Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “Narkotiklərdən istifadəyə görə hüquqi məsuliyyət və gəncliyin inkişafına vurduğu zərər” mövzusunda seminar keçirilib.
Seminarı giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, narkotik vasitələrdən istifadənin fərdi sağlamlıqla yanaşı cəmiyyətin sosial-iqtisadi inkişafına ciddi təhlükə yaratdığını, gənclərin təhsilinə və karyera perspektivlərinə mənfi təsir göstərərək onların potensialının reallaşmasına mane olduğunu qeyd edib və hüquqi məsuliyyətin düzgün dərk edilməsinin məsuliyyətli davranışın formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Nərmin Süleymanlı çıxış edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsinə görə qüvvədə olan qanunvericilik çərçivəsində nəzərdə tutulan hüquqi məsuliyyətin mahiyyətini ətraflı şəkildə izah edib, bu hüquqpozmaların cəmiyyət üçün yaratdığı təhlükələri və fərdlər üçün doğurduğu ağır nəticələri konkret nümunələrlə tələbələrin diqqətinə çatdırıb, gəncləri hüquqi maariflənməyə, qanunlara hörmətlə yanaşmağa, sağlam həyat tərzini seçməyə və zərərli vərdişlərdən uzaq durmağa çağırıb.
Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.