Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Maliyyə və mühasibat fakültəsində UNEC-in 2007-ci il məzunu, Azərbaycan Respublikasının Hesablama Palatasının Təlim ehtiyaclarının təhlili və təlimlərin təşkili sektorunun müdiri, iqtisad üzrə fəlsəfə doktoru Ramal Əzizovla görüş keçirilib.
Görüşü giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, UNEC məzunlarının əldə etdikləri uğurlarla hər zaman qürur duyduğunu qeyd edib, məzunlarla fakültə arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışıb, Hesablama Palatası ilə UNEC arasında əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə və UNEC məzunlarının “Dövlət sektorunda audit” mövzusunda təlim proqramı çərçivəsində dövlət qulluğuna kadrların hazırlanmasına görə qonağa öz minnətdarlığını bildirib.
Hesablama Palatasının Təlim ehtiyaclarının təhlili və təlimlərin təşkili sektorunun müdiri Ramal Əzizov çıxış edərək, Palatanın yaradılması, strukturu və fəaliyyəti haqqında ətraflı məlumat verib, məzunların dövlət qulluğuna qəbulu, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, qulluqda yüksəliş və digər məsələlərdən bəhs edib.
Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.