A

UNEC-də yeni “Ayın məzunu” layihəsinə start verilir. Layihə çərçivəsində hər ay bir UNEC məzununu tanıyacaq, onun uğur hekayəsini oxuyacaqsınız.

Sentyabr ayının məzununu qürurla təqdim edirik! 

Aydın Camadin oğlu Əliyev - 1983-cü ildə Qərbi Azərbaycanın Masis rayonunda anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsini bakalavr, 2006-cı ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Aydın Əliyev hələ tələbə ikən intellektual yarışmalarda iştirak edib və qalib olub. Həmçinin elmi konfranslarda fəal iştirak edib.

Aydın Əliyev ölkəmizdə ilk dəfə olaraq, 2012-ci ildə Amerikanın Microsoft şirkətinin “Most Valuable Professsional Award” (MVP), yəni “Ən dəyərli mütəxəssis” mükafatına layiq görülüb. Həmin ildən ardıcıl olaraq 5 il Microsoft tərəfindən Excel proqramı üzrə “MVP Award” mükafatının sahibi olub. A.Əliyev Microsoft MVP sertifikatı alan ilk azərbaycanlıdır. Dünyada indiyədək “MS Excel” proqramı üzrə “MVP Award” mükafatına cəmi 100-ə yaxın mütəxəssis layiq görülüb.

Aydın Əliyevin həyata keçirdiyi bir çox layihələr dünya miqyasında böyük maraqla qarşılanaraq, Microsoft tərəfindən rəsmi olaraq dəstəklənir.

Aydın Əliyev öz uğur hekayəsini belə danışır:

İlk iş fəaliyyətimə yerli və özəl şirkətlərin birinin maliyyə departamentində maliyyə meneceri vəzifəsində başladım. İş mühitinə qazandığımız nəzəri və praktiki biliklərin qovuşması kimi baxmaq olar. Bu inteqrasiya prosesindəki fərqliliklər bir-birini daima izləyir və zamanla dəyişib yenilənir. İş fəaliyyəti dövründə qarşılaşdığım və həllinə çalışdığım bütün məsələlər “Hədəfə doğru ən qısa yol hər zaman mövcuddur” həyat şüarımı formalaşdırmış oldu. Həllinə çalışdığım hər hansı bir məsələnin ən asan yolunun olması hər zaman nəzərimdədir. Bu şüar həm də tapılan və hətta bu gün üçün dünyada optimal həll hesab edilən üsulun belə keçici olmasına işarə edərək, daima fərqli prizmadan baxmaqla daha üstün metodların tətbiqinə ethiyacın olduğunu dəstəkləyir. Bu şüarla təcrübəmdə normal halda hətta bir neçə aylıq vaxt tələb edən rutin işlərin bir-iki saatlığa (və ya daha az) həll edilməsi adi hal kimi qəbul edilirdi.

İş mühitindəki qarşıya qoyulan məsələ və problemlərin həlli təbii olaraq, bəzən nəzəriyyədə olduğu kimi, standart fiks qaydalara tabe deyil. Çox zaman daha mürəkkəb və çevikdir.

 Əhatəmizdəki sağlam iş mühiti və peşəkar-xeyirxah əməkdaşların mövcud olduğu bir şəraitdə qarşıya çıxan bütün problemlərin həllinə asanlıqa nail olmaq mükündür. Odur ki, hər zaman bildiklərimi paylaşmağa və bilmədiklərimi isə öyrənməyə çalışmışam.

Bu günkü fəaliyyətimdə “Less meetings More Doing” şüarını dəstəkləyirəm.

 Hazırkı işlədiyim layihənin bir istiqaməti Microsoft Excel-də xüsusi menyu panellərinin hazırlanmasıdır. Bu istiqamət üzrə 2014-cü ilin ikinci yarısından çalışıram. Fəaliyyət göstərdiyim “YTP” ilə ilk tanışlığım da elə həmin vaxta təsadüf edir. Dünyanın 40-dan çox ölkəsini təmsil edən MVP-lər il ərzində milyondan artıq sualı cavablandırmaqla yanaşı, Microsoft-un 90-a yaxın texnologiyası haqda təcrübə və məlumata malikdirlər. Müəllifi olduğum “MyExcelWorld” adlı xüsusi menyu paneli ölkəmizdə ilkdi və dünyada istifadə olunan digər oxşar populyar panelləri əhəmiyyətli dərəcədə üstələyir, interfeys dili dinamikdir, Azərbaycan və ingilis dillərinə istənilən zaman çevrilir. Proqramda - Xanalar, Formullar, Mətnlər, Səhifələr və İşçi kitablarla əlaqədar müxtəlif növ qeyri-standart əməliyyatların icrası mümkündür. Əlavə olaraq da 18 funksiyanı özündə cəm edir.

“YTP”nın dəstəyi ilə 2016-cı ilin noyabr ayından “EMVP” adlı layihənin rəhbəri olaraq fəaliyyətimə davam edirəm. İş qrafikim sərbəst və eyni zamanda da planlıdır. Sərbəst vaxtımı ailəmə və yeniliklərin axtarışına (düşünməyə) sərf edirəm. Dərhal çalışmağa başlamaqdansa hədəf üzərində ətraflı düşünməyin daha vacib olduğunu hesab edirəm. Bu, çox zaman işə yarayır.

Uğurun formulunu sıralasaq, burada universitetin bizə verdiyi biliklərdən, aşıladığı bacarıqlardan başqa, qazandırdığı dostları da mütləq ilk onluqda qeyd etmək lazımdır. 

İlk iş fəaliyyətinə birgə başladığım şəxslərdən biri də UNEC məzunu Elnur Osmanovdur. O, Ümumi iqtisadiyyat fakultəsini “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr və magistr dərəcələri ilə bitirib. CAP (Certified Accounting Practitioner) sertifikatı, ACCA: DipIFR, Advanced Diploma in Accounting and Business (F1-F9) diplomlarının sahibidir. Hazırda mühasiblərin maraqla izlədiyi muhasib.az saytının adminidir. Hazırda birgə layihəmiz olan “Mühasiblər üçün trenajor” proqramını hazırlamışıq. Proqram Microsoft Exceldə xüsusi menyu paneli şəklində hazırlanıb. İstifadəçilərə bir əməliyyatın və ya müxabirləşmənin iştirak etdiyi bütün mərhələlərdə - Sınaq balansında, Baş kitabda, Dövriyyə cədvəlində, Şahmat cədvəlində və Hesab kartında nə cür əks olunmasını rahatlıqla izləyə bilməyi təmin edəcək bütün gərəkli imkanları özündə cəmləşdirir. Proqram mühasibat uçotunu öyrənmək istəyənlərin nəzəri və praktiki biliklərini effektiv şəkildə möhkəmləndirməsinə imkan verir. “Mühasiblər üçün trenajor” layihəmiz “Yeni Fikir 2017” startap müsabiqəsinin qalibi olub.

Məndən tez-tez Amerikanın dünyaca məşhur Microsoft şirkətinin təqdim etdiyi Excel proqramı üzrə “MVP Award” mükafatına layiq görülən ilk azərbaycansız, bu uğuru necə qazandınız soruşurlar. Çəkilən zəhmətin müsbət qarşılığının olacağına hər zaman inanıram. İndiyədək əldə etdiyim ən yüksək uğurlarım mənim üçün həyatın xoş sürprizi kimidir. Microsoft şirkətindən bu mükafata layiq görüldüyüm haqqında məktubu almaqla həm də ölkəmizdə ilk MVP adını da qazanmış olmuşdum. Fəxr edirəm ki, qaliblər siyahısına Azərbaycanın da adı yazıldı.Bu proqrama qoşulmaqla "Microsoft Excel" sahəsindəki professional mühitə addımladım. Kompüter və proqramlaşdırma sahəsinə marağım hələ orta məktəbdən var idi, amma bu gün proqramçı olaraq fəaliyyət göstərəcəyimi və hətta dünyada 100 nəfərdən biri olacağımı heç 10 il bundan öncə də planlaşdırmırdım.

UNEC-də aldığım təhsil gələcəkdə faydalı mütəxəssis kimi formalaşmağımda mühüm rol oynadı. Oxumaq, öyrənmək isə həmişə lazımdır. Zamanla bilik bacarığa, bacarıq isə vərdişə çevrilir. Fikrimcə, “Oxumadan da mümkündür” deyə düşünənlərin çoxu müstəqil formada təhsil almağa üstünlük verənlərdir.

UNEC tələbələrinə tövsiyə edərdim ki, universitetdə təşkil olunan tədbir, konfrans və bu kimi aktivliklərə diqqəti və davamiyyəti daha da artırsınlar.

 İşləmək həmişə var, ona görə də imkan daxilində əllərində olan şansları xüsusi dəyərləndirsinlər ki, həyatdakı mövqelərini daha düzgün və vaxtında müəyyən edə bilsinlər. Hazırda informasiya texnologiyaları əsrində yaşadığımız üçün hansı sahə üzrə ixtisaslaşmalarından asılı olmayaraq bu səhəyə xüsusi önəm vermələri məqbul sayılardı.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay