A

AZƏRTAC

Bu gün Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir.

Təbii ki, hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edir. Azərbaycanda elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət verilir. Təhsilin maddi-texniki bazası möhkəmlənir, keyfiyyəti yaxşılaşır, bu sahəyə investisiyalar qoyulur. Ölkəmizdə dövlət tərəfindən təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İlahə Həsənova söyləyib. O bildirib ki, ötən iyirmi il ərzində təhsilin təkmilləşdirilməsi istiqamətində böyük işlər görülüb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq olunması bu sahənin inkişafında yol xəritəsi rolunu oynayıb. “Məktəbəqədər təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi ilə təhsil islahatlarının daha çevik aparılması, təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün münbit şərait yaranıb və prosesin davamlılığı bu gün də təmin edilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Şübhəsiz, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan təhsil sahəsində qarşıya qoyulan məqsədlərə nail olmaq qeyri-mümkündür. Bu səbəbdən də həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilir, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənir, bütövlükdə təhsilin infrastrukturu müasirləşir.

O qeyd edib ki, gələcəyimiz olan gənclərimizin xaricdə təhsil alması üçün dövlət proqramları icra olunur. Bütün bunlar təhsilin inkişafına əhəmiyyətli dərəcədə təsir edir. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra regionun lider ölkəsi olan Azərbaycanın qarşısında yeni hədəflər dayanır. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda sürətli bərpa və quruculuq işləri aparılır. “Böyük Qayıdış” prosesinə start verilib. Bu quruculuq işləri təhsildən də yan keçmir. Çünki 30 il davam edən işğal müddətində erməni vandalizmi təhsil müəssisələrindən də yan keçməmişdi. Belə ki, işğaldan əvvəl həmin ərazilərdə ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib. Bu təhsil müəssisələri işğal dövründə yerlə-yeksan edilmişdi. Artıq təhsil müəssisələri bir-birinin ardınca bərpa olunur. Öz doğma torpaqlarına qayıdan vətəndaşlarımız müasir standartlara cavab verən yeni məktəblərdə təhsil alırlar.

“Ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra 2030-cu ilədək sosial-iqtisadi inkişafımız üçün müəyyən edilmiş milli prioritetlərin hər biri insan kapitalının və sosial rifahın inkişafına xidmət edir. Qarşıda duran məqsədlərə nail olmaq üçün Azərbaycan XXI əsrin tələblərinə uyğun təhsil siyasətinin həyata keçirilməsi ilə keyfiyyətli insan kapitalını daha da gücləndirməyi hədəfləyir. Son 20 ildə təhsilin pillə və səviyyələri üzrə inkişafı və onun əlçatanlığı, eləcə də elmin və elmi-tədqiqat potensialının müasirləşdirilməsi istiqamətində əsaslı işlər görülüb, ölkədə təhsilin bütün pillə və səviyyələri üzrə infrastruktur və məzmun islahatları həyata keçirilib, ali təhsilli vətəndaşların sayının artırılması və peşə təhsilinin əhatəsinin genişləndirilməsi məqsədilə davamlı islahatlar aparılıb. Dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə xərclərinin hər il məqsədli artımı 2003 və 2023-cü illər üçün statistik göstəricilərə münasibətdə daha aydın göstərir. Belə ki, 2003-cü ilin statistikasına əsasən, dövlət büdcəsindən təhsilə ayrılan xərclər təxminən 243 milyon manat təşkil edirdisə, 2023-cü ilin dövlət büdcəsində təhsil xərcləri 4,4 milyard manat olub. Deməli, 20 il ərzində təhsil xərcləri 18 dəfədən çox artıb.

Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir. Azərbaycanda vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsi olan təhsilə xüsusi həssaslıqla yanaşılır, təhsilin inkişafı naminə mühüm addımlar atılır. Təhsil sahəsində görülən işlər, qazanılan uğurlar növbəti illərdə də dövlətimizin daha yüksək nailiyyətlər əldə edəcəyinə təminat verir”, - deyə İlahə Həsənova vurğulayıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay