UNEC Kitabxana-İnformasiya Mərkəzi dünyanın nüfuzlu təşkilatlarından biri olan IFLA – Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyasına üzv qəbul olunub.
IFLA-nın son hesabatına əsasən, təşkilat dünyanın 151 ölkəsindən 1598 üzvü birləşdirərək qlobal kitabxana icmasının ən böyük və nüfuzlu platformalarından biri kimi fəaliyyət göstərir. Bu üzvlük UNEC Kitabxana-İnformasiya Mərkəzi üçün beynəlxalq kitabxana və informasiya mütəxəssisləri icmasının bir hissəsinə çevrilmək, qlobal səviyyədə təcrübə mübadiləsi aparmaq və peşəkar inkişaf imkanlarını genişləndirmək baxımından mühüm addım hesab olunur.
Beynəlxalq təşkilata üzvlük kitabxanaya bir sıra üstünlüklər qazandırır. Belə ki, UNEC kitabxanası artıq kitabxana və informasiya xidmətlərinin qlobal səsinin bir hissəsi olmaqla yanaşı, qəbul edilən qərarlarda səsvermə hüququ əldə edir. Eyni zamanda beynəlxalq şəbəkə ilə əlaqələr qurmaq, qabaqcıl təcrübələri paylaşmaq, müxtəlif seminar, görüş və təlimlərdə iştirak etməklə peşəkar biliklərini inkişaf etdirmək imkanı qazanır.
Üzvlük çərçivəsində kitabxana sahəsində yeniliklər və mühüm xəbərlər haqqında mütəmadi məlumat əldə etmək, IFLA World Library and Information Congress 2026 üçün qeydiyyat ödənişlərində 25% endirimdən yararlanmaq, həmçinin IFLA nəşrlərinə xüsusi güzəştlər əldə etmək də mümkün olacaq.
Bununla yanaşı, UNEC Kitabxana-İnformasiya Mərkəzi IFLA-nın Avropa Regional Bölməsinə qoşulmaq imkanı əldə edib ki, bu da region üzrə əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək.
Qeyd edək ki, kitabxana artıq rəsmi IFLA üzv nişanından istifadə etmək hüququna da malikdir.