A

“Tələbə və iş dünyası” qarşılıqlı münasibətləri çərçivəsində UNEC-in Biznes və menecment fakültəsinin “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə təhsil alan tələbələri üçün “Araz” Logistika Mərkəzinə ekskursiya təşkil edilib.

“Biznes və logistika” kafedrasının baş müəllimi Aytac Hacıyevanın rəhbərliyi ilə keçirilən infosessiya zamanı tələbələr mərkəzin ərazisi, müasir anbar infrastrukturu, qida və qeyri-qida məhsullarının saxlanma sahələri, eləcə də əməkdaşlar üçün yaradılan iş şəraiti ilə əyani şəkildə tanış olublar. Ekskursiya iştirakçılarına anbarın fəaliyyət mexanizmi və logistika proseslərinin təşkili barədə ətraflı məlumat verilib.

Tədbirin sonunda “Araz” Logistika Mərkəzinin direktoru Anar Adilzadə tələbələrlə görüşərək peşəkar fikir mübadiləsi aparıb və onları maraqlandıran sualları cavablandırıb.

İnfosessiyanın əsas məqsədi tələbələri ölkənin aparıcı pərakəndə ticarət şəbəkələrindən biri olan “Araz” supermarketlər şəbəkəsinin logistika infrastrukturu ilə yaxından tanış etmək, karyera inkişaf imkanları barədə məlumatlandırmaq və onların real iş mühitinə adaptasiyasına dəstək olmaq olub.

Qeyd edək ki, 400-ə yaxın mağazası və 14 mindən artıq əməkdaşı olan şirkət həm gənclər, həm də peşəkar mütəxəssislər üçün geniş karyera imkanları yaradaraq ölkə əhalisinin məşğulluğuna mühüm töhfə verir. Bu kimi təşəbbüslər tələbələrin nəzəri biliklərini real təcrübə ilə zənginləşdirərək onların gələcək əmək bazarına daha hazırlıqlı çıxmalarına xidmət edir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay