Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və fəal tələbələr Uşaq Psixonevroloji Mərkəzində müxtəlif psixonevroloji pozuntudan müalicə alan valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüşüblər.
Görüş zamanı Mərkəzin direktoru Kəmalə Talıbova bildirib ki, Mərkəzdə autizm, uşaq serebral iflici və formaları, əqli gerilik və ləngimələr, onun təzahürlərindən əziyyət çəkən uşaqlar müalicə olunurlar. Onların müalicəsi isə kompleks şəklində, yəni həkim və pedaqoji müalicə daxil olmaqla aparılır. Mərkəzdə bu sahədə dünyada tətbiq olunan müasir proqramlardan istifadə edilir. Burada ən müasir tibb və diaqnostik cihazlardan, reabilitasiya avadanlığından istifadə olunaraq, sağlamlıq imkanları məhdud uşaqlara ən yüksək səviyyədə tibbi və bərpa xidməti göstərilir.
Maliyyə və mühasibat fakültəsinin kollektivi balacaların müalicəsi ilə maraqlanıb, onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.