Noyabrın 12-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) CLUBRARY kitabsevərlər klubu və UNEC KİM 24/7 Kitabxanasının birgə təşkilatçılığı ilə “Ana dilinin ruhunu sözün gücünə çevirən Vətən şairi” mövzusunda Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş görüş keçirilib.
Tədbirdə Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov, Tələbə İşləri Mərkəzinin direktoru Xalidə Yusifova, Dizayn Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Məmmədova, “Dizayn” kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elfanə Qasımova, Hərbi və xüsusi şöbənin direktoru Səidə Babayeva, kitabsevərlər klubunun fəal üzvləri, UNEC-in müxtəlif fakültə və strukturlarının rəhbər və aparıcı mütəxəssisləri, eləcə də dəvətli qonaqlar iştirak ediblər.
Görüşdə çıxış edən qonaqlar arasında Azərbaycan Atatürk Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, akademik Nizami Cəfərov, Bakı Dövlət Universiteti dosenti, filologiya üzrə fəlsəfə doktoru Etibat Talıblı, Azərbaycan Respublikasının Təhsil İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, dosent Aynur Paşayeva və UNEC Humanitar Fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Cəmilə Həsənova olub. Onlar şairin zəngin ədəbi irsi, Vətənə və Ana dilinə olan dərin məhəbbəti, milli kimliyin və milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətindəki fəaliyyəti, eləcə də Azərbaycan tarixinə verdiyi töhfələr barədə çıxış ediblər.
Tədbir çərçivəsində UNEC KİM 24/7 kitabxanasının könüllüləri tərəfindən Bəxtiyar Vahabzadənin öz səsi ilə söylədiyi “Ana dilim” şeirinə hazırlanan videoçarx nümayiş etdirilib. Yaradıcılıq Mərkəzinin Bədii qiraət dərnəyinin qrup rəhbəri Turan Mirzəyev şairin “Azərbaycan – Türkiyə”, klubun üzvü Şəbnəm Məhərəmli isə “Vətən marşı” şeirini təqdim ediblər.
Qeyd edək ki, klubun rəhbəri Ziyad Ağayevin moderatorluğu ilə keçirilən bu görüş, UNEC CLUBRARY-nin dördüncü tədbiri olaraq yadda qalan məqamları və xatirələri ilə uzun müddət iştirakçıların diqqətində olacaq.