Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin, Karyera Mərkəzinin və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planı çərçivəsində tələbələr üçün “Azərbaycanın kapital bazarı ekosistemi” mövzusunda seminar keçirilib.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, UNEC-də tələbələrin nəzəri biliklərlə yanaşı praktiki bacarıqlarının inkişafına yönəlmiş bu kimi tədbirlərin vacibliyini diqqətə çatdırıb, maliyyə bazarlarının, xüsusilə də kapital bazarının inkişafının ölkə iqtisadiyyatının dayanıqlı artımında mühüm rol oynadığını söyləyib, həmçinin belə seminarların tələbələrə maliyyə sisteminin real işləmə mexanizmini anlamaq, bazar iştirakçıları ilə əlaqə qurmaq və gələcək karyera istiqamətlərini müəyyənləşdirmək üçün geniş imkanlar yaratdığını qeyd edib.
Bakı Fond Birjasının böyük biznes analitiki, UNEC məzunu Ülkər Əhmədova “Azərbaycanın kapital bazarı ekosistemi” mövzusunda geniş təqdimatla çıxış edərək ölkədə kapital bazarının formalaşma tarixindən başlayaraq struktur elementlərini, əsas iştirakçılarını (emitentlər, investorlar, broker və diler şirkətləri, klirinq və depozitar institutları) və onların qarşılıqlı fəaliyyət mexanizmini ətraflı izah edib, Azərbaycan kapital bazarının tənzimləyici çərçivəsi, Mərkəzi Bank və Bakı Fond Birjasının rolu, son illərdə həyata keçirilən rəqəmsallaşma və şəffaflığın artırılması istiqamətində islahatlar barədə məlumat verib, beynəlxalq təcrübəni nəzərə alaraq kapital bazarlarının milli iqtisadiyyatlara töhfəsini və Azərbaycanın bu sahədə atdığı addımların regional səviyyədə rəqabət qabiliyyətini necə gücləndirdiyini vurğulayıb, eyni zamanda tələbələrə səhmlər, istiqrazlar və investisiya fondları kimi alətlərin iqtisadiyyata kapital cəlb etmə imkanlarını praktiki misallarla göstərərək, bazarda iştirak perspektivləri, maliyyə savadlılığının artırılması və gələcək karyera imkanları barədə faydalı tövsiyələr təqdim edib.
Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.