A

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) təşəbbüsü ilə ölkəmizdə artıq ikinci dəfə “İslam Maliyyə Forumu–2025” keçirilib.

Forum Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi, Azərbaycan Respublikası Mərkəzi Bankı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Türkiyə Katılım Bankalar Birliyi (TKBB), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), UNEC İslam İqtisadiyyatı və Maliyyəsi Tədqiqat Mərkəzi, MÜSİAD Azərbaycan və “Hazel” şirkətinin tərəfdaşlığı ilə baş tutub.

Tədbir dövlət himninin səsləndirilməsi və Qurani-Kərimin tilavəti ilə başlayıb. Rəsmi açılış mərasimində UNEC-in prorektoru, i.e.n., dosent Səadət Qəndilova, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, ASK prezidenti Məmməd Musayev, millət vəkili Ceyhun Məmmədov, Mərkəzi Bankın departament direktoru Rüstəm Tahirov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Türkiyə Prezidentliyi İnvestisiya və Maliyyə Ofisinin rəhbəri Dr. Tarık Akın, AMFA-nın icraçı direktoru Jalə Hacıyeva və SER sədri, i.f.d. Ruslan Atakişiyev çıxış ediblər.

Çıxışlarda İslam maliyyəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, yaşıl sərmayənin təşviqi və Azərbaycanda İslam maliyyə mexanizmlərinin inkişafı ilə bağlı yeni təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

Forumun birinci sessiyası “Azərbaycanda İslam maliyyəsinin müasir çağırışları” mövzusuna həsr olunub və i.f.d. Ruslan Atakişiyev moderatorluq edib. Sessiyada i.e.d., professor Zahid Məmmədov “İslam sərmayəsinin inkişafının əsas istiqamətləri: Qlobal çağırışlar və Azərbaycan üçün yeni imkanlar”, Dr. Tarık Akın “Türkiyə–Azərbaycan arasında Katılım Finans iş birliklərinin inkişafı”, Gürkan Yılmaz isə “İslam bankçılığında Türkiyə təcrübəsi” mövzularında çıxış ediblər.

İkinci sessiya “İslam ölkələrinin iqtisadi resursları” mövzusunda təşkil olunub. Moderator i.e.d. Aqil Əsədovun rəhbərliyi ilə keçirilən sessiyada i.f.d. Ruslan Atakişiyev “Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə yaşıl sərmayənin cəlbi” layihəsi çərçivəsində Dubay, Manama və İstanbulda keçirilmiş görüşlər barədə məlumat verib.

O, Qarabağ və Şərqi Zəngəzurun ekoloji dayanıqlı inkişafı, yaşıl enerji və innovativ sərmayə layihələrinin regionun gələcək iqtisadi strategiyasında mühüm yer tutduğunu qeyd edib. Həmçinin İslam bankçılığı üzrə ekspert Anar Yusufzadə “İslam ölkələrindən Azərbaycana investisiya cəlbi: KOB-lar üçün yeni imkanlar”, i.f.d. Vüsalə Cəfərova isə “İslam ölkələrinin bərpa olunan enerji resursları” mövzusunda təqdimatla çıxış ediblər.

Tədbirin sonunda könüllülərə sertifikatlar təqdim edilib, iştirakçılar arasında şəbəkələşmə sessiyası keçirilib.

TOP XƏBƏRLƏR