Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Mühəndislik fakültəsinin tələbələri üçün informasiya resurslarına çıxış imkanlarını genişləndirmək məqsədilə “Elektron resurslardan istifadə bacarıqlarının artırılması” mövzusunda təlim keçirilib.
UNEC Əsaslı kitabxanasının müdiri Yusif Musayev təlimin əsas məqsədinin mühəndislik istiqamətində təhsil alan magistrantların sənəd-informasiya resurslarına, elmi jurnallara və elektron məlumat bazalarına çıxış bacarıqlarını inkişaf etdirmək olduğunu bildirib. O, UNEC-də tətbiq edilən rəqəmsal universitet modeli çərçivəsində müəllim və tələbə kabinetləri ilə inteqrasiya olunmuş elektron kitabxana sistemindən, eləcə də mühəndislik sahəsində aktual olan tam mətnli və analitik məlumat bazalarından istifadə imkanlarını təqdim edib.
Təlim zamanı Yusif Musayev mühəndislik elmlərinə dair beynəlxalq elmi bazalarda (IEEE Xplore, Sciencedirect və s.) axtarış üsulları, məqalələrin endirilməsi, istinadların idarə edilməsi və tədqiqat prosesində elektron resurslardan səmərəli istifadə yollarını əyani şəkildə nümayiş etdirib.
UNEC Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşı Heyran Musayeva 3 saylı tədris binasının fondunda müvafiq ixtisaslar üzrə mövcud olan ədəbiyyatlar və oxucu sorğularının cavablandırılması məqsədilə tətbiq olunan metodları haqqında təlim iştirakçılarına məlumat verib.
Sonda iştirakçıların sualları cavablandırılıb və magistrantlara elektron resurslardan istifadə ilə bağlı praktiki tövsiyələr verilib.