A

UNEC Magistratura Məktəbinin (UNEC MM) əməkdaşı, i.ü.f.d., dosent Kəmalə Nəcəfova və "Humanitar fənlər” kafedrasının dosenti tar.ü.f.d. Cəmilə Həsənova Macarıstanda keçirilən beynəlxalq elmi konfransda çıxış ediblər.

Macarıstanın nüfuzlu Obuda Universitetində (Óbuda University) keçirilən beynəlxalq elmi konfransda ölkəmizi uğurla təmsil edən UNEC dosentlərinin "Təhsil sistemində innovativ metodlarin tətbiqi – Azərbaycan nümunəsində" mövzusundakı məruzələri böyük maraqla dinlənilib.

Çıxışda XXI əsrin qlobal sosial-iqtisadi çağırışları fonunda Azərbaycanın təhsil sistemində həyata keçirilən köklü islahatlar və innovativ yanaşmaların strateji əhəmiyyəti elmi prizmadan təhlil olunub. Tədqiqatda "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədi əsas götürülərək, rəqəmsal kompetensiyaların inkişafı və təhsilin texnoloji transformasiyası əsas hədəf kimi göstərilib. Həmçinin, müəlliflər Finlandiya, Estoniya və Cənubi Koreya kimi ölkələrin təhsil modellərini milli sistemə adaptasiya etməyin yollarını vurğulayıblar.

Mühazirədə xüsusi diqqət çəkən məqamlardan biri müasir metodların effektivliyinin statistik göstəricilərlə əsaslandırılması olub. UNEC dosentləri K.Nəcəfova və C.Həsənova qeyd ediblər ki, 2022-ci il üzrə Azərbaycanda STEAM mərkəzləri artıq 120 mindən çox şagirdi əhatə edir. Lakin bu müsbət dinamika ilə yanaşı, infrastrukturun genişləndirilməsi və müəllimlərin iş yükünün optimallaşdırılması kimi çağırışların həlli də diqqət mərkəzində saxlanılmalıdır. 

Sonda yekun olaraq vurğulanıb ki, innovativ metodlar təkcə fərdi intellektual inkişafa deyil, həm də cəmiyyətdə sosial inklüzivliyin təmin olunmasına və rəqabətədavamlı insan kapitalının formalaşmasına xidmət edir.

Qeyd edək ki, beynəlxalq onfransda 20-dən çox xarici universitetin nümayəndələri, professor və tədqiqatçıları iştirak etmiş, müxtəlif ölkələrdən gələn tədqiqatçılar arasında geniş elmi müzakirələr aparılmışdır. UNEC dosentlərinin təqdimatı iştirakçıların geniş marağına səbəb olmuş, mövzu ətrafında verilən suallar cavablandırılmış və müzakirələrdə fəal fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay