Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin və Barattson Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə tələbələr üçün “MS Office proqramlarında proqramlaşdırma: VBA və AI (süni intellekt) inteqrasiyası” mövzusunda seminar keçirilib.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi müasir dövrdə proqramlaşdırma, avtomatlaşdırma və süni intellekt texnologiyalarının tətbiqinin maliyyə və mühasibatlıq sahəsində innovativ yanaşmaların formalaşdırılmasına və iş proseslərinin səmərəliliyinin artırılmasına mühüm töhfə verdiyini qeyd edib, bu kimi seminarların tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirməsinə, onların əmək bazarının tələblərinə uyğun, analitik düşüncəyə malik və rəqabətqabiliyyətli mütəxəssislər kimi formalaşmasına şərait yaratdığını bildirib.
Barattson Təlim Mərkəzinin təlimçisi Nicat Qarayev geniş təqdimatla çıxış edərək MS Office proqramlarında VBA (Visual Basic for Applications) vasitəsilə avtomatlaşdırma imkanları və süni intellekt texnologiyalarının inteqrasiyası barədə danışıb, bu yanaşmaların mühasibatlıq və maliyyə əməliyyatlarında tətbiqinə dair praktiki nümunələr təqdim edib, məlumatların avtomatik emalı, hesabatların optimallaşdırılması, təkrarlanan əməliyyatların sadələşdirilməsi və AI modellərinin ofis mühitinə inteqrasiyası kimi məsələlərə toxunaraq, tələbələrə bu biliklərdən real iş mühitində səmərəli istifadə yollarını izah edib və müasir peşəkar inkişafda rəqəmsal bacarıqların əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.