UNEC-in II tədris korpusunda Konstitusiya və Suverenlik ilinə həsr olunmuş “Doğma dil–2025” intellektual turniri təşkil olunub.
Turnir UNEC Rus İqtisad Məktəbinin Diplomatiya Təşkilatının dəstəyi ilə RİM-in direktor müavini Anar Eyyubov tərəfindən hazırlanaraq aparılıb.
3 tur və 36 sualdan ibarət yarışın məzmunu əsasən Azərbaycan tarixi, mədəniyyəti və incəsənətinə həsr edilib. Sualların bir qismi bu il yubileyləri qeyd olunan xalq şairləri Bəxtiyar Vahabzadə və Fikrət Qocanın yaradıcılığına, həmçinin digər tanınmış ədiblərimiz və sənətkarlarımızın həyat və fəaliyyətinə dair olub.
Turnirdə tələbə komandaları ilə yanaşı, ənənəyə uyğun olaraq UNEC məzunlarından formalaşmış ayrıca komanda da iştirak edib. Gərgin və maraqlı mübarizə nəticəsində iki istiqamət üzrə qaliblər müəyyənləşdirilib. Yarışların ümumi qalibi “Humayun” komandası, Tələbələr arasında qalib və “Doğma dil–yunior” kubokunun sahibi: Türk Dünyası İqtisad fakültəsinin tələbələrindən ibarət “Bravo” komandası olub.
Qalib və mükafatçılara kuboklar, kitablar və sualların mövzusuna uyğun olaraq digər hədiyyələr təqdim edilib.