalçın Köçərli və Leyla Köçərlinin həmmüəllifi olduqları “Sosial işdə idarəetmə” adlı dərslik çapdan çıxıb.
Ölkəmizdə “Sosial işdə idarəetmə” fənni üzrə hazırlanmış ilk dərslik olan nəşr müəlliflərin uzunmüddətli elmi-pedaqoji fəaliyyətinin nəticəsi kimi ərsəyə gəlib. Dərslik sosial işin həyata keçirildiyi sosial, siyasi və iqtisadi kontekstləri nəzərə alaraq, sosial ədalətin təşviqinə xidmət edən siyasət və təcrübələrin öyrənilməsinə yönəlib.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Sosial iş” ixtisasının əsas ixtisas fənləri sırasına daxil edilən dərslik tələbələrə sosial xidmət müəssisələrində idarəetmənin nəzəri əsaslarını, müasir yanaşmalarını və səmərəli idarəetmə mexanizmlərini mənimsəmək imkanı yaradır.
Nəşrin əsas məqsədi gələcək sosial iş mütəxəssislərini müxtəlif təşkilati mühitlərdə effektiv rəhbərlik və idarəetmə bacarıqları ilə təmin etmək, nəzəri biliklərlə praktik tətbiq arasında körpü yaratmaqdır.
Dərslikdən “Sosial iş” ixtisası üzrə təhsil alan subbakalavr, bakalavr və magistr tələbələri, elmi tədqiqatçılar, eləcə də sosial iş və sosial xidmət sahəsində fəaliyyət göstərən mütəxəssislər faydalana bilərlər.