A

27 sentyabr-  Anım Günü münasibətilə UNEC-də tədbir keçirilib.

UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksinin önündə keçirilən anım tədbirində şəhid ailələri, qazilər, müharibə iştirakçıları, UNEC-in kollektivi və xalq artisti Nurəddin Mehdixanlı  iştirak ediblər.

Açılışdan öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.

UNEC rektoru, professor Ədalət Muradov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun  Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən söz açıb. Bildirib ki, 30 illik torpaq həsrətinə son qoyan, şəhidlərin qanı, canı bahasına əldə etdiyimiz Qarabağ zəfəri Nobel mükafatçısı Aziz Sancarın qeyd etdiyi kimi “Son 200 ildə Türk dünyasının ən böyük və ən önəmli zəfəridir”. Rektor şəhidlərimizin xatirəsinin daim yad edilməsinin, əbədiləşdirilməsinin, eləcə də onların ailə üzvlərinə diqqət və qayğı göstərilməsinin hər birimizin vətəndaşlıq borcu olduğunu deyib. UNEC-in şəhid olmuş 45  tələbə və məzununun xatirəsinə ucaldılan memorial kompleksin gələcəyimiz üçün vətənpərvərlik abidəsi olduğunu diqqətə çatdırıb.

Xalq artisti Nurəddin Mehdixanlı Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqdan bəhs edərək, 27 sentyabrın ölkəmiz üçün qələbənin başlanğıc tarixi olduğunu bildirib. Xalqımızın bu haqq savaşında Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordusuna söykənərək qalib gəldiyini, tarixi torpaqlarımızı düşmən tapdağından azad etdiyini diqqətə çatdırıb. O, şəhidlərimizin həyat yolunun yeni nəsillər üçün bir örnək, vətənpərvərlik və fədakarlıq nümunəsi olduğunu vurğulayıb.

Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan kapitanı Şəmsəddin  Qurbanov, UNEC-in tələbəsi, Vətən müharibəsi qazısı Xəyyam  Qədiməliyev Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşdən bəhs ediblər. Azərbaycan Ordusunun Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını, vətənə, xalqa, dövlətə bundan sonra da sədaqətlə xidmət edəcəklərini qeyd ediblər.

Sonra UNEC-in şəhid məzunları Əhmədağa Novruzov, Yusif Mirzəyev, Teymur Məcidzadə, Hikmət Şıxməmmədov, Mahir Mirzəyev, Anar Qarayev və Əsəd Əsədlinin valideynləri çıxış edərək, övladlarının qanının yerdə qalmadığından, rəşadətli ordumuzun onların intiqamını döyüş meydanında aldığından təsəlli tapdıqlarını və övladları ilə qürur duyduqlarını bildiriblər.

Tədbirdə tələbələrdən Əlizamin Əhmədov “Sənə zəfər yaraşır”, Nəzirə Adıgözəlova “Şəhidlər”, Nihad Həsənov “Azərbaycan əsgəri” şeirlərini səsləndiriblər.

Anım mərasimi “Xudayar təsnifi”nin səsləndirilməsi ilə başa çatıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay