A

Ölkədə «Publik Hüquqi Şəxslər Haqqında» qanunun tətbiq edilməsi və bu tipli ilk qurum olaraq “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası”nın yaradılması təqdirəlayiq addımdır.

Dünyanın uzunmüddətli təcrübəsi göstərir ki, inkişaf etmiş iqtisadiyyatların “sacayaqları” azad bazar, hüquqi dövlət və demokratiya institutlarıdır. Bunların biri digərinin mövcudluğunu zəruri edir və hər üçünün də bir-birinə adekvat qaydada inkişaf etməsi əsas prinsipdir. Bu baxımdan ölkədə son dövrlər azad bazarın inkişafı istiqamətində atılan addımlar, təbii olaraq, hüquqi-instutsional sahədə də islahatlarla müşayiət olunur.

Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsində tənzimləmə və nəzarət qurumlarının müstəqilliyinin və peşəkarlığının artırılması, həmçinin də tənzimləmə və nəzarət funksiyalarının eyni qurumlarda cəmlənməsi praktikasının getdikcə aradan qaldırılması zərurətə çevrilmişdir. Qeyd olunan Palatanın yaradılması və bank sisteminə nəzarət funksiyasının bu quruma ötürülməsi imkan verəcək ki, bundan sonra Mərkəzi Bank tam şəkildə monetar siyasətin formalaşdırılması və reallaşdırılması prosesinə fokslansın və bu istiqamətdə çevikliyini daha da artırsın. Eyni zamanda bank sisteminə, eləcə də bütövlükdə maliyyə bazarlarına nəzarətin publik hüquqi şəxs statuslu qurum tərəfindən həyata keçirilməsi bu sahədə şəffaflığın, hesabatlığın və etibarlığın artırılmasına imkan yarada bilər. Hesab edirəm ki, bu kimi proseslər bundan sonra da davam etdirilməli və iqtisadiyyatda dövlət tənzimləmə və nəzarət qurumlarının bazar iqtisadiyyatının təbiətinə və tələblərinə adekvatlığı daim artırılmalıdır.

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru,UNEC “Beynəlxalq iqtisadiyyat” kafedrası

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay