UNEC-də “Biznesə dair resurs tövsiyələri” layihəsi çərçivəsində növbəti təqdimat keçirilib.
Bu buraxılış beynəlxalq biznes mövzusuna həsr olunub və oxuculara bu sahədə mövcud olan kitablar haqqında geniş məlumat təqdim edilib.
Bildirilib ki, beynəlxalq biznes müxtəlif ölkələr arasında mal və xidmətlərin istehsalı, satışı və mübadiləsi ilə bağlı iqtisadi fəaliyyət növüdür. Bu fəaliyyətə ixrac və idxal əməliyyatları, xarici investisiyalar, beynəlxalq şirkətlər arasında əməkdaşlıq və qlobal bazarlarda iştirak daxildir. Bu sahədə yazılmış elmi əsərlərdə qloballaşan dünyada marketinq strategiyaları, liderlik bacarıqları, idarəetmə üsulları və müxtəlif mədəniyyətlər arasında iş qurma qaydaları geniş şəkildə izah olunur. Müəlliflər real biznes nümunələri əsasında risklərin idarə olunması, düzgün qərarvermə və innovativ yanaşmalar barədə ətraflı məlumat təqdim edirlər.
Qeyd olunub ki, UNEC kitabxanalarında, xüsusilə də 4 saylı tədris binasının kitabxanasında beynəlxalq biznesə dair zəngin elmi nəşrlər mövcuddur. Tələbələr bu resurslar vasitəsilə beynəlxalq biznesin həm nəzəri, həm də praktiki tərəflərini öyrənmək imkanı əldə edirlər. Sözügedən kitablar yalnız tələbələr üçün deyil, həmçinin sahibkarlar, menecerlər və biznes sahəsinə maraq göstərən hər kəs üçün faydalıdır.
Təqdimat çərçivəsində aşağıdakı kitablar oxuculara tövsiyə olunub:
Niyazi Həsənovun “Beynəlxalq biznes” (2022) adlı dərsliyi beynəlxalq biznesin əsas anlayışlarını və qlobal bazarın xüsusiyyətlərini izah edir, ixrac, idxal və investisiya kimi mövzuları əhatə edir.
Abbas Abbasov və Vladimir Klimovun “B4B – Business for Business” (2024) kitabında müasir biznesdə rəqabət üstünlüyünün əldə olunması yolları və aparıcı şirkətlərin təcrübələri təhlil olunur.
Şamil Qafarov və Rafail Rzayevin “Qlobal mühitdə biznes” (2017) əsərində beynəlxalq bazarda rəqabət strategiyaları, transmilli korporasiyaların rolu və qlobal iqtisadi proseslər araşdırılır.
Rəşad Bədirov və Murad Bədirovun “Biznes əlaqələri” (2014) kitabı müəssisələrarası münasibətlərin qurulması və idarə olunmasına həsr olunub.
Con Mallinsin “Yeni biznes yolu testi” (2022) kitabı startap qurmaq istəyənlər üçün praktiki bələdçi kimi təqdim olunur.
C.Rama Gopalın “Export Import Procedures: Documentation and Logistics” (2023) kitabı ixrac-idxal prosedurları, gömrük sənədləri və logistika proseslərini əhatə edir.
Justin G. Longenecker və həmmüəlliflərin “Small Business Management” (2021) kitabı kiçik biznesin qurulması və inkişafı mərhələlərini izah edir.
David P. Twomey və həmmüəlliflərin “Business Law” (2017) dərs vəsaiti müasir biznes mühitində hüquqi prinsipləri və etik məsələləri əhatə edir.
Layihə çərçivəsində təqdim olunan rusdilli nəşr – F.R.Mirishli, Y. P.Qocayev, A.Y.Rzayev və S.E.Sadıqovanın “Dünya valyuta-maliyyə sistemi” (2014) kitabı isə Azərbaycan dilində təqdim edilərək oxucuların diqqətinə çatdırılıb. Bu dərslikdə beynəlxalq valyuta sisteminin inkişafı, valyuta məzənnələrinin formalaşması, maliyyə bazarları, bank sistemi və qlobal maliyyə axınları geniş şəkildə izah olunur. Kitab iqtisadiyyat və maliyyə ixtisası üzrə təhsil alan tələbələr, həmçinin bu sahəyə maraq göstərən mütəxəssislər üçün dəyərli mənbə hesab olunur.
Qeyd edək ki, təqdim olunan kitabların bir qismi UNEC KİM-in elektron kitabxanasında (https://library.unec.edu.az/) oxucular üçün əlçatandır.